Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edib və daha sonra yekdilliklə Azərbaycanın sədrliyi daha bir il uzadılıb. 2019-2023-cü illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə təşkilat sönük və zəif bir qurumdan dünyada alternativ güc mərkəzinə çevrilib və demək olar ki, artıq formalaşmaqda olan çoxqütblü dünya düzənində özü bir qütb kimi meydana çıxmaqdadır. Bu qənaəti Qoşulmama Hərəkatının əsaslandığı məşhur Bandunq Prinsiplərinin 1955-ci ildə qəbul edilməsi ilə başlayan tarixinə nəzər yetirməklə əsaslandırmaq olar. Qoşulmama Hərəkatının yaranması əsas etibarilə İkinci Dünya müharibəsindən sonra müstəmləkəçiliyə qarşı mübarizə nəticəsində müstəmləkəçilikdən azad olmuş və müstəqilliyini əldə etmiş ölkələrin öz suverenlik və istiqlallarını qorumaq, eləcə də Soyuq müharibə dövründə dünyada hökmran olan iki qütb arasında qarşıdurmada alətə çevrilməmək və əzilməmək məqsədindən irəli gəlmişdir.
Bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
O deyib ki, Qoşulmama Hərəkatı ilk günlərdən suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmama kimi prinsipləri əldə rəhbər tutub. Lakin qurumun fəaliyyəti uzun müddət ərzində mahiyyət etibarilə müzakirə platforması olaraq davam edib, real gücə çevrilə bilməyib, daha çox mövcud dünya düzənini diktə edən güclərə qarşı müqavimət göstərib.
Keçmiş SSRİ-nin dağılması, Soyuq müharibənin bitməsi və ikiqütblü dünya düzəninin sona çatmasından sonra isə Qoşulmama Hərəkatı sanki aktuallığını itirmiş, sönük, zəif və səsi eşidilməyən bir platforma kimi xarakterizə olunmuşdur. Hərçənd, BMT-dən sonra dünyada ikinci ən böyük qurum olmasına və özündə yüzdən artıq ölkəni birləşdirməsinə görə, onun potensialı böyük olmuşdur. Amma bu potensial onilliklər ərzində reallaşdırılmamışdır. Təbii ki, bunun bir sıra səbəbləri var idi. Qoşulmama Hərəkatı üzvləri arasında müəyyən ziddiyyətlərin olması, öz üzərinə məsuliyyət götürəcək lider dövlətin olmaması, BMT-nin və böyük gücə, imkanlara malik olan digər beynəlxalq təşkilatların fonunda zəif qalması və sair səbəbləri qeyd etmək olar.
“Bu gün tam əminliklə bəyan etmək olar ki, 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi ilə qurumun tarixində tamamilə yeni, enerjili və fəal bir dövr başlanmışdır. Qoşulmama Hərəkatının qlobal məsələlərdə fəal iştirakı və ciddi mövqe ortaya qoyması, institusional inkişaf, o cümlədən qurumun təşkilatlanması və strukturunun genişlənməsi, dünya düzənində özünə layiqli rol oynamaq iddiasını praktik addımlarla ortaya qoyması xüsusilə vurğulanmalıdır.
Bütün bunlar da Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin təşəbbüsü və liderliyi ilə həyata keçirilmişdir. Qeyd olunan məsələlərlə bağlı konkret nümunələrə nəzər yetirək.
Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı COVID-19 pandemiyasının alovlanmasından dərhal sonra bu fəlakətlə mübarizədə ön plana çıxdı, “peyvənd millətçiliyi”nə qarşı kəskin mövqe sərgilədi və bütün ölkələr üçün peyvəndlərin əlçatanlığına çağıran iki qətnamənin BMT tərəfindən qəbul edilməsinə nail oldu. Beləliklə, Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq effektiv qlobal liderlik nümayiş etdirildi”, – deyə Adil Əliyev bildirib.
O qeyd edib ki, postpandemiya dövründə kasıb ölkələrə dəstək verilməsi məsələsini də Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı dünyanın diqqət mərkəzinə gətirib. Digər tərəfdən, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının institusional inkişafını hədəfləyən ciddi addımlar atılıb: Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı təsis edilib. İnstitusional inkişaf istiqamətində təşəbbüs və tədbirlər davam etdirilir.
“İyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Prezident İlham Əliyev təşkilatın bundan sonrakı fəaliyyətinin ana xətləri kimi xarakterizə oluna biləcək bəyanatlar verdi. O, BMT-nin artıq müasir dövrün reallıqlarına uyğun olmadığını və buna görə də ciddi islahatlar aparılmalı olduğunu bildirdi. Eləcə də, Fransanın nümunəsində baş qaldıran neokolonializm, yəni, yeni müstəmləkəçilik meyillərinin qarşısının alınması zərurətini vurğuladı. Prezident İlham Əliyev dünyada multilateralizmin inkişafının vacibliyini və bu mənada, Qoşulmama Hərəkatının öz layiqli yerini tutmasının zəruri olduğunu bəyan etdi.
BMT-də islahatların aparılması məhz effektli multilateralizmin bərqərar olması və nəticə etibarilə neokolonializm meyillərinin aradan qaldırılması baxımından son dərəcə önəmlidir. Beləliklə, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı qısa müddət ərzində böyük inkişafa nail olub və zəif, sönük bir qurumdan mühüm, alternativ güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına qoyduğu miras təşkilatın gələcək inkişafı üçün fundamental baza kimi çıxış edir və Prezident İlham Əliyevin bəyan etdiyi prioritetlər təşkilatın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir”, – deyə Milli Məclis sədrinin müavini vurğulayıb.