Azərbaycan dövlətçilik tarixində yeni və möhtəşəm bir mərhələ yaşanır. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində dövlət suverenliyinin və Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunması xalqımızın ən böyük tarixi qələbəsidir. Bu tarixi zəfərin mənəvi ucalığını və dövlətin öz vətəndaşına olan qayğısını nümayiş etdirmək məqsədilə cənab Prezident İlham Əliyev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu mühüm il çərçivəsində cənab Prezidentin 15 dekabr 2025-ci il tarixində irəli sürdüyü amnistiya təşəbbüsü, dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələrinin və ümumbəşəri humanizm dəyərlərinin növbəti təntənəsidir.
Müasir Azərbaycanın dövlətçilik təməlləri Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində formalaşmışdır. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin hüquqi fundamentini qurmaqla yanaşı, humanizm prinsiplərini də ön plana çıxarmışdır. 1995-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən 32 əfv fərmanının imzalanması və 7 amnistiya aktının qəbul edilməsi ölkəmizdə mərhəmət ənənələrinin əsasını qoymuşdur. Bu gün həmin möhkəm təməl üzərində qurulan siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm dövlət başçısının həyata keçirdiyi siyasətin əsas ideoloji dayaqlarından biridir və bütün fəaliyyətin mərkəzində insan amili, vətəndaş rifahı və sosial ədalət dayanır.
Azərbaycanda amnistiya institutunun inkişafında və mərhəmət dəyərlərinin təşviqində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolu vardır. Milli Məclisin deputatı olduğu illərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilmişdir. Bu addımlar cəmiyyətdə sosial barışın güclənməsinə və minlərlə insanın islah olunaraq yenidən ailəsinə qovuşmasına xidmət etmişdir. Bu fəaliyyət cənab Prezidentin həyata keçirdiyi humanist siyasəti tamamlayan mühüm mənəvi sütunlardan biridir.
Cənab Prezident İlham Əliyevin bu son təşəbbüsü tətbiq ediləcəyi şəxslərin və azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə müstəqil Azərbaycan tarixinin ən böyük amnistiyası olacaqdır. Ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilən bu aktın proqnozlaşdırılan mənzərəsi aşağıdakı kimidir:
- 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad edilməsi;
- 3 mindən artıq şəxsin cəzasının çəkilməmiş hissəsinin azaldılması;
- 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından azad olunması;
- 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan azad edilməsi;
- Mindən çox şəxsin cinayət məsuliyyətindən azad edilməsi.
Bu amnistiya aktı Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparanları və həssas təbəqələri də xüsusilə nəzərə alır. Layihəyə əsasən aşağıdakı şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur:
- Vətən müharibəsində və 2023-cü il sentyabrın antiterror əməliyyatında iştirak etmiş şəxslərin və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
- Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş mülki şəxslər;
- Qadınlar, 60 yaşına çatmış şəxslər və cinayət törədərkən yetkinlik yaşına çatmayanlar;
- Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslər.
Cənab Prezident İlham Əliyev bu tarixi amnistiya təşəbbüsü ilə bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır. Dövlət başçısı cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, bu şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edir. Bu addım həm də 1995-ci ildən bəri qəbul edilən 12 amnistiya aktı ilə 130 mindən çox insanın əhatə olunduğu böyük humanizm yolunun ən yüksək zirvəsidir.
Hüseynqulu Quliyev
Suraxanı RİHB-nın Yeni Suraxanı Qəsəbə İnzibati Ərazi Dairə Üzrə Nümayəndəsi
