“Əvvəla, mənim elmdən uzaq biri kimi təqdim olunmağım gülməlidir. Mən də o açıqlamanın müəllifi kimi, fəlsəfə doktoruyam və hüquq elmi sahəsində “kütləvi ixtişaş əməllərilə mübarizənin cinayət hüququ və kriminoloji problemləri” mövzusunda müdafiə etmişəm. İkincisi, mənim AMEA-da süngüylə qarşılanan açıqlamam həqiqi alimlərə yox, konkret fərdə qarşı yönəlib. Həmin konkret fərd də kimlərinsə arxasında gizlənmədən ortaya çıxsın və mənə cavab versin”.
Adil Əliyev iddiaların əksinə, nəinki alimlərə qarşı qərəzli mövqe tutmadığını, dəyərli elm xadimlərinə hər zaman xüsusi diqqət və sayqı göstərdiyini deyib: “AMEA dünya elminə Yusif Məmmədəliyev, Lüftü Zadə, Ziya Bünyadov, Azad Mirzəcanzadə və s. saymaqla bitməyəcək qədər görkəmli alimlər bəxş edib. Hər kəs kimi mən də bu alimlərlə fəxr edib, hər yerdə də bunu dilə gətirmişəm. Mənim qarşı çıxdığım məsələ AMEA-nın indiki çətin şəraitə salınmasıdır”.
Məlum bəyanatda AMEA-nın işçilərinin ağır sosial vəziyyətindən danışıldığını, millət vəkillərindən fərqli olaraq onların maaşlarının artırılmaması məsələsinin qaldırıldığını bildirən vitse-spiker deyib: “Yazırlar ki, mən bəzi başqa həmkarlarımla bərabər maaş davası edənlərdənəm. Halbuki mənim heç vaxt bu mövzuda çıxışım olmayıb. Mən heç vaxt nə maaş, nə də vəzifə davası aparmamışam. Harda işləməyimdən asılı olmayaraq, başımı aşağı salıb xidməti vəzifəmi yerinə yetirmişəm. Əldə etdiyim uğurlar və vəzifələr isə xidmətdəki alın tərimin mükafatıdır. Mən və ailəm dövlətə, dövlətçiliyə və Ulu Öndərin siyasi kursuna sadiq insanlarıq. Bu gün də Cənab prezidentin bütün çağırışlarını dəstəkləyirik. Əgər əllərində bunu inkar edəcək faktları varsa, buyurub işıqlandırsınlar. AMEA-nın işçiləri elmi araşdırmalarına da bu cür əsassız arqumentləşdirmə prinsipiylə yanaşırlarsa, mənim onlara deyəcək heç bir sözüm yoxdur. Daha sizin xaricdə oturub əsassız ittiham irəli sürənlərdən nə fərqiniz oldu?
Digər tərəfdən, dünyanın bütün ölkələrində millət vəkilləri dövlət büdcəsindən maaş alırlar. Amma elm ocaqları, akademiyalar öz ixtiraları, kəşfləri ilə böyük miqdarda patent haqqı qazanırlar. Onlardan bəzilərinin əqli fəaliyyətlərindən qazandıqları vəsaitlər Azərbaycanın dövlət büdcəsindən dəfələrlə çoxdur. Məsələn, Harvard universitetinin illik büdcəsi 36 milyard dollardır. Bu, Azərbaycanın dövlət büdcəsindən belə, 3 dəfə çoxdur. Belə elm ocaqları nəinki dövlətin onlara ayıracağı vəsaitə göz tikmir, əksinə özləri dövlət büdcəsinə vergi ödəyirlər. Hazırda bir çox dəyərli ziyalılarımız məhz bu faktı əsas gətirib ən ciddi gəlir mənbəyi kimi elmi investisiyalara əhəmiyyət verilməsi təklifini irəli sürürlər. Prinsip etibarilə bu, Azərbaycan prezidenti İlham Əliyevin də dəsti-xəttidir. Xatırlayırsınızsa, o, AMEA-nın 60 illik yubileyində demişdir ki, “hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır“. Ölkə başçısının bu fikirləri Məhəmməd peyğəmbərin məşhur “elm müsəlmanın itmiş malıdır, Çində belə olsa onun arxasınca getməlidir” hədisiylə həmahəng səslənir və mən də bu fikri dəstəkləyirəm”.
Həmsöhbətimizin fikrincə, Ramiz Mehdiyevin sayəsində AMEA və ölkəmizdəki bəzi elm mərkəzləri məhz bu keyfiyyətlərini itiriblər: “Bilirsiniz ki, elmi yaradıcı kollektivin faydalılıq əmsalı azad düşüncə və elmi qabiliyyətin mükafatlandırılması ilə birbaşa əlaqəlidir. Alimlər heç bir siyasi proseslərə cəlb olunmadan elmi yaradıcılıqla məşğul olsalar, cəmiyyətimizə daha böyük fayda verərlər. Ramiz Mehdiyevin çoxillik fəaliyyəti isə bu uğurun qarşısını almağa yönəlib. Bir çox hallarda alimlərimiz əqli potensialları ilə deyil, qohumbazlıq, şəxsi münasibətlər kriteriyası ilə önə çəkilib. Onlar elmi nailiyyətlərinə yox, kimlərəsə yaxınlıqlarına görə qiymətləndirilib və nəticədə AMEA əvvəlki potensialını itirib”.
O ki qaldı bəyanatda səsləndirilən “müəmmalı keçmiş” məsələsinə, Adil Əliyev həmin fikirlərin əsl müəlliflərinə səslənərək bildirib: “Yaxşısı budur, “qaranlıq keçmiş” məsələsinə toxunmayaq, bu, sizlərin xeyrinə olmaz. Elə mənim barəmdə “qaranlıq keçmiş” əfsanəsini siz uydurmusunuz. Hacı Məmmədov dəstəsi ifşa olunmamışdan öncə, Ulu Öndər Heydər Əliyevə yalan məlumatı siz vermişdiniz. Çoxsaylı adam oğurluqlarının və qətllərin başında mənim əlimin olduğunu siz demişdiniz. Bəs nə oldu, o cinayətlərin arxasından mən yox, siz çıxdınız. Yaxşı bir məsəl var: “Sən saydığını say, gör, fələk nə sayır””.
Özü barədə ittihamın Ulduzə Qurbanova tərəfindən irəli sürüldüyünə inanmayan millət vəkili iddiaların əsl müəlliflərini şəxsən ortaya çıxmağa çağırıb: “Bu fikrin müəllifləri barəmdə əllərindəki bütün faktları ortaya qoysunlar. İbarəli sözlərlə kimisə şantaj etmək alim adı daşıyana yaraşmaz. Cinayət Məcəlləsinə görə, faktı bilib gizlətmək də cinayətdir. Mən həmin alim adı daşıyanları bu cinayətdə iştirak etməməyə çağırıram. Mövlananın bir sözü var: “Ya olduğun kimi görün, ya görümdüyün kimi ol”. Alim adı daşıyanlar alim kimi görünməli və kriminal ünsürlərin silahı sayılan şantaj elementlərindən istifadə etməməlidir”.
Adil Əliyev sonda vurğuladı ki, belə bəyanatlar davam etsə, konkret faktları, ad familyaları ilə bərabər sadalayacaq: “Yenə təkrarlayıram ki, bu gün hər şey vətən üçün, hər şey cəbhə üçün fikirlərilə yaşamalıyıq”