“Azərbaycan öz ərazilərini 30 illik Ermənistan işğalından azad etdi və 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan rəhbərləri tərəfindən üçtərəfli Bəyannamənin imzalanması ilə Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma sona çatdı. Ermənistan işğal etdiyi ərazilərdə, eləcə də Ermənistanda Azərbaycanın mədəni irsini məhv etmək, qarət etmək və mənimsəmək üçün sistemli siyasət yürüdüb. Ermənistan abidələri dağıtmaq, memarlıq xüsusiyyətlərini dəyişmək və “arxeoloji” qazıntılar aparmaqla Azərbaycan mənşəli olduğunu bildirən bütün əlamətləri ortadan qaldırmaq kimi geniş hədəflərə çatmaq məqsədi güdüb”
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev UNESCO İcraiyyə Şurasının 212-ci sessiyası zamanı səsləndirdiyi milli bəyanatda söyləyib.
O, bildirib ki, bu kimi fəaliyyəti ilə Ermənistan UNESCO-nun sənədləri də daxil olmaqla, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolunu, habelə “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında 1970-ci il Konvensiyasını, beynəlxalq humanitar hüququ kobud şəkildə pozub.
“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və firavanlıq üçün yeni perspektivlər açıb. İndi sülhün qorunması, reabilitasiya və yenidənqurma işləri, məcburi köçkünlərin geri qaytarılması mütləq prioritet olmalıdır. Bunu nəzərə alaraq Azərbaycan Hökuməti münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiyanın yeni mərhələsinə qədəm qoydu. Hökumət artıq onilliklərdir davam edən ərazilərin işğalının nəticələrini aradan qaldırmaq, o cümlədən tarixi, mədəni və dini irs abidələrimizin bərpası məqsədilə praktiki addımlar atmağa başlayıbdır”, – deyə E. Abdullayev vurğulayıb.
Səfir diqqətə çatdırıb ki, Azərbaycan ən yüksək səviyyədə azad edilmiş ərazilərdəki mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələrin lazımi qaydada saxlanılacağına, bərpa ediləcəyinə qərar verdi.
Bundan əlavə, E.Abdullayev bildirib ki, Azərbaycanın mədəni paytaxtı Şuşa da daxil olmaqla, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dini yerlər, tarixi abidələr, məqbərələr, ev muzeyləri bərpa olunur, bu yenidənqurma işləri beynəlxalq mütəxəssislərin iştirakı ilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək üçün orijinal memarlıq üslubuna uyğun olaraq aparılır.
Daimi nümayəndə əlavə edib ki, münaqişə bitdikdən sonra mədəni irsə çıxış bərpa edilib. Bu da Azərbaycanın mədəni irsinə vurulan ziyanı qiymətləndirməyə imkan yaradıb. Sözügedən amil UNESCO-nun fəal rolunu tələb edir.
“Bununla əlaqədar olaraq, məlumat vermək istəyirəm ki, bu gün UNESCO ilə Azərbaycan Respublikasının münaqişədən zərər çəkmiş ərazilərinə müstəqil UNESCO texniki missiyasının göndərilməsi ilə bağlı danışıqlar davam edir. Əslində, Azərbaycan Hökuməti belə bir missiyanın göndərilməsinin zəruriliyini qeyd edərək, son 30 illik işğal dövründə çoxsaylı platformalarda bunu UNESCO-nun diqqətinə çatdırdı. Lakin bu missiyaya hər dəfə Ermənistan tərəfindən maneə yaradılması və qarşısının alınması 2005-ci ilin hesabatında aydın göstərilib. Azərbaycan UNESCO ilə əməkdaşlığa böyük əhəmiyyət verir və konstruktiv dialoqa hər zaman açıqdır. İnanırıq ki, bu çoxdan gözlənilən missiyanın dərhal həyata keçirilməsi işğal zamanı zədələnmiş, talan edilmiş və ya dəyişdirilmiş mədəni irsin bərpasına və yenidənqurulmasına mühüm töhfə olacaqdır”.
Vurğulanıb ki, bu ərazilərdə həyat yenidən canlandıqca, 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın simvolu Cıdır Düzündə iki günlük şənliklər, “Azərbaycan musiqisində multikulturalizm” devizi altında ölkədə yaşayan müxtəlif etnik azlıqların musiqi yaradıcılığını əks etdirən mədəni tədbir keçirildi. Tədbir çərçivəsində Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Bülbül və Xan Şuşinski daxil olmaqla Azərbaycanın görkəmli bəstəkar və müğənnilərinin şah əsərləri səsləndirilib.
Müsəlman dünyasının ilk opera bəstəkarı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyova həsr olunmuş 18 sentyabr – Milli Musiqi Günü bu il ilk dəfə Şuşada qeyd edildi.
“2021-ci ildə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünü qeyd edirik. Prezidentin Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Azərbaycanın təşəbbüsü ilə 24 sentyabrda UNESCO-nun görkəmli nümayəndələrinin fəal iştirak etdiyi “Nizami fəlsəfəsi prizmasından bərabər təhsil və gender bərabərliyi” adlı vebinar təşkil edildi. Oktyabrın 4-də isə UNESCO-nun mənzil qərargahında Nizami Gəncəviyə həsr olunmuş mədəni tədbirə tərəfdaş kimi qoşulduğuna görə daimi nümayəndə Baş Direktora və dəyərli dəstəyə görə üzv dövlətlərə dərin təşəkkürümü bildirib.
“Azərbaycanın UNESCO-dakı fəaliyyətinə gəldikdə, hamınız bilirsiniz ki, mənim ölkəm UNESCO-nun müxtəlif fəaliyyətlərinin həmişə tərəfdarı olub və bundan sonra da belə olacaqdır”, – deyə E. Abdullayev vurğulayıb.