
Bakı. Trend:
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutunun (TBNM) inkişafında vacib amil olacaq və onun
səmərəliliyini artıracaq.
Bunu Trend-ə
“Özbəkistan Dəmir Yolları” şirkətinin idarə heyətinin birinci sədr
müavini Hikmətulla Raxmetov bu gün Bakıda keçirilən MDB Dəmir Yolu
Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində bildirib.
“Bu dəhlizi bu gün aktiv şəkildə inkişaf etdiririk.Tikinti
işləri yüksək templərlə aparılır və layihəni 2030-cu ilə qədər başa
çatdırmağı planlaşdırırıq”, – deyə o qeyd edib.
Raxmetovun sözlərinə görə, ilkin mərhələdə proqnozlaşdırılan yük
daşımaları illik 3-4 milyon ton təşkil edəcək və gələcəkdə bu
göstərici 15 milyon tona qədər artırılacaq.
“Çin, Özbəkistan və Qırğızıstanın planlaşdırdığı
yükdaşımalarının əsas yük həcmi Avropaya yönələcək”, – deyə o
bildirib.
Xatırladaq ki, 27 dekabr 2024-cü ildə Cəlalabadda
Çin–Qırğızıstan–Özbəkistan magistralının tikintisinə başlanılması
mərasimi keçirilib. Bundan əvvəl, 6 iyun 2024-cü ildə Pekində Çin
Xalq Respublikasının Hökuməti, Qırğızıstan Respublikası Nazirlər
Kabineti və Özbəkistan Hökuməti arasında layihənin irəlilədilməsi
üzrə əməkdaşlıq haqqında saziş imzalanmışdı.
