“Misir xalqı bu mübarizədə bizim yanımızda idi” ”
Bəzən deyirik ki, vətən sərhəddən başlayır. Hesab edirəm ki, içində elinə, obasına, torpağına zərrə qədər sevgi hissi olan insanın harda yaşamasından asılı olmayaraq özü də elə bir parça vətənin özüdür. Vətən qoxulu insanlar deyirəm onlara.
Seymur Nəsirov 25 ildir ki, Misirdə yaşayır. Misirdə təhsil alan 65 ölkədən olan 1100-dən çox tələbəyə rəhbərlik edir. 25 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250-dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. O, Qahirə Universitetində Azərbaycan dilini tədris edir. Seymur Nəsirov Misirdə Azərbaycan Diasporunun sədridir. Uzun illərdir Misirin keçmiş baş müftisi və dünyanın ən məşhur alimlərdən biri olan Prof. Dr. Şeyx Əli Cümənin xarici tələbələri işi üzrə köməkçisidir. İrsi canlandırma üzrə “Halqa” fondunun təsisçilərindən biri və baş direktorudur.
“Vətənpərvər”- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqtçı-alim olan Seymur Nəsirov bizimlə söhbətində tarixi qələbəmizdən danışdı.
Qeyd edək ki müsahibimiz Qurani- Kərimdə “Azərbaycan” sözünün və Bakı neftinin yer aldığını elmi əsaslarla sübut edən ilk alimdir. Ərəb mənbələrində Nizami Gəncəvinin Azərbaycanın Gəncə Şəhərindən olduğunu göstərən dəlillərin təqdimatçısıdır.
– Azərbaycanın zəfər gününü Misirdə necə qeyd etdiniz?
– 44 gün keçirdiyimiz gərgin günlərdən sonra qələbə xəbəri bizi çox sevindirdi. Həmin gecə Misirdə yaşayan Azərbaycanlılar sevincdən yatmadı. Səhərə qədər bu xəbəri bir-birimizlə bölüşür, Misirdə yaşayan Azərbaycanlıların “WhatsApp” qruplarında yeni məlumatları paylaşırdıq. Ali Baş Komandanımızın xalqa müraciətini dinləyir, qürur hissi keçirirdik. Qələbə günün səhəri Misirdəki Azərbaycanlılarla əlaqə saxlayıb, qələbəmizi qeyd etmək qərarına gəldik. Misirdə fəaliyyət göstərən Azərbaycan Səfirliyi ilə əlaqə saxladım. Bir araya toplaşıb, Azərbaycan səfirliyində tarixi qələbəmizi qeyd etdik. O gün çox gözəl ab-hava vardı. Biz birlikdə bu bayramı sevinclə, fəxrlə qarşıladıq. İndiyə qədər hər zaman Azərbaycan Səfirliyində, Diasporamızda toplaşmaq səbəbimiz Qarabağ hadisələrində xalqımızın başına gətirilənləri xatırlamaq, həm də xatırlamaq idi. Amma bu dəfə ilk dəfə olaraq biz zəfər bayramını qeyd etmək üçün toplaşmışdıq.
– Misir xalqı Qarabağ həqiqətləri haqqında nə qədər məlumatlıdır?
– Təəsüflər olsun ki, bir neçə il bundan öncəyə qədər bu mövzuda Misir xalqı kifayət qədər məlu
matlı deyildilər. Bunun obyektiv və subyektiv səbəbləri var. Mən 25 ildir ki, Misirdə yaşayıram. Bu müddət ərzində həm Azərbaycan Səfirliyi, həm də burada yaşayan Azərbaycanlılar bacardıqları qədər təbliğat aparmağa çalışırlar. Misirdə Azərbaycanlıların artan nüfuzu bu həqiqətlərin daha böyük kütləyə çatmasında yardımçı olur. Diaspora olaraq mütəmadi şəkildə hər zaman Azərbaycan həqiqətlərini təbliğ edirik. Misirin ən mötəbər Universitetində Azərbaycan dili tədris olunur. Burada 500 dən çox tələbə Azərbayca dili öyrənir. Bununla bərabər bizim disporamızda təmınnasız olaraq Azərbaycan dilini tədris edirik. Əgər insan başqa bir məmləkətdə öz xalqının dilini tədris edirsə bu o deməkdir ki, dil ilə bərabər vətənini, insanlarını, torpağını, təbiətini də tanıtmış olur.
