Bakı. Trend:
Rusiyaya məxsus olduğu iddia olunan pilotsuz uçuş aparatlarının
Moldova hava məkanını pozması ilə əlaqədar Rusiyanın ölkədəki
səfiri Oleq Ozerov Moldovanın xarici işlər nazirliyinə
çağırılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Moldovanın XİN-i bir neçə pilotsuz uçuş aparatı tərəfindən hava
məkanının kobud şəkildə pozulmasını, eləcə də onlardan birinin
Floreşti rayonunun Aşağı Kuqureşti yaşayış məntəqəsində qəzaya
uğramasını qınayıb.
Qurumun məlumatına görə, bu hadisə vətəndaşların
təhlükəsizliyinə təhdid yaradır.
“Bu səbəbdən Rusiya Federasiyasının fövqəladə səlahiyyətli
səfiri sabah saat 14:00-da bu yolverilməz hərəkətlərlə bağlı izahat
vermək üçün XİN-ə çağırılacaq. Moldova Respublikası regionda sülh
və sabitliyin qorunmasına sadiq olaraq qalır”,- nazirliyin
bəyanatında qeyd olunub.
Moldovanın Müdafiə Nazirliyi noyabrın 25-i səhər saatlarında
altı PUA-nın ölkə ərazisinə daxil olduğunu bildirib. Dronlar
icazəsiz şəkildə sərhədi keçib və hava məkanına nəzarət sistemləri
tərəfindən qeydə alınıb.
