Orta ümumtəhsil müəssisələrinə rəhbərlik edənlərin şəxsi keyfiyyət və bacarıqları tez – tez müzakirə edilərək, gündəmə gətirilir. Orta ümumtəhsil müəssisəsinin inkişafındakı kiçik geriləmə belə mütləq şəkildə direktorun fəaliyyəti ilə əlaqələndirilir.
Bəs, direktorların orta ümumtəhsil müəssisələrinin inkişafına mane olan hansı meyarları köklü şəkildə dəyişmələrinə ehtiyac var?
“Bircə sözlə həll olunabilən məsələni problemə çeviriblər”
“Rubin.az” xəbər verir ki,mövzu ilə bağlı AzEdu.az-a danışan Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov bildirib ki, direktorların fəaliyyətində ümumi problemlər çoxdur:
“Məsələn, məktəb sənədlərinin işlənməsi qaydasını bilməyən direktorlar var. Bəzilərinin ümumi idarəetməsi, yaşlı nəslin isə İKT bacarıqları bir qədər zəifdir. Bəziləri vətəndaşla normal ünsiyyət qura bilmirlər. Elə dövrdür ki, Təhsil Nazirliyinin ən yüksək məmurlarına qədər hər kəs vətəndaşın məmnunluğu üçün əlindən gələni edir. Vətəndaş məmnunluğu bizim üçün əsas prioritetlərdəndir.
Amma gəlin, reallığa baxaq. Yerlərdə məktəb direktorları var ki, hər hansı kiçik, bir sözlə həll olunması mümkün məsələni yubadırlar. Sonda nazirliyin özündən bir məktub gəlir. Aydın olur ki, bircə sözlə həll olunabilən məsələni problemə çeviriblər. Bunu məktəb rəhbərinin səriştəsizliyi ilə əlaqələndirirəm. Yüksək eqoya da bağlamaq mümkündür. Problemlər çox olsa da, əlimizdən gələn qədər həll etməyə çalışırıq.
Məktəb sənədlərinin işlənməsi, ümumi idarəetmə və İKT bacarıqları ilə bağlı təlimlər hazırlanacaq. Direktorların bu təlimlərdə iştirakını çox istərdim”.
“Belələri direktor ərizələrinə öz əlləri ilə xitam verməyə borcludurlar”
Rəşad müəllim direktorları yenilik və dəyişikliyə öyrətmək çabalarından da söz açıb:
“Sonda bu dəyişikliyə uymayanlara sistemə uyğun olmadıqlarını başa salmağa məcburuq. Belələri direktor ərizələrinə özləri öz əlləri ilə xitam verməyə borcludurlar.
Təhsil böyük sahədir, xeyli prizmaları var. Əsas olan isə valideyn, müəllim, şagird münasibətləridir. Bizdə valideynin məktəbə münasibəti çox zəifdir. Məktəblə maraqlanan valideynlərin əksəriyyəti ziyalı ailənin nümayəndələridir. Ümumtəhsil müəssisəsi ilə az – çox onlar ünsiyyət qururlar.
Problemlərdən biri valideynlərin məktəbə münasibətinin zəif olmasıdır. Bunun da əsas səbəbkarı elə bəzi məktəb rəhbərləridir. Hətta bəzi müəllimlər də cavabdehdirlər. Çünki onlar da bu istiqamətdə bəzi işlər görməlidirlər. Valideyn məkətbə cəlb olunsa, bu, övladının tərbiyəsi, davamiyyəti, göstəricilərinə də təsir göstərəcək”.
“Təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik…”
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov isə vurğulayıb ki, “Məktəbdə formalaşan iş mühiti, təlim – tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktor və onun peşəkarlığından asılıdır:
“Əbəs yerə deyil ki, direktor sözü latınca idarəedici sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Azərbaycanda direktor «müəssisə, idarə yaxud məktəb müdiri” kimi izah edilir.
Direktor məktəbin rəhbəri, təlim – tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir – birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir. Məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı ilə fərqlənməlidir.
O, təhsilə aid olan hüquqi-normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. Kollektivdəki işçilərin əmək funksiyasını və hüquqlarını bilmək xüsusi ilə önəmlidir”.
“Özlərinin də müəllim olduqlarını unutmasınlar”
Salyan rayon Salman Cəfər adına Yenikənd kənd tam orta məktəbinin Fizik tərbiyə müəllimi Seymur İbrahimovun fikrincə, direktor özü də bir müəllim olduğunu unutmamalıdır:
“Onlar 5 il pedaqpoji təcrübədən sonra imtahan verərək direktor adına layiq görülürlər. Bəzi direktorlar bu statusu aldıqdan sonra məktəbi avtoritar rejimlə idarə etməyə, müəllimləri əzməyə başlayırlar. İstərdim ki, özlərinin də müəllim olduqlarını unutmasınlar, müəllimyönümlü olsunlar. Hər zaman haqlı müəllimin tərəfini saxlamağı bacarsınlar.
Direktor şagirdləri sevməlidir ki, onların gözündə hörməti olsun. Məktəbli direktoru avtoritar xarakterli müəllim kimi tanımamalıdır. Belə olsa, hər kəsin yaddaşında qaniçən insan obrazında qala bilər. Amma kollektivi sevsə, qarşılıqlı hörmət yaranar. Bu halda məktəbi idarə etmək direktor üçün də asan olar. Fikrimcə, məktəb rəhbəri psixologiyanı da dərindən bilməlidir. İstərdim, imtahan verməzdən öncə psixologiyanı öyrənsinlər”.