Təhsil naziri Ceyhun Bayramov dünən keçirilən mətbuat konfransında korrupsiya faktlarına qarşı həyata keçirilən tədbirlərdən söz açarkən bildirib ki, ötən il 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.
Qeyd edilib ki, görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Eyni zamanda ötən il 10 direktor və direktor müavini işdən kənarlaşdırılıb.
Təhsil nazirinin bu istiqamətdə atdığı addımlar təhsildə şəffaflığın qorunmasına, neqativ halların aradan qalxmasına xidmət edir.
Bu fakt mətbuata açıqlanandan sonra sosial şəbəkə cə online mediada müsbər reaksiyalara səbəb olub.
“Təhsil işçisi bu problemlə üzləşəndə dövlətçiliyə, işlədiyi sturukturlara inamı azalır”
“Rubin.az” xəbər verir ki,mövzu ilə bağlı AzEdu.az-a danışan İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev Təhsil nazirinin əmri ilə Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə mayda təyin olunub, 34 ilin təhsil işçisidir. Məsələ ilə bağlı danışarkən də əsasən öz təcrübəsindən çıxış edib:
“Məktəb direktoru, sinif müəllimi, aparıcı məsləhətçi və s. işlərdə çalışmışam. Təcrübəmə əsasən, deyə bilərəm ki, korrupsiyaya qarşı mübarizə əsas məsələlərdəndir. Çünki real həyatda doğruluq və düzgünlük görməyən təhsil işçisi bu problemlə üzləşəndə dövlətçiliyə, işlədiyi sturukturlara inamı azalır. Konkret öz fəaliyyətimdən bir neçə nümunə gətirmək istərdim:
Rayon Təhsil Şöbəsinə təyinat alanda İmişli rayonunda da belə xoşagəlməz hallar var idi. Müxtəlif adlar altında aylıqlar yığılır, tədbirlər adıyla xoşagəlməz hallar baş verirdi. Sorğu keçirərək ümumtəhsil müəssisələrindən öyrənə bilərsiz ki, hazırda bu məsələlərə necə riayət olunur.
Birmənalı deyirəm, respublikamızda dediyimiz hallarla tam şəkildə mübarizə aparan 5-10 RTŞ varsa, onlardan biri də İmişli Rayon Təhsil Şöbəsidir. Bu məsələlərlə bağlı İmişlidə hər hansı problem yoxdur. Təhsilin inkişafı naminə qəti addımlar atırıq. Direktor və müavinləri bu məsələnin qəti qoyulduğunu, başqa çıxış yolunun olmadığını görüb diqqəti təhsilə yönəldirlər.
Həmin qurumlarda işləyənləri, təşkilatçı müavinləri də başa düşürəm. Çünki vaxtilə müxtəlif adlar altında yığılan vəsaitlər müəllim və direktorlar arasında bir inamsızlıq yaradıb. “Filan şeyi verəcəm, bununla da işim istədiyim şəkildə gedəcək” düşünürlər. Təbii, bunda həqiqət də vardı. Çünki gözükölgəli direktorlar tədrisin yaxşılaşdırılması məqsədilə müəllimlərin üzərinə gedə bilmirlər”.
Ələmdar müəllim vurğulayıb ki, Pezidentin korrupsiyaya qarşı atdığı inamlı addımlar, strukturlar qarşısında qaldırılan məsələlər işi yeni tələblər üzərində qurmağa imkan verir:
“Vaxtilə müxtəlif tədbirlər adı altında pul yığırdılar. Təyinatımdan 9 ay keçib, bir dəfə İmişli RTŞ nümayəndələrini çağırıb deməyiblər ki, filan şeyi niyə keçirirsən. Bu, qəti mövqeyimizdi. Belə məsələlərə birmənalı olaraq son qoyulub. Korrupsiyaya öyrəşən insanlar sanki bunun üçün darıxırlarmış kimi müxtəlif vasitələrlə məsələnin çox böyük əhəmiyyətə sahib olduğunu, əks təqdirdə həyat şəraitimin pis olacağını və s. deyirdilər. Bu gün bir dövlət qulluqçusu olaraq həyatımdan tam razıyam. Cənab Prezident və Təhsil Nazirliyinin atdığı addımları dəstəkləyir, təhsildə demokratik ab–havanın bərqərar olacağına, bunun korrupsiyaya qarşı mübarizədə ciddi rol oynayacağına inanıram”.
Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli bu məsələdə hər zaman Təhsil nazirinin yanında olacaqlarını bildirib:
“Təsəvvür edin, oğul atasının yanında siqaret çəkmir, amma yolda onun yanında polisə rüşvət verir. Başa düşmür ki, rüşvət vermək siqaret çəkmədən daha betər ayıbdır.
Cənab nazir belələrini cəzalandırıbsa, bu, çox gözəl addımdır. Ümumiyyətlə, bölgələrdəki təhsil menecerlərinin işi daha açıq olsa, korrupsiyanın qarşısı alınar. Menecerlərə heç bir maaş verilmir, onlar RTŞ-dən asılı vəziyyətdədirlər. Onlar əməkhaqqı alsalar, bu, daxili nəzarətə çevrilər, rüşvət minimuma enər. Gənc direktor kimi Təhsil nazirinin yanındayıq. İslahatlarını dəstəkləyir, bir nəticəsi olacağına inanırıq”.