Müasir dünya nizamı fundamental dəyişikliklər mərhələsindən keçir. Prezident İlham Əliyevin 2026-cı ilin yanvarında Davosda verdiyi müsahibə beynəlxalq münasibətlərin artıq yeni bir eraya qədəm qoyduğunun bariz göstəricisidir. Bu yeni dövrün ən səciyyəvi xüsusiyyəti odur ki, beynəlxalq hüquq normaları artıq dünya birliyinin bütün üzvləri üçün mütləq xarakter daşımır. Əvvəlki onilliklərdən fərqli olaraq, hazırda qlobal müstəvidə vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir.
Mövcud reallıqlar hər bir ölkədən öz xarici siyasətini və milli strategiyasını yenidən nəzərdən keçirməyi tələb edir. Azərbaycan bu prosesdə çeviklik nümayiş etdirərək, öz siyasətini real potensialına uyğunlaşdırmağı bacarmışdır. Dövlətimizin strateji məqsədi beynəlxalq hüquqa tam riayət etməklə yanaşı, milli maraqlar əsasında konkret nəticələr əldə etməkdən ibarət olub. Bu yanaşma, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası məsələsində özünü doğrultdu. Görülən işlər həm beynəlxalq hüquqa, həm də ümumi bəşəri dəyərlərə tam uyğun şəkildə həyata keçirildi.
Yeni eranın gətirdiyi ən böyük fürsətlərdən biri Cənubi Qafqazın uzunmüddətli münaqişədən sonra sülh mərhələsinə keçididir. Artıq regionda beş-altı aydır davam edən sülh şəraiti Azərbaycanın apardığı məqsədyönlü siyasətin nəticəsidir. Bu səylər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir; “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezidentə təqdim edilməsi otuz illik qan tökülməsindən sonra Qafqazda sülhün qurulmasına verilən böyük töhfə kimi qəbul edilir.
Azərbaycanın milli maraqlarının təmini həm də onun enerji diplomatiyası ilə sıx bağlıdır. Ölkəmiz Cənubi Qafqazda neft və qaz ixrac edən yeganə dövlət olaraq, həm Gürcüstanın, həm də artıq Ermənistanın enerji ehtiyatlarını təmin edir. Qlobal müstəvidə isə Azərbaycan 16 ölkəyə, o cümldən 10 Avropa İttifaqı üzvünə qaz ixrac edərək enerji təhlükəsizliyində əsas oyunçulardan birinə çevrilib. Hətta Suriya kimi yeni bazarlara çıxış, Azərbaycanın boru kəməri qazı üzrə coğrafi əhatəsinə görə dünyada birinci yerə yüksəlməsini təmin edib.
Daxili sabitliyin qorunması isə xarici risklərin idarə olunmasından keçir. Ölkə daxilində heç bir potensial risk olmasa da, regionda, xüsusilə İranda baş verən qeyri-sabitlik Bakını narahat edən amillərdəndir. Çünki proqnozlaşdırılan enerji bazarı və sülh şəraiti həm hasilatçı, həm də istehlakçı ölkələrin inkişafı üçün yeganə yoldur.
Milli maraqların təmini həm də xarici təzyiqlərə qarşı davamlılıq tələb edir. Azərbaycan Avropa Parlamentinin illərdir davam edən qərəzli tənqidlərinə artıq reaksiya vermir. Bu qərəzin arxasında müstəqil siyasətimizi həzm edə bilməyən xüsusi lobbi qruplarının dayandığı aydındır. Azərbaycan Avropa Komissiyası ilə konstruktiv əməkdaşlığı davam etdirsə də, ədalətsiz mövqe sərgiləyən parlament strukturları ilə əlaqələri dayandırıb.
Maqsud Əhmədov
Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin direktoru
