
Bakı. Trend:
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional
Akselerasiya Mərkəzinin açılış mərasimi çərçivəsində “İnnovasiya
ekosistemində imkanlar və çağırışlar” mövzusunda panel diskussiyası
baş tutub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Trend-ə verilən məlumata
görə, paneldə BTİ-nin Çindəki Qlobal Akselerasiya Mərkəzinin
nümayəndəsi Ke Vanq, Regional Akselerasiya Mərkəzinin nümayəndəsi
Ku Janq və BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin
nümayəndəsi Elvin Hacıyev çıxış ediblər.
Çıxışı zamanı Elvin Hacıyev Azərbaycan İnnovasiya Mərkəzinin
yerli ekosistemin inkişafına verdiyi əhəmiyyətli töhfələri diqqət
çəkib:
“Mərkəz bir il ərzində mövcud olmasına baxmayaraq, innovasiya
ekosistemini bir çətir altında birləşdirə bilib. Burada 200-dən çox
proqram reallaşdırılıb. BTİ akselerasiya mərkəzi şəbəkəsinə
qoşulmaqla bu fəaliyyətimizi daha da genişləndirəcək, regional və
qlobal səviyyədə mövqeyimizi gücləndirəcəyik”.
O, həmçinin bildirib ki, Bakıdan əlavə innovasiya mərkəzləri
ölkənin regionlarında da təsis edilib. Belə ki, ötən il “Sumgait
Innovation Hub” və bu il Naxçıvan İnnovasiya Mərkəzinin əsası
qoyulub. Mərkəzlərdə innovatorların fəaliyyəti üçün hər cür şərait
yaradılıb, elmi və prototipləşdirmə laboratoriyaları istifadəyə
verilib, aparıcı ekspertlərin mentorluğu ilə təlim və vörkşoplar
keçirilib.
Çini təmsil edən ekspertlər öz ölkələrinin spesifik iqtisadi
modeli ilə uyğunluq təşkil edən innovasiya ekosisteminin
xüsusiyyətlərindən bəhs ediblər. BTİ-nin Çindəki Qlobal
Akselerasiya Mərkəzinin nümayəndəsi Ke Vanq akselerasiya
mərkəzlərinin “rəqəmsal uçurum”un azaldılmasında və inklüziv
ekosistemin formalaşmasında oynadığı rolu vurğulayıb.
BTİ-nin Çindəki Regional Akselerasiya Mərkəzinin nümayəndəsi Ku
Janq isə qeyd edib ki, təmsil etdiyi Mərkəz BRICS ölkələrində
rəqəmsal transformasiya, innovasiya və sahibkarlıq təşəbbüslərinə
fokuslanır. Çıxışı zamanı o bildirib ki, süni intellekt və robot
texnologiyalarının sənaye və cəmiyyət üçün yaratdığı böyük
imkanların fonunda uyğun kadr potensialı və maliyyələşmə kimi
çağırışların da aktuallığı artmaqdadır.
