Bakı. Trend:
Noyabrın 25-də Nayrobidə akkreditə olunmuş beynəlxalq
təşkilatlar və diplomatik korpus nümayəndələri üçün brifinq
keçirilib.
Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura
Komitəsindən məlumat verilib.
Bildirilib ki, iştirakçılara 17-22 may 2026-cı il tarixində Bakı
şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü
sessiyası (WUF13) ilə bağlı hazırlıq işləri və ümumi fəaliyyət
planı barədə məlumat verilib.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının
3-cü sessiyası ilə paralel keçirilən bu brifinqin məqsədi
diplomatik korpuslar, Azərbaycan Hökuməti və UN-Habitat arasında
həm WUF13, həm də onun proqnozlaşdırılan nəticələrinə dəstək
göstərmək məqsədilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.
Azərbaycanın Respublikasının Keniya və Konqoda fövqəladə və
səlahiyyətli səfiri, BMT-nin Nayrobidə daimi nümayəndəsi Sultan
Hacıyevin moderatorluğu ilə keçirilən brifinq zamanı UN-Habitat-ın
icraçı direktoru Anaklaudia Rossbax və Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar
Quliyev həm Forumda fəal iştirak, həm də milli və institusional
tərəfdaşların səfərbər olunmasına dəstək göstərilməsi ilə bağlı
çağırış ediblər.
Anar Quliyev prosesdə tərəflərin əməkdaşlıqda iştirakının
önəmini qeyd edib, həmkarlarını 2026-cı ildə Bakıda keçiriləcək
qlobal şəhərsalma tədbirində şəhər sakinlərinin həyatını
yaxşılaşdıracaq həllərin hazırlanmasında fəal iştiraka çağırıb.
