
Bakı. Trend:
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Trend xəbər verir ki, AFFA-nın prezidenti
Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə A milli komandanın dünya çempionatının seçmə mərhələsi
çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan
Abbasovun hesabatı dinlənilib. Milli komandanın çıxışı ətraflı
müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi
aparılıb.
Ardından Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi
FIFA U-20 Dünya Çempionatı – 2027-yə hazırlıq barədə AFFA-nın
icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. Həmçinin
hazırlıq prosesi ilə bağlı görüləcək işlər və planlar müzakirə
edilib.
Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimliklə
bağlı ümumi məlumat verib. Onun təqdimatı dinlənilib, hakimlik
sahəsində mövcud vəziyyət nəzərdən keçirilib və bir sıra struktur
dəyşiklikləri qəbul edilib. Dəyişikliyə əsasən, Hakimlər
Komitəsinin sədri Frank De Bleker bundan sonra Beynəlxalq Hakimlik
və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini
icra edəcək.
İclasda Hakimlər Komitəsinin sədri vəzifəsinə Rəhim Həsənovun
namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil
qərarı ilə təsdiqlənib.
Bundan başqa, Zaur Axundovun AFFA İcraiyyə Komitəsinin
üzvlüyündən öz xahişi ilə ayrılmaqla bağlı ərizəsi qəbul
edilib.
AFFA İntizam Komitəsində vakant yerlərə yeni namizədlər olan
Zümrüd Ağayeva və Murad Məmmədov isə təsdiqlənib.
Eyni zamanda 2026/2027-ci illər mövsümü üçün lisenziyalaşdırma
qaydaları təsdiqlənib.
