Kəlbəcər. Trend:
2025-ci il 25 noyabr tarixində, Azərbaycan Respublikası
Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən təsis
olunmuş Kəlbəcər Şəhəri Günü qeyd edilib. Bu, işğaldan azad
olunduqdan sonra şəhərdə keçirilən ilk Şəhər Günüdür.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, tədbir Kəlbəcər rayonunda
Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin,
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə
keçirilib.
Şəhər gününün qeyd edilməsi Kəlbəcərin zəngin mədəniyyətinin
təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı,
illərlə həsrət qaldıqları yurdun yenidən canlanmasını görən və
doğma torpaqlarına geri qayıtmış sakinlər üçün həm rəmzi, həm də
dərin mənəvi məna daşıyır.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş
şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Uşaqlar üçün təşkil edilən mədəni proqram və Gəncə Dövlət
Teatrının “Tıq-tıq xanım” tamaşası onların marağına səbəb olmaqla
yanaşı, tədbirə xüsusi rəng qatıb.
Şəhər ərazisində qurulan sərgi zonasında “Kəlbəcər – obyektivdən
tarixə” fotosərgisi, “Kəlbəcərin palitrası” adlı rəsm sərgisi,
rəssamların iştirakı ilə keçirilən ustad dərsləri, eləcə də
bölgənin qədim aşıq sənətini təmsil edən aşıqların ustad dərsləri
ziyarətçilərə təqdim olunub.
Şəhər Günündə ictimai-siyasi xadimlər, Kəlbəcər ziyalıları,
hərbiçilər və mədəniyyət xadimləri Kəlbəcərin yenidən qurulan
ictimai-mədəni həyatına həmrəylik və dəstək nümayiş etdiriblər.
Bayram çərçivəsində ziyarətçilər üçün qida və istirahət guşəsi
fəaliyyət göstərib. Burada qonaqlara Kəlbəcərin milli təamları,
bölgənin dağ bitkilərindən dəmlənmiş çayları və keyfiyyəti ilə
seçilən Kəlbəcər balı təqdim olunub.
Sonda möhtəşəm atəşfəşanlıq və müasir lazer şousu bayrama xüsusi
təntənə qatıb.
Tədbirin gələcək illərdə də ənənəvi təşkili nəzərdə tutulur.
