
Bakı. Trend:
Pakistanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbulu
edib, görüşdə ikitərəfli münasibətlərin prioritet istiqamətləri
müzakirə olunub.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat
verilib.
Qeyd olunub ki, Pakistan İslam Respublikasının Baş naziri
Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan iqtisadiyyat naziri
Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.
Qəbul zamanı vurğulanıb ki, Azərbaycan-Pakistan strateji
tərəfdaşlığı müxtəlif istiqamətlər üzrə intensiv inkişaf edir və
iqtisadi əməkdaşlığa mühüm töhfələr verir. Yüksək səviyyəli
qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, imzalanan
sənədlər hər iki ölkə üçün faydalı işbirliyi baxımından mühüm önəm
kəsb edir. Bununla yanaşı, investisiya üzrə birgə fəaliyyət, eləcə
də digər iqtisadi istiqamətlər üzrə əməkdaşlıq üçün geniş potensial
var.
Tərəflər ikitərəfli münasibətlərin prioritet istiqamətləri və
biznes əlaqələrinin şaxələndirilməsi barədə fikir mübadiləsi
aparıblar.
