Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları növbəti dəfə dilbər guşəmiz Qarabağımıza səfər etdi. Prezident bununla göstərdi ki, o Azərbaycanın ərazi bütövlüyünün bərpasına, vətənimizin problemlərinə nə qədər böyük önəm verir.
4 oktyabr dövlət başçımız tərəfindən Cəbrayılın azad olunması günü elan edilmişdir. İşğaldan azad edilmiş rayonlarımızın bu tarixlərinin qeyd edilməsini ənənə halına almışdır.
Cəbrayılda çıxışı zamanı prezident Cəbrayılın azad edilməsinin böyük əhəmiyyətini vurğulamışdır. Cəbrayıl ilk azad edilmiş şəhərimiz olmuşdur. Böyük qəhrəmanlıq nümayiş etdirmiş ordumuzun bu şəhərimizi azad etməsi müharibənin gedişinə böyük təsir göstərib. Belə ki, Cəbrayılın ardınca Hadrut, ardınca Füzuli, Zəngilan, Qubadlı rayonları, Laçının strateji kəndləri və sonda Ermənistanın diz çökməsi ilə nəticələnən Şuşa əməliyyatı. Yəni Cəbrayıl qələbəsi bu zəfərin məhz başlanğıcı olmuşdur. İşğal dövründə Ermənistanın özbaşınalığına, beynəlxalq hüququ pozmasına göz yuman, işğalına haqq azandıran Qərb, Azərbaycanın haqq işi uğrunda mübarizəsində qarşımızı almağa çalışdı. Lakin prezidentimiz öz mətinliyi, haqq işimizdən dönməzliyi ilə nəinki geri addım atmadı, əksinə daha uca tribunalardan mənsub olduğu xalqının ədalətli mübarizəsinə başçılıq etdi
Dövlət başçısı tək torpaqlarımızın azad edilməsi uğrunda xalqımızın, ordumuzun mübarizəsinə başçılıq etməklə kifayətlənmədi. O, həm də azad edilmiş torpaqlarımızda tikinci quruculuq işləri ilə şəxsən maraqlandı və lazımı tapşırıqları verdi. Minalardan təmizləmə bu işlərin başlanğıcı idi. Prezidentin qeyd etdiyi kimi dünyanın heç bir yerində hər hansı bir dövlət müharibədən dərhal sonra bu sürətlə quruculuq işləri aparmamışdır. Bir tarixçi olaraq qeyd etmək istəyirəm ki, keçmiş SSRİ kimi güclü fövqəldövlət vaxtilə ərazisində quruculuq işlərinə böyük çətinliklərlə başlamışdır. Prezident Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqları vermişdir. Sovet vaxtında olan yol yenidən qurulmuşdur. Yeni dördzolaqlı yol uğurla inşa edilir, Zəngilan, Qubadlı və Laçına qədər davam edir. Bu bərpa işləri dövlətimizin iqtisadi gücünün, onun müstəqilliyinin mühüm göstəricisidir. Bu işlər genişmiqyaslı və dəqiq planlar əsasında aparılır. Hər bir şəhərin baş planları təsdiq edilib. Mənfur düşmən işğalın 30 ili ərzində daşı daş üstdə qoymamış, əksinə evlərin tikinti daşlarını söküb Ermənistana aparmışdır. Qərb isə Ermənistana nəinki heç bir sanksiya tətbiq etməmiş, əksinə mövcud vəziyyətin olduğu kimi saxlanmasına çalışmışdır. Etnik təmizləmə aparmış, Xocalı facisəini təşkil etmiş, ərazimizin 20%-ni işğal etmişdir. Bu II Dünya müharibəsində ikinci faşist Almaniyasının təcavüzkarlığına göz yummuş və öz mənafeyini düşünən Qərbin ənənəvi siyasətinin davamı idi. Faşist Almaniyası bundan cürət alaraq II Dünya müharibəsini törətdisə, işğalçı Ermənistan da cəbhə bölgəsində təxribatlarını artıraraq “Yeni müharibə, yeni ərazilər” şüarını səsləndirmişdir. Lakin igid oğullarımız, şəhidlərimizi, qazilərimizin öz qəhramanlığı və cəsarəti, dövlət başçısı isə müdrikliyi ilə bu planların qarşısını almışdır. Fransa və onun kimi bəzi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər. Bu gün bunlar hələ də davam eir. ABŞ-nin erməni konqresmenlərinin Azərbaycana, yəni əslində təcavüzə məruz qalmış dövlətə sanksiyalarla bağlı çağırışları qərbin, ABŞ-nin ikili standartlarının bir sübutudur.
Bu onu göstərir ki, biz daim öz gücümüzə arxalanmalı, iqtisadi-siyasi səviyyədə daha da artıq inkişaf etməliyik. Ermənistan II Qarabağ müharibəsi və Antiterror əməliyyatlarından nəticə çıxarmalıdır. Bu gün biz azad edilmiş torpaqlarımızda yaşayırıq. Kənd və şəhərlərimizin bərpası davam edir və bundan sonra da davam edəcəkdir!
Həmzə Məmmədov
Suraxanı rayonu, 226 saylı tam orta məktəbin tarix müəllimi