Bakı. Trend:
Süni intellekt 2040-cı ilədək qlobal iqtisadiyyata təxminən 20
trilyon dollara qədər əlavə dəyər qazandıra bilər.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin
müşaviri Rauf Nəcəfli bu gün Bakıda keçirilən “2-ci Beynəlxalq
Caspian Innovation Forum”unda deyib.
“Dövlət qurumları və özəl sektorlar tərəfindən data əsaslı
həllərə keçidin təmin edilməsi, süni intellekt həllərinin tətbiqi
üçün texnoloji mühitin təmin edilməsi məqsədilə nazirlik tərəfindən
superkompüter infrastrukturun qurulmasına başlanılıb”, – o
bildirib.
Müşavir eyni zamanda hədəflərdən də danışıb: “2030-cu ilədək
hədəfimiz aydındır: tam rəqəmsallaşdırılmış sənaye bazası, yüksək
ixtisaslı işçi qüvvəsi və transformasiya olunmuş iqtisadi sektor.
Bu istiqamətdə artıq nazirliyin tabeliyində Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən yerli
və beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanmış “Sənaye 4.0
Hazırlıq” proqramına start verilib.
Proqramın məqsədi sənaye 4.0 texnologiyalarının inteqrasiyası,
əməliyyat səmərəliliyinin artırılması və innovasiyaların təşviqi
yolu ilə yerli müəssisələrin rəqabət gücünü yüksəltmək və bununla
da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir”.
