Hər zaman inkluziv cəmiyyətdən danışır və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya etməsini deyil, onlarında cəmiyyətimizin bir üzvü kimi fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsini istəyirik. Birimiz digərimizdən heç bir fərqimiz olmasa belə, cəmiyyətin yaratmış olduğu sterotiplər nəticəsində fərqli qalmağa məcbur oluruq.
2021-ci ildə qanunvericiliyimizdə dəyişiklik aparılaraq, əlil sözü əlilliyi olan şəxslə əvəz edildi. Təbii ki, özlüyündə mütərəqqi bir addımdır ki, bir insanda olan çatışmazlıqla həmin insanın xarakterizə edilməsi yolverilməzdir. Eləcə də, əlilliyi olan şəxslərə cəmiyyətdə göstərilən yüksək etika və ehtiram bəzi hallarda onlar üçün yorucu ola bilir. Belə desək, diqqətin az olması və ya həddən artıq çox olması qəbuledilməzdir. Bir haşiyəyə çıxaraq təcrübədən deyim ki, İngiltərə də bir iş adamı belində əlilliyi olan şəxs tərəfindən öldürülür. Təqsirləndirəni müdafiə edən vəkil, məhkəmədə üzünü hakimlərə və ittihamçıya tutaraq deyir ki, “Hörmətli yüksək dəyərlərə malik olan, ədalətli hakim və prokur Sizə fransız həmkarlarınızın salamını gətirmişəm” bunu təxminən bir neçə dəfə dedikdən sonra hakim bildirir ki, kifayət elədi, yorulduq axı. Bu zaman vəkil deyir ki, Siz cəmi 5 dəqiqə hətta xoş sözlərə belə dözə bilmədiniz, lakin iş adamı 15 il ərzində hər gün bu adamı görəndə “Salam, qozbel necəsən?” deyirmiş və görün onda hərgün gördüyü əlilliyi ona xatırladanda hansı hisləri keçirdib.
Hazırda, cəmiyyət inkluzivləşməyə doğru getməsinə baxmayaraq, təəssüf ki, hələ də əlilliyi olan şəxslər üçün müəyyən məhdudiyyətlər qalmalıdır. Zehində olan məhdudiyyətlərin bir hissəsini həll edilməsinə baxmayaraq, bu gündə əlilliyi olan şəxslərin cəmiyyətə tam adaptasiyasına maneə olan hallara rast gəlirik. Təəssüf ki, bu halların içərisində xüsusilə qeyd etməliyik ki, əlilliyi olan şəxsin ilk inteqrasiya olunacağı yer təhsil müəssisəsinin olmasına baxmayaraq, təhsil müəssisələrinə giriş təəssüf ki, onlar üçün əl çatan deyil. Belə ki, orta və ali təhsil müəssisələrində fiziki əlilliyi olan şəxslərin girə bilməsi üçün panduslar və ya liftlərlə təchiz edilməyib.
Prezident, Müzəffər Ali Baş Komandanın 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə 2018–2024-cü illərdə “Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” Dövlət Proqramı təsdiq edilmişdir. Həmin proqramda nəzərdə tutulan əsas seqmentlərdən biri də inklüziv təhsilin təşkili ilə bağlı maddi-texniki bazanın möhkəmləndirilməsi məsələsi idi. Hansı ki, bu da özündə Sağlamlıq imkanları məhdud şəxslər üçün təhsil müəssisələrində onların maneəsiz hərəkətini təmin etmək üçün pandusların, xüsusi liftlərin quraşdırılması, təhsil müəssisələrinin məlumatın vizual, səs və daktil formada alınmasını təmin edən vasitələrlə, nəqliyyat vasitələri, reabilitasiya avadanlıqları ilə və digər yardımçı vəsait və texnologiyalarla, didaktik materiallarla təchiz edilməsi nəzərdə tutulur.
Dövlət Proqramının müddətinin başa çatmasına cəmi 2 il qalmasına və bu sahədə bir çox işlərin həyata keçirilməsinə baxmayaraq, hələ də sağlamlıq imkanları məhdud şəxslərin təhsil müəssisələrinə giriş üçün maneələr var.
Təhsil müəssisələrinə təkliflər.
Başa düşmək çətin deyil ki, əlil arabasında əyləşən tələbənin hər dəfə öz tələbə yoldaşlarından xahiş edərək, təhsil müəssisəsinə girməsi onlar üçün necə ağırdır. Cəmiyyətin funksiyası olan çatışmazlıqları kompensasiya edərək hər kəsə bərabər həyat təqdim etməkdən ibarətdir. Bərabər və bərabərlik “equity and equality” məsələn şəxs gözdən əlildirsə bunun üçün brayl əlifbasını liftin düymələri üzərində quraşdırmaq xüsusi vəsait tələb etmir.
Eyni zamanda ali təhsil müəssisəsinin tələbənin girişi üçün pandus və ya ayaqdan əlilliyi olan şəxsin girişi üçün xüsusi liftin quraşdırılması ciddi vəsait tələb etmir. Təəssüf ki, təmir və tikinti zamanı qeyd olunan hallar nəzərə alınmır. Otaqların girişində qapının alt hissəsində yaradılmış maneələr tələbələrin otağa belə rahat girməsinə maneə olur. Eləcə də digər bir həssas məqam həmin təhsilalanlar üçün sanitar qovşaqların olmaması onların həyatını daha da çətinləşdirir. Bizim cəmiyyətimiz Şərqin və İslamın mühüm komponentlərini özündə ehtiva edərək, hər zaman əlilliyi olan şəxslərə yardım edirik. Mən əminəm ki, hər bir təhsil müəssisəsinin rəhbərliyində təmsil olunan şəxs əlilliyi olan bir tələbəni gördükdə dərhal özü ona kömək edəcək və otağa qalxması üçün əlindən gələni edəcək. Lakin, biz cəmiyyət olaraq onlara “ad hoc” (birdəfə) kömək etmək əvəzinə yaxşı olardı ki, məhz balıq tutmağı öyrədək. Təhsil hər birimizi birləşdirən ortaq dəyərdir, əgər şəxs bu gün təhsil ala bilmirsə təəssüf ki, cəmiyyətə inteqrasiya ola bilmir.
Təhsil müəssisələri üçün kiçik bir arayış: lazım olan yeganə şeylər, çöldən pandusun qurulması, otaqlar arasındakı maneələrin aradan qaldırılması, lift olan binalara brayl əlifbasının və ya mümkün olduğu halda mikrofonların təchizatı, otaqlarda girişlərdəki maneələrin aradan qaldırılması və sanitar qovşaqda uyğunlaşdırmaların aparılması. Bu gün ASAN xidmət mərkəzlərindən, eləcə də yeni salınmış məhkəmə komplekslərindən əlilliyi olan şəxslər rahat şəkildə istifadə edə bilir. Ümid edirəm ki, bu müsbət təcrübəni hər kəs nəzərə alar və qısa müddət ərzində hər birimiz bu sahədə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələrik.
Bəhruz Müslümov,
ADPU-GWU II kurs magistr.