Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur. 15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmişdir. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Çoxəsrlik tarixi, qədim dövlətçilik ənənələri, zəngin mədəniyyət nümunələri, multikultural cəmiyyəti ilə dünya sivilizasiyasına töhfələr bəxş edən Azərbaycan dövləti həm ulu keçmişi, həm də təbii sərvətləri, zənginlikləri ilə şöhrət tapmış məmləkətdir. Göz oxşayan meşələri, dağları, şəfalı otları və çiçəkləri oranı ziyarət edən hər kəs üçün bir məlhəmdir. Sanki insanın yarasını sağaldan, gümrah edən, düşüncələrini mavi səması tək aydınlaşdıran, bərraq edən Kəlbəcər bu gün yenidən doğulan, boy atan, addımlayan körpə nəfəsi tək saflaşır, durulur və əsl sakinlərini – Azərbaycan xalqının oğul və qızlarını, ağsaqqallarını, ağbirçəklərini, müdriklərini, bir sözlə hər kəsi qoynunda dincəlməyə və ilahi nemətlərdən zövq almağa səsləyir.
Nahaq yerə Kəlbəcəri “çay üstündə qala” adlandırmayıb ulularımız. Sıldırım qayalar üzərində bərqərar olan Vətənin bu əsrarəngiz bölgəsi ilahi dinləri bir araya gətirən qədim monastırları ilə məşhurlaşmışdır. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Azərbaycan silahlı qüvvələri tərəfindən tarixin dərinliklərinə gömülən Kəlbəcərin 2 aprel 1993-cü il işğalı, 27 ildən sonra, 15 noyabr 2020-ci ildə həqiqi sahiblərinə qaytarılan digər yurdlarımız kimi, cənnət məkan Vətən torpağı hazırda dövlət tərəfindən dirçəldilir. 1 may 2024-cü il tarixli “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən tikintik-quruculuq işləri sürətli şəkildə davam etdirilir. Mövcud qanun Kəlbəcərdə yeni infrastruktur layihələrin gerçəkləşməsinə və investisiya mühitinin formalaşmasına geniş imkan açır.
Azərbaycan ərazisində aparılan quruculuq işlərinin məntiqi davamı kimi gözəl Kəlbəcərlə paralel Şərqi Zəngəzur iqtisadi rayonu dirçəlib canlanacaq. Vətən torpağı inkişaf etmiş dövlətlərin sıralarını genişləndirəcək. Bunun adı tarix və müasirlikdir. Hər iki dəyər bir arada Kəlbəcəri qoruyub gələcək nəsillərə çatdırmaq əzmini gücləndirəcək!
Fuad Rəhimov
Yeni Suraxanı bələdiyyəsi sədrinin vəzifəsini müvəqqəti icra edən