Kəlbəcərin azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış proqramı çərçivəsində geniş miqyaslı yenidənqurma işlərinə başlanılıb. Əsas məqsəd kəlbəcərlilərin öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və rahat şəkildə qayıtmasını təmin etməkdir.
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Bu layihə şəhərsalma prinsipləri əsasında həyata keçirilir. Birinci mərhələdə buraya 201 ailənin köçürülməsi nəzərdə tutulur. Bu məqsədlə dördmərtəbəli 6 bina (27 mənzil) və 39 ədəd ikimərtəbəli “townhouse” tipli ev inşa olunub. Cənab Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı bu kompleksin açılışında iştirak edərək köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etmişdir. İndiyədək Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülmüşdür. Şəhər Təhsil Kompleksində aparılan işlər və modul tipli məktəbin layihəsi Kəlbəcərli uşaqların müasir təhsil alması üçün hədəflənib.
Kəndlərin Bərpası və İnkişaf Planları: Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər kəndləri də müasir tələblərə uyğun şəkildə yenidən qurulur:
- Yanşaq kəndi: Ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Birinci mərhələdə 218 ailənin köçürülməsi üçün fərdi evlər tikiləcək. Həmçinin, 264 şagird yerlik məktəb və 80 yerlik uşaq bağçası inşa ediləcək.
- Zallar kəndi: Ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Birinci mərhələdə 350 ailə üçün birmərtəbəli fərdi evlər tikiləcək. 360 şagird yerlik məktəb və 120 yerlik uşaq bağçası inşa ediləcək.
- Zar kəndi: Ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Birinci mərhələdə 547 ailə üçün birmərtəbəli fərdi evlər tikiləcək. 528 şagird yerlik məktəb və 100 yerlik uşaq bağçası tikiləcək.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev azad olunmuş Kəlbəcərə dəfələrlə səfər etmişdir. O, Xudavəng monastır kompleksinə baxış keçirmiş, Toğanalı-Kəlbəcər-İstisu yolu üzərindəki tunellərin, İstisu yarımstansiyasının, hərbi hissələrin, Xarçın Kiçik Su Elektrik Stansiyasının, “Zar” KSES-in açılışında və ikinci yaşayış kompleksinin, inzibati binanın təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər Böyük Qayıdışa verilən ali diqqətin təcəssümüdür.
Bu tarixi qayıdışın təməli Vətən müharibəsində şəhid və qazilərimizin şücaəti ilə qoyulmuşdur. Onların fədakarlığı sayəsində bu gün Kəlbəcər öz dirçəlişini yaşayır. Şəhidlərimizin xatirəsi bu torpaqlarda qurulan hər bir obyektdə əbədiləşdirilir.
Kəlbəcər şəhərinin və kəndlərinin yenidən qurulması proqramı, sakinlərin doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıdışını təmin edərək Azərbaycanın iqtisadi gücünü və bərpa qabiliyyətini nümayiş etdirir.
Rəşad Mürşüdov
Suraxanı RİHB-nın Zığ Qəsəbə İnzibati Ərazi Dairə Üzrə Nümayəndəsi
