Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suveren hüquqlarının qorunması və müstəqil siyasət yürütməsi getdikcə daha mürəkkəb xarakter alır. Xüsusilə “güc qaydası”nın ön plana çıxdığı yeni erada, bəzi beynəlxalq təşkilatların və parlament strukturlarının ayrı-ayrı dövlətlərə təzyiq mexanizmi kimi istifadə edilməsi halları artmaqdadır. Azərbaycanın Avropa Parlamenti (AP) və Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərində yaranmış hazırkı vəziyyət bu qlobal tendensiyanın ən bariz nümunələrindən biridir.
Prezident İlham Əliyevin 2026-cı ilin yanvarında Davosda qeyd etdiyi kimi, Azərbaycan artıq uzun illərdir ki, bəzi Avropa təsisatlarının daimi və sistemli tənqidləri ilə üzləşir. Lakin bu tənqidlərin obyektiv hüquqi əsaslardan uzaq olması, onların arxasında dayanan həqiqi səbəbləri üzə çıxarır. Azərbaycanın müstəqil xarici siyasətini, xüsusilə ərazi bütövlüyünü öz gücü hesabına bərpa etməsini həzm edə bilməyən xüsusi maraq qrupları və lobbi təşkilatları bu parlament strukturlarını siyasi alətə çevirmişlər.
Xüsusilə erməni lobbisinin və onlara yaxın olan bəzi “neo-müstəmləkəçi” təfəkkürlü qüvvələrin Avropa Parlamentindəki fəaliyyəti Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul edilməsində həlledici rol oynayır. Bu qüvvələr Azərbaycanın regionda artan nüfuzunu və enerji sahəsindəki strateji müstəqilliyini öz maraqları üçün təhdid kimi görürlər.
Rəsmi Bakının bu təzyiqlərə cavabı olduqca konkret və strateji xarakter daşıyır: Reaksiya verməmək və qeyri-konstruktiv strukturlarla əməkdaşlığı dayandırmaq. Azərbaycan dövləti artıq uzun illərdir ki, Avropa Parlamenti və AŞPA ilə istənilən növ siyasi dialoqu dondurub. Bu, zəiflik deyil, əksinə, özünəinamın və milli ləyaqətin göstəricisidir. Əgər bir qurum beynəlxalq hüquq normalarını kənara qoyaraq yalnız qərəzli siyasi sifarişləri icra edirsə, onunla aparılan müzakirələr əhəmiyyətini itirir. Prezidentin ifadə etdiyi kimi, Azərbaycan artıq bu tənqidlərə reaksiya vermir, çünki bu qurumların qərarları ölkənin daxili və xarici siyasətinə heç bir real təsir göstərmək gücündə deyil.
Bu yanaşma göstərir ki, Azərbaycan üçün real iş və qarşılıqlı maraqlar, mənasız siyasi bəyanatlardan qat-qat üstündür. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir və bu əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.
Azərbaycanın Avropa təsisatları ilə münasibətlərdə nümayiş etdirdiyi duruş, müasir beynəlxalq sistemdə milli maraqların necə qorunmalı olduğunun dərsidir. Lobbi təzyiqlərinə və qərəzli kampaniyalara boyun əyməyən Bakı, öz yolunu beynəlxalq hüquq və xalqın maraqları üzərində qurur. “Güc qaydası”nın hakim olduğu yeni dünyada, Azərbaycan sübut edir ki, əsl suverenlik xarici diktələrə yox, milli iradəyə söykənməkdir.
Namiq İbadov
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin direktoru
