Qarabağ yaylasının cənub-şərqində yerləşən, Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan rayonları ilə həmsərhəd olan Qubadlı rayonu 802 kvadrat kilometri əhatə edir. Rayonun əksər kəndləri Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Buna görə də təbiəti zəngin, torpağı bərəkətlidir.
İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Təbii dərman bitkiləri ilə zəngin olan rayonda mişar daşı yatağı, yəşəm yatağı, əhəng daşı yataqları, o cümlədən qum-gil yatağı, əqiq yatağı mövcuddur. Bu bərəkətli torpaqlarda uzun illər üzüm, tütün, taxıl, bostan məhsulları becərilmiş, əhali heyvadarlıqla məşğul olmuşdur. Elə əsas əkin sahələri də Bərgüşad və Həkəri çaylarının vadisində, Gəyən və Yazı düzlərində yerləşirdi.
Təəssüf ki, uzun sürən müharibə nəticəsində 1993-cü il avqustun 31-də Qubadlı rayonu erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. Nəticədə 29997 nəfər ata-baba yurdundan didərgin düşmüş, minlərlə bina dağıdılmış, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü yararsız vəziyyətə salınmışdır.
Cenevre konvensiyalarına görə işğal edilmiş torpaqlarda məskunlaşmanın cinayət hesab olunmasına baxmayaraq xaricdən gələn ermənilər Qubadlıda qanunsuz şəkildə yerləşməyə başladılar. Bu və bunun kimi səbəblər müharibəni qaçınılmaz edirdi.
27 sentyabr 2020-ci ildə başlayan “Dəmir yumruq” əməliyyatı üçün Qubadlının işğaldan azad edilməsi dönüş nöqtəsi idi. Güclü istehkamların qurulduğu rayonun yüksəkliklərindən düşmən əsgərləri hərbçilərimizə dayanmadan atəş açırdılar. Ona görə məqsəd ilk öncə yüksəkliklərin geri alınması idi. Bu, yüksək peşəkarlıq, fədakarlıq tələb edirdi. Bütün çətinliklərə sinə gərən ordumuz oktyabrın 25-də rayonu düşmən qüvvələrindən təmizlədi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə bu tarix Qubadlı Şəhəri Günü kimi müəyyən olunmuşdur. 15209 hərbi qulluqçu şücaət və qəhrəmanlığına görə 26 noyabr 2020-ci ildə təsis edilən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu.
Hal-hazırda bütün azad edilmiş torpaqlarımızda olduğu kimi Qubadlıda da sürətlə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Artıq burada 7 yarımstansiya inşa olunub. İşğala qədər bölgədə enerji istehlakı 12 meqavata bərabər idi. Lakin yeni infrastruktur layihəsinə əsasən inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və bu, iki dəfə artırıla bilər. Bölgədə əsası qoyulan layihələrdən biri də Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisidir. Bu, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında misilsiz rol oynayacaq. Prezident İlham Əliyevin 5 sentyabr 2023-cü ildə imzaladığı “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamı da bölgədə aparılan quruculuq işlərinə nümunə ola bilər. Rayonun inkişafına mane olan ünsürləri aradan qaldırmaq, bölgədə əmin-amanlığı təmin etmək məqsədilə 27 oktyabr 2021-ci ildə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılmışdır.
Müzəffər Ali Baş Komandan 23 dekabr 2020-ci ildə Qubadlıya rayonuna səfər etmiş, şanlı Azərbaycan bayrağını burada dalğalandırmışdır.
25 oktyabr 2021-ci ildə isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olmuş, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun təməlqoyma mərasimində iştirak etmişlər. Elə həmin gün ölkə başçısı Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, bölgədəki vəziyyətlə tanış olmuşdur.
Prezident İlham Əliyev işğaldan azad edilən əraziləri daim diqqət mərkəzində saxlamış, 2022-ci ildə də bölgədə səfərdə olmuşdur. Ölkə başçısı Qubadlıda şəxsən Zabuxçay və Bərgüşadçay su anbarlarının layihəsi ilə tanış olmuşdur. 1 il sonra – 4 may 2023-cü ildə rayonda səfərdə olan prezident İlham Əliyev burada ilk yaşayış məhəlləsinin, 600 şagird yerlik tam orta məktəbin, və Mərkəzi xəstəxanın təməlqoyma mərasimində iştirak etmişdir.
Əslən Qubadlıdan olan və doğma yurdu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Milli Qəhrəman Şükür Həmidov və onun silahdaşları sayəsində bu gün Qubadlı öz doğma sakinlərinə qovuşub. Azərbaycan xalqı, indiki və gələcək nəsillər şəhidlərin qanı, canı bahasına işğaldan azad etdiyi bu torpaqları daim qoruyacaq, onun çiçəklənməsi və dirçəlməsi üçün əlindən gələni əsirgəməyəcək.
Rahilə Hüseyn
Suraxanı rayonu, D. Məmmədzadə adına 232 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi