
Bakı. Trend:
Şimal–Cənub dəhlizi üzrə Rusiya, Azərbaycan və İran arasında
vahid tarifləri nəzərdə tutan üçtərəfli saziş hazırlanır.
Trend xəbər verir
ki, bunu bu gün “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq
Belozyorov MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən
83-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz Rusiya, Azərbaycan və İran arasında Şimal–Cənub dəhlizi
üzrə vahid tarifləri nəzərdə tutan üçtərəfli saziş üzərində
işləyirik. Bu yanaşma müəyyən dövr üçün şərtlərin şəffaflığını və
tariflərin sabitliyini təmin edir, yükgöndərənlər üçün daha rahat
və proqnozlaşdırıla bilən mühit yaradır”, – deyə baş direktor qeyd
edib.
Onun sözlərinə görə, vahid tariflər üzrə saziş mühüm elementdir:
üç administrasiya müəyyən müddət ərzində sabit tarif və şərtlərə
zəmanət verir və bununla da yükgöndərənlər üçün daha əlverişli və
aydın şərait formalaşdırır.
