
Bakı. Trend:
Azərbaycan 2028-ci il yanvarın 1-dən Şimal-Cənub marşrutu üzrə
yük dövriyyəsini illik 5 milyon tona çatdırmağı planlaşdırır.
Trend xəbər
verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən
83-cü iclasında çıxışı zamanı bildirib.
Nazir xatırladıb ki, ötən il Azərbaycan və Rusiya Şimal-Cənub
beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tranzit daşımaların
inkişafı üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd dəmir
yolu infrastrukturunun mərhələli şəkildə modernləşdirilməsi və yük
dövriyyəsinin tədricən artırılmasını nəzərdə tutur.
“Misal üçün, 2028-ci il yanvarın 1-dən bu marşrut üzrə dövriyyə
səviyyəsini 5 milyon tona çatdırmağı planlaşdırırıq, gələcəkdə isə
ildə 15 milyon tonadək artırmağı hədəfləyirik”, – deyə o
bildirib.
R.Nəbiyev qeyd edib ki, dəhlizin Azərbaycan hissəsində
infrastrukturun yenilənməsi işləri fəal şəkildə davam edir – cari
ilin sonuna qədər Sumqayıt–Yalama xəttinin yenidən qurulması başa
çatdırılacaq.
