
Bakı. Trend:
Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı
reallıqlar fonunda bu gün türk dövlətlərinin birliyinin,
həmrəyliyinin daha da gücləndirilməsi vacib məsələdir. Həmçinin
yeni dünya nizamının formalaşması bu birliyin möhkəmləndirilməsinə
çağırış edir. Azərbaycanın Türk dünyasının birliyinə verdiyi
töhfələr davamlılığı ilə diqqətdədir. O da məlumdur ki, Prezident
İlham Əliyevin təşəbbüsü ilə hər il Türk Dövlətləri Təşkilatının
(TDT) qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi də artıq ənənə
halını alıb. Türk Dövlətləri Təşkilatının dünya miqyasında rolunun
artması, qlobal güc mərkəzlərinin birinə çevrilməsi mühüm əhəmiyyət
kəsb edir. Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə
Naxçıvan şəhərində imzalanmış Naxçıvan müqaviləsi ilə Azərbaycan,
Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən təsis olunub.
Beləliklə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türk
Dövlətləri Təşkilatının qurucu dövlətləridir. Özbəkistan 2019-cu
ildə təşkilata üzv qəbul edilib. Macarıstan, Türkmənistan və Şimali
Kipr Türk Respublikası təşkilata müşahidəçi üzv qəbul
olunublar.
Prezident İlham Əliyev çıxışlarında bu çağırışı edir ki,
Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində
səylərini bundan sonra da davam etdirəcək. Türk dünyasının birliyi
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Bu
ilin oktyabrında Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının
“Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə Görüşünə ev
sahibliyi etdi. Qəbələ Zirvə Görüşü Türk dünyasının ortaq strateji
hədəflərinin və birgə fəaliyyət mexanizmlərinin müəyyən edilməsi
baxımından vacib mərhələ oldu.
Bu fikirləri Trend-ə Milli
Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Türk dünyasının birliyi
hazırda bütün sahələri əhatə edir. Bu günlərdə Azərbaycanda Türk
Dövlətləri Təşkilatına üzv dövlətlərin qeyri-hökumət
təşkilatlarının həmrəylik forumu keçirildi. Dövlət başçısı İlham
Əliyevin forumun iştirakçılarına müraciətində qeyd etdiyi kimi,
türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə
güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını,
birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın
dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir.
İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə
atılmış mühüm addımdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, dünya nizamının dəyişikliklərə
məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni
fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr media
sahəsində da yeni vəzifələr, hədəflər müəyyənləşdirir. Bu gün
dünyada müəyyən qüvvələr medianın, sosial şəbəkələrin gücündən
istifadə edərək qərəzli məlumatlar, dezinformasiar yayırlar. Buna
qarşı effektiv mübarizə üsullarından biri də tərəfdaş dövlətlərlə
əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan Bakıda türkdilli
dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını
möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media
Forumunun keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Media sahəsində
həyata keçirilən birgə layihələr, qarşılıqlı informasiya mübadiləsi
türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya
məkanının formalaşmasına mühüm töhfədir. Forumda müzakirə olunan
məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi,
dezinformasiya ilə mübarizədə birgə addımların koordinasiyası,
strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində
ortaq təşəbbüslərin daha səmərəli şəkildə həyata keçirilməsinə yeni
imkanlar açacaq. Forum çərçivəsində “Müasir dövrdə artan qlobal
informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar:
Türk dövlətlərinin media ekosistemi nümunəsində” və “Rəqəmsal media
mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları”
mövzusunda panel sessiyaları təşkil edildi. Panel sessiyanın
iştirakçıları qlobal informasiya risklərinin sürətlə artması,
dezinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması
fonunda türk dövlətlərinin media ekosistemində dayanıqlılığın
gücləndirilməsinin strateji zərurətini müzakirə edib, rəqəmsal
informasiya mühitində sürətlə baş verən dəyişikliklər, TDT ölkələri
arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq
platformalarının qurulmasının əhəmiyyəti barədə fikir mübadiləsi
apardılar.
