Hər bir dövlətin hüquq sistemində amnistiya və əfv aktları dövlətin mənəvi gücünün və humanist mahiyyətinin göstəricisi hesab olunur. Azərbaycan Respublikası bu sahədə dünya miqyasında mütərəqqi nümunələr yaradan ölkələrdən biridir. Prezident cənab İlham Əliyevin 15 dekabr 2025-ci il tarixində irəli sürdüyü amnistiya təşəbbüsü, əhatə dairəsi və statistik göstəricilərinə görə müstəqil Azərbaycan tarixinin ən nəhəng humanizm aktı kimi səciyyələndirilir. Bu sənəd təkcə hüquqi statistikadan ibarət deyil; o, minlərlə ailənin sevincinə, cəmiyyətdə sosial ədalətin bərqərar olmasına və dövlət-vətəndaş həmrəyliyinin yeni mərhələsinə keçidi simvolizə edir.
Azərbaycanda sistematik humanizm siyasətinin təməli Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulmuşdur. Ulu Öndər hesab edirdi ki, səhv etmiş, lakin islah yoluna qədəm qoymuş vətəndaşa qarşı mərhəmət göstərmək dövlətin böyüklüyüdür. Onun rəhbərliyi dövründə amnistiya və əfv institutları dövlət idarəçiliyinin ayrılmaz və sistemli hissəsinə çevrildi. 1995-ci ildən bəri ölkədə ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu sənədlər 130 mindən çox insanı əhatə edib. Məhz Ulu Öndərin uzaqgörənliyi sayəsində Azərbaycan post-sovet məkanında cinayət-hüquq siyasətini sürətlə humanitarlaşdıran lider ölkəyə çevrilmişdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində xeyirxahlıq və insanpərvərlik hər zaman ön plandadır. Mehriban xanım parlamentdə təmsil olunduğu müddətdə amnistiya institutunun tətbiqi sahəsində ardıcıl təşəbbüslərlə çıxış edərək, bu prosesin ictimai dəstəyini formalaşdırmışdır. Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə reallaşan amnistiya aktları minlərlə məhkumun, xüsusilə də qadınların, gənclərin və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına yol açmışdır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də bu humanist siyasətin mənəvi dayaqlarını gücləndirərək, azadlığa çıxan şəxslərin cəmiyyətdə öz yerini tapmasına mühüm töhfələr verir.
Cənab Prezident İlham Əliyevin builki təşəbbüsü bütün əvvəlki rekordları geridə qoyur. Proqnozlara əsasən, amnistiya aktı ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəkdir. Statistik mənzərə göstərir ki:
- 5 mindən çox məhkum azadlıqdan məhrum etmə cəzasından tamamilə azad ediləcək.
- 3 mindən artıq şəxsin cəzasının çəkilməmiş hissəsi müəyyən dərəcədə azaldılacaq.
- 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından azad olunacaq.
- 4 minə yaxın məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (cərimə, islah işləri və s.) azad ediləcək.
- Mindən çox şəxs isə birbaşa cinayət məsuliyyətindən azad ediləcəkdir.
Bu nəhəng miqyas Azərbaycan dövlətinin daxili sabitliyinin və dövlət-xalq birliyinin sarsılmazlığının sübutudur.
Prezident cənab İlham Əliyevin bu addımı göstərir ki, Azərbaycan dövləti nə qədər güclüdürsə, bir o qədər də mərhəmətlidir. Ulu Öndərin irsi, Mehriban xanımın şəfqəti və Prezidentin qətiyyəti birləşərək Azərbaycanın sarsılmaz dövlətçilik ənənələrini formalaşdırır. Bu amnistiya hər bir vətəndaş üçün dövlətin ali qayğısının təzahürüdür.
Xəyalə Əzizova
Suraxanı rayonu, Əmi Məmmədov adına 101 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsin direktoru