Burada yaşadığım illər ərzində Misir mətbuatında, televiziyasında saysız müsahibələr verərək Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışmışam. Qarabağ bizim dərdimiz idi. Misirdə keçirilən beynəlxalq konfranslarda, tədbirlərdə biz bu həqiqətlərdən bəhs edirdik. Son illərdə Azərbaycanın dünyada artan nüfuzu eyni zamanda, bizim buradakı ciddi fəaliyyətlərimiz, dostlarımızın gündən günə çoxalması, Misirdə böyük bir təcrübə qazanmağımızın da bu həqiqətlərin tanıdılmasında böyük rolu oldu. Bu da müharibə dönəmində də öz əksini tapdı.
– 44 günlük müharibə dövründə erməni diasporu ilə hər hansı problem yaşadınızmı?
– 44 gün ərzində bizim nə gecəmiz, nə də gündüzümüz oldu. İstər Ərəb dünyasında, istərsə də Misir mediasında var gücümüzlə Qarabağda yaşanan həqiqətləri çatdırmağa çalışdıq. Ən azından həmin ərəfələrdə gündə 2-3 dəfə Misir mediasında baş verənlərin olduğu kimi yayımlanması, daha çox paylaşılması, böyük kütləyə çatması üçün çalışırdıq. Misirdə fəaliyyət göstərən Azərbaycan Səfirliyinin də bu təbliğatda rolu böyük oldu. Nəinki Misirdə eyni zamanda, Əlcəzairdə, Səudiyyə Ərəbistanda və başqa Ərəb ölkələrində də Azəbaycanın həqiqələtini yaymağa çalışdım. Bununla bərabər sosial mediada da həddindən artıq fəal olduq. Döyüşlər getməyə başlayanda müharibənin səbəbləri ilə bağlı qısa, sual- cavab şəklində məqalə hazırladım. Həmin məqaləni səhifəmdə paylaşdım. Ərəb ölkələrində yaşayan dostlarım da onu yaydılar. Eyni zamanda ərəb dilli saytlarda, sosil şəbəkələrdə Qarabağla bağlı yalnış məlumat yayanlarla da mübarizə aparır, onlara faktlarla həqiqələri izah edirdim. Mənim bu fəaliyyətim qarşı tərəfi narahat edirdi. Dəfələrlə səhifəmə hücumlar edir, nalayiq söyüşlər yazır, Nikol Paşinyanın şəkillərini göndərirdilər. Təbii ki, bu onlardan gözlənilən xüsusiyyətdir. Ermənilər hər zaman belə üsullara əl atıblar. Mən onlara məhəl qoymadım, var gücümlə bu həqiqətlərin yayımlanması üçün çalışdım. Bundan başqa Ali Baş Komandınımızın xalqa müraciətini ərəb dilində tərcümə edib paylaşırdım və bu onlarda daha böyük qəzəb yaradırdı.
– Bizim haqq savaşımızda Misir xalqının mövqeyi necə idi? Bu müharibədə Misir xalqı kimin yanında idi?
– Bu mübarizədə Misir xalqı bizim yanımızda idi. Düzdür, qarşı tərəf özünü maliyyələşdirərək dünya mediasında yanlış xəbərlər yazırdırırdılar. Biz haqlı olduğumuz üçün hər dəfə həqiqətlər öz yerini tapırdı. Misir xalqı bizə saysız mesajlar göndərərək yanımızda olduqlarını bildirirdilər. Bilirsiniz ki, Misir “Qoşulmama” hərəkatının əsas təsisçilərindən biridir. Onlar da Azərbaycanı tam şəkildə dəstəklədiyini elan etdi. İslam konfransının əsas təşkilatçılarından biri olan Misir bu mövzuda Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Misir xalqı bu mübarizədə bizim yanımızda idi.
Hazırda artıq Azərbaycan qalib ölkədir. Biz məğlub xalqın nümayəndəsindən, qalib xalqın ünmayəndəsinə çevrilmişdik. Bu qələbə ilə qürur duyuruq. II Qarabağ müharibəsində qalib olduqdan sonra saysız təbriklər aldıq. Onlar Azərbaycan xalqına Misir xalqının təbriklərini çatdırmağımı xahiş edirlər.
– Bundan sonra Azərbaycanın Misirdəki diaspora sədri kimi hansı işləri görəcəksiniz?
– Biz artıq bu qələbə ilə kifayətlənməməliyik. Bizim üçün bundan sonrakı mərhələ daha çətindir. Qələbəni qazanmaq çətindir, ancaq onu qorumaq daha da çətindir. Biz bu qələbənin qorumaq üçün daha aktiv olmalıyıq. Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirmək naminə var gücümüzlə çalışmalıyıq. Nə qədər güclü olsaq düşmən bizə qarşı riskli addım atmağa cürət etməz.
Seymur Nəsirovun sözügedən müsahibəsi moderator.az saytında yer almışdır.