Millət vəkili bildirib ki, bu gün qabaqcıl texnologiyaların
tətbiqi, sosial media platformalarında fəallığın artırılması,
rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi,
dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv
kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak kimi
məsələlər son dərəcə aktual çağırışlar kimi qarşıda dayanır. Bu gün
sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Elə dövrə
gəlib çatmışıq ki, sosial şəbəkələr bir çox halda mənbə rolunu
oynayır. Prezident İlham Əliyev bu günlərdə İqtisadi Əməkdaşlıq
Təşkilatının (D-8) ilk Media Forumunun iştirakçılarına müraciətində
bu məqamları xüsusi qeyd etdi ki, qlobal böhranlar, bəşəriyyət
qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə
ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən
media sahəsində həmrəylik nümayiş etdirməsi olduqca vacibdir.
Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır,
beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas
hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və
anlayışın formalaşmasında mühüm rol oynayır. Hazırda media mühiti
sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal
informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid
təhdidlər, “deepfake”lər, süni intellektin imkanlarından
sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır.
Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir
göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və
ölkələr arasında etimadı sarsıdır.
Vüqar Rəhimzadə onu da qeyd edib ki, Azərbaycan media sahəsində
bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu
istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmiz milli
media strategiyasını beynəlxalq təcrübə ilə uzlaşdıraraq,
jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan
xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi
diqqət yetirir. Eyni zamanda, regional əməkdaşlıq vasitəsilə ortaq
informasiya platformalarının yaradılmasını dəstəkləyir. Tarixi
Zəfərimizdən sonra Azərbaycan dövlətinin medianın inkişafı, yeni
dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi
istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Dövlət
başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan
Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi
haqqında” Fərmanı, “Media haqqında” yeni Qanunun qəbulu və sair
kimi addımlar bunun bariz nümunəsidir. Azərbaycanda medianın
inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq
işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya
texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması
məqsədilə imzalanan bu Fərmanda da qeyd olunduğu kimi, qlobal
informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə
uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların
geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm
şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı
imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun
şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan,
cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət
edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı
islahatlar aparılmasına zərurət yaranır. Azərbaycanda cəmiyyət
həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata
keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya
məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya
vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların,
iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində
keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.
Milli Məclisin deputatı bildirib ki, Türk Dövlətləri
Təşkilatının media Forumu dost, qardaş ölkələrin media qurumları
arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar
yaradan yeni əməkdaşlıq platformasıdır. Forumda səslənən ideyalar,
təkliflər və irəli sürülən birgə təşəbbüslər gələcəkdə türk
dövlətlərinin informasiya siyasətində mühüm rol oynayacaq.
Türkdilli dövlətlərin media və kommunikasiya sahəsində
əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən Türk Dövlətləri
Təşkilatının Media Forumu dost və qardaş ölkələrin media qurumları
arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar
yaradır. Bu isə dezinformasiyalara qarşı mübarizədə yeni və uğurlu
əməkdaşlıq platforması formalaşdıra bilər. Qlobal informasiya
risklərinin sürətlə artdığı və dezinformasiya kampaniyalarının
geniş yayıldığı bir dövrdə türk dövlətlərinin media sahəsində
dayanıqlılığını gücləndirməsi zərurətə çevrilib. Bu səbəbdən türk
dövlətlərinin media və kommunikasiya sahəsində əməkdaşlığını
möhkəmləndirmək məqsədilə təşkil olunan bu Forum mühüm əhəmiyyət
kəsb edir. Qarşıda dayanan əsas vəzifələrdən biri doğru, qərəzsiz,
obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin media qurumları arasında
etibarlı əməkdaşlığın formalaşdırılmasıdır. Əməkdaşlıq nəticəsində
formalaşacaq koordinasiyalı fəaliyyət dezinformasiyaya qarşı çevik
müdafiə mexanizmlərinin formalaşdırılmasında da mühüm rol
oynayacaq. Şübhəsiz, bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının
(D-8) ilk Media Forumunun, Türk Dövlətləri Təşkilatına üzv
ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun,
ardınca təşkilatın Media Forumunun da keçirilməsi xalqlarımız
arasında əməkdaşlığın, qarşılıqlı etimadın və həmrəyliyin
möhkəmlənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına
mühüm töhfə verəcək.
