“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi “Dini ekstremizmə qarşı mübarizədə, tolerantlıq dəyələrinin təbliğində vətəndaş cəmiyyətinin rolu” mövzusunda QHT fəalları üçün seminar keçirib.
Avropa.info xəbər verir ki, seminarı giriş sözü ilə “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu açıb. O, layihə fəaliyyətləri barədə iştirakçılara məlumat verib. Natiq deyib ki, dini ekstremizm xaricdən ekspansiya olunan ən təhlükəli meyllərdən biridir: “Təəssf ki, ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən radikal ünsürlərin fəaliyyətinə hüquqi qiymət verilməsi bu problemi tamamilə həll edə bilmir. Bu radikal qrupların nümayəndələri həbsxanalarda da bir araya gəlməyi bacarır, bu meyllər hansısa yollarla cəmiyyətə ötürülür”.
A.Rəşidoğlu dini ekstermizmə qarşı mübarizədə Dini Qurumlar üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib.
Bundan sonra tədbir araşdırmaçı jurnalist Rəsul Mirhəşimlinin moderatorluğu ilə davam edib. R.Mirhəşimli qeyd edib ki, Yaxın Şərqdə baş verən proseslər ictimai sektorda və mediada bu proseslərin geniş müzakirəsinə səbəb olub: “Yaxın Şərq münaqişəsi ilə müzakirələrdə bir çox hallarda dini mühitdə baş verənlər də polemika mövzusu olur. Qeyd etmək lazımdır ki, bəzən radikal qrupların fəaliyyətini dinlə əlaqələndirmək meylləri özünü göstərir. İslam dini bir nəfərin öldürülməsini bütün bəşəriyyətin öldürülməsinə bərabər tutur. Dinin bu hikməti ilə yanaşdıqda Yaxın Şərqdəki radikal dini qrupların ayrı-ayrı siyasi-ideoloji mərkəzlərin əlində alət olduğu aydın görünür. Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında QHT təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Bu baxımdan ictimai sektorun nümayəndələri dinin radikal qrupların fəaliyyətindən uzaq olduğu mənəvi dəyər kimi cəmiyyətə çatdırılmalıdır”.
Seminarda Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu “İslam dini və tolerantlıq”, ilahiyatçı Ağa Hacıbəyli “Azərbaycan tolerantlıq modelinin təbliği” mövzusunda məruzələrlə çıxış ediblər.
Bunlarla yanaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahandar Əlifzadə mövzu ilə bağlı çıxış edib. Məruzəçilər müasir dövrdə dini ekstremizm təhdidlərinin mahiyyəti, tolerantlıq dəyələrinin təbliğinin aktual məsələləri və vətəndaş cəmiyyətinin rolu ilə bağlı məlumat verib, öz fikirlərini bölüşüblər.
Seminar “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Dini ekstremizmə qarşı mübarizədə, tolerantlıq dəyərlərinin təbliğində KİV və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib.
Növbəti belə seminarın KİV nümayəndələri üçün keçirilməsi nəzərdə tutulub.