
Azərbaycan zəngin tarixə, qədim irsə və mədəniyyətə malikdir. Bu zəngin mədəniyyətin ayrılmaz parçası olan Novruz bayramı da xalqımızın dəyərlərindən biri kimi əsrlərdir qorunub saxlanılır. Qədim zamanlardan etibarən, Şərq ölkələrində olduğu kimi, ölkəmizdə də yazın canlanması, təbiətin yenilənməsi ilə əlaqədar olaraq müxtəlif şənlik və mərasimlər qeyd olunub. Bu bayram digər türk mənşəli xalqlar arasında da geniş şəkildə vüsət alıb. Novruz bayramının mənşəyi qədimdir. Bu səbəbdən, 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən maddi-mədəni irs siyahısına daxil edilmiş, BMT Baş Assambleyasının 64-cü iclasında 21 mart tarixi “Beynəlxalq Novruz günü” elan edilmişdir.
Novruz – “yeni gün” deməkdir. Novruzdan əvvəlki 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi yer verilir və bu çərşənbələrin hər biri simvolik məna daşıyır. Qədim insanlara görə kainat 4 ünsürdən – su, od, torpaq və havadan yaranıb. Ona görə də hər il günün bərabərləşməsindən əvvəl 4 çərşənbə qeyd olunur. Novruz bayramı özündə milli folklorun bütün çalarlarını, bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir, eyni zamanda, sülhü, tolerantlığı tərənnüm edir. Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin bərpası və qorunub saxlanması istiqamətində ardıcıl olaraq dövlət siyasətini formalaşdırmaqla qədim bayramlarımızı bərpa etmiş, onlara ümummilli bayram statusu vermişdir. Məhz bundan sonra Novruz bayramı xalq arasında daha geniş qeyd edilməyə başladı, azərbaycançılıq ideologiyası baxımından yüksək dəyərləndirildi. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.” Cənab prezidentin də Novruz şənliklərində iştirakı, hər il bayram ərəfəsində yüzlərlə ailəni sevindirməsi hər zaman xalqın böyük sevincinə səbəb olub. Heydər Əliyev siyasətini Prezident İlham Əliyevin uğurla inkişaf etdirməsi də öz bəhrəsini verdi. Azərbaycanın zəngin mədəni dəyərlərini qlobal dünyaya tam və bütöv şəkildə təqdim edilməklə daha böyük uğurlara imza atıldı.
Azərbaycan xalqı tarixən sevincinə də, kədərinə də sahib çıxmağı bacaran xalq olub. Xalqımız illərdir qəlbində torpaq, vətən həsrəti ilə yaşasa da, hər zaman bir gün işğal altında olan yurd yerlərimizə qayıdacağına, orada bayram tonqallarının alovlanacağına qəlbən inanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ulu öndərin dediyi “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik” fikrini uzaqgörən siyasətçi, cənab prezident İlham Əliyev reallığa çevirdi və 18 mart 2024-cü ildə Xankəndində Novruz təbrikində bildirdi ki, “Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq.”
İkinci Qarabağ müharibəsi və onun nəticələri Cənubi Qafqazın geosiyasi mənzərəsini tamamilə dəyişdi. Azərbaycan bu gün sabit, güclü dövlətçilik təfəkkürünü mənimsəmiş dövlətdir və heç nə onu hədəflərindən, orbitindən yayındıra bilməz. Bu, xalq və dövlətin birliyindən doğan bir gücdür. Prezident İlham Əliyev 20 mart 2021-ci il tarixində qədim Şuşamızdan Novruz təbrikini çatdırarkən qeyd etdi ki, “Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik.” Beləliklə, xalq və rəhbər həmrəyliyi nəticəsində Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibədən əvvəl də, sonra da ölkəmizdə davamlı olaraq bərpa-quruculuq işləri aparılıb. 2007-ci ildə Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası başlamışdır. Prezident İlham Əliyev 20 mart 2022-ci ildə azad Suqovuşanda Novruz təbrikində qeyd etmişdir ki, “Abadlıq və quruculuq işləri Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır.” Bu gün ölkəmiz durmadan inkişaf edir, sürətli inkişaf, sabitlik, rifah halındadır və cənab prezidentin təbirincə desək, “Bu gün biz qurub-yaradırıq.”
Azərbaycanın folklor, musiqi və təsviri sənət əsərlərində də Novruz adət-ənənələri geniş və hərtərəfli şəkildə təzahürünü tapıb. Bayramın diqqəti cəlb edən, el dilindən və məişətindən süzülüb bu günümüzədək gələn ənənələri Azərbaycan incəsənətində də sevilərək müraciət edilən və əks olunan ən maraqlı motivlərdəndir və bir miras kimi gələcək nəsillərə qorunaraq ötürülür.
Bu gün bütöv Azərbaycanın qədim torpaqlarında, Qarabağda, Şuşada, Xankəndində zəfər tonqalları yanır. Bu, tarixi ədalətin bərqərar olmasının təntənəsidir. Bu, uzaqgörən rəhbər ətrafında dəmir yumruq kimi birləşən bir xalqın qələbəsidir. Azərbaycan müstəqil, azad, qədim bir diyar kimi bundan sonra da hər zaman ənənələrinə, milli-mənəvi dəyərlərinə sahib çıxacaq, işğaldan azad olunmuş abad yurd yerlərimizdə hər zaman bayram, sevinc əhval-ruhiyyəsi hökm sürəcəkdir.
Nərminə İsmayılova
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin Uşaq Birliyi Rəhbəri