Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa şəhəri, özünün zəngin mədəni irsi, əsrarəngiz təbiəti və misilsiz memarlıq abidələri ilə hər zaman xalqımızın qürur mənbəyi olub. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınan bu möhtəşəm şəhər, strateji əhəmiyyətinə və təbii müdafiə imkanlarına görə “Qala şəhəri” adını qazanmışdı. İlk dövrlərdə “Pənahabad” adlandırılan şəhər, qısa müddətdə Qarabağ xanlığının paytaxtına çevrildi və regionun ən önəmli siyasi-mədəni mərkəzlərindən birinə çevrildi. XVIII-XIX əsrlərdə Şuşa sürətlə inkişaf edərək, Cənubi Qafqazın ən böyük şəhərlərindən birinə çevrildi.
Şuşa həm də Azərbaycan mədəniyyətinin beşiyi sayılır. Burada muğam sənəti özünün ən yüksək inkişaf mərhələsinə çatmışdı. Xan qızı Natəvan, Üzeyir Hacıbəyov, Bülbül, Cabbar Qaryağdıoğlu kimi görkəmli şəxsiyyətlər məhz Şuşada dünyaya göz açıb, burada yaşayıb-yaratmışlar.
1992-ci il mayın 8-də erməni işğalçıları tərəfindən zəbt edilən Şuşa, 28 il ərzində düşmən tapdağı altında qaldı. İşğal dövründə şəhərin tariximədəni irsinə qarşı vandalizm aktları həyata keçirildi. 170-dən çox tarixi-memarlıq abidəsi, o cümlədən Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi və digər tarixi binalar ciddi zərər gördü. İşğal illərində Şuşanın 25 minə yaxın əhalisi məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Ermənistan işğal dövründə şəhərin demoqrafik tərkibini məcburi köçürmə ilə dəyişdirsədə, şəhərin Azərbaycan siması heç vaxt özünü dəyişdirmədi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli mərhələ başladı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev, Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü və milli maraqları çərçivəsində həllinə nail olmaq üçün daha güclü və təsirli siyasət yürütməyə başladı. İlham Əliyevin siyasətinin əsas prioriteti sülh yolu ilə yanaşı, ordunun gücləndirilməsi və Azərbaycanın hərbi üstünlüyünün təmin edilməsi idi. O, ölkənin müdafiə qüdrətini artıraraq, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün olmadığı təqdirdə, hərbi yolla azad olunmasına şərait yaratdı. Prezident İlham Əliyevin Qarabağ məsələsində diplomatiya ilə hərbi gücü birləşdirən siyasəti 2020-ci ildə böyük qələbə ilə nəticələndi. Vətən müharibəsi adını alan bu hərbi əməliyyat Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və müasir hərbi taktikalarla düşmənin işğalçı qüvvələrinə qarşı mübarizəsini nümayiş etdirdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ən böyük zəfərlərindən biri məhz Şuşanın azad edilməsi oldu. Noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri çətin relyef şəraitində, minimum itki ilə şəhəri düşməndən azad etdi.Əsgərlərimiz sıldırım qayalarla qalxaraq, əlbəyaxa döyüşdə düşməni məğlub etdilər. Bu əməliyyat hərb tarixinə qızıl hərflərlə yazıldı. Şuşanın azad edilməsində iştirak edən hərbçilərimiz misilsiz qəhrəmanlıq nümunələri göstərdilər. Ağır hava şəraitində, texnikanın minimum istifadəsi ilə həyata keçirilən əməliyyat zamanı əsgərlərimiz yüngül silahlarla və fiziki güc hesabına irəliləyirdilər. Şəhərə gedən bütün yolların minalanmasına baxmayaraq, alternativ marşrutlarla hərəkət edən qəhrəmanlarımız düşməni gözləmədiyi istiqamətdən zərbə endirdilər. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti, media platformaları vasitəsilə, həmçinin xarici diplomatik səfirliklər və diaspor təşkilatları ilə sıx əməkdaşlıq quraraq, Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışıb. Prezident xarici media orqanları ilə verdiyi müsahibələrdə dəfələrlə Qarabağın Azərbaycan torpaqları olduğunu, işğal dövründə törədilmiş vandalizm aktlarını və xalqımızın tarixinin təhrif edildiyini vurğulamışdır. İlham Əliyev Ermənistanın dezinformasiya siyasətini açıq şəkildə ifşa edərək, dünya liderlərini Azərbaycanın haqlı mövqeyinə diqqət yetirməyə çağırıb.
Prezident İlham Əliyevin Şuşaya ilk səfəri 2021-ci ilin yanvarında baş tutdu və bu səfər milli ruhun yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. O, həmin səfəri zamanı Şuşanın azad edilməsi ilə Azərbaycanın mədəniyyət paytaxtının yenidən dirçələcəyini vurğuladı.Prezident İlham Əliyev və Vitse-Prezident Mehriban Əliyeva, işğal zamanı ermənilər tərəfindən ziyan görmüş tarixi-mədəni abidələri yerindəcə nəzərdən keçirdilər, dağıdılmış binaların bərpası, eləcə də şəhərin yenidən qurulması üçün mühüm qərarlar qəbul edildi. Prezident İlham Əliyevin Qarabağa və Şuşaya səfərləri, eləcə də dezinformasiyaya qarşı apardığı uğurlu mübarizə, Azərbaycanın mədəni və ərazi bütövlüyünün möhkəmləndirilməsi üçün böyük əhəmiyyət daşıyır. Şuşa və Qarabağın digər bölgələri bu səylərin nəticəsində Azərbaycanın iqtisadi, sosial və mədəni sisteminə daha dərin inteqrasiya edir, ölkəmizin zəngin tarixinin və mədəniyyətinin qoruyucusu olaraq gələcək nəsillərə ötürülməsi üçün möhkəm zəmin hazırlayır. Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev tərəfindən Şuşaya verilən diqqət nəticəsində şəhər Azərbaycanın iqtisadi, mədəni və turizm sahələrində yenidən önəmli mərkəzlərdən birinə çevrilməkdədir. İlk növbədə, işğal illərində ciddi zərər görmüş tarixi-memarlıq abidələrinin bərpasına başlanıldı. Gövhər Ağa məscidi, Xurşidbanu Natəvanın evi, Vaqifin məqbərəsi kimi tarixi abidələr yenidən qurulub, ilkin görünüşünə qaytarılıb. Şuşa Cıdır düzü, şəhərin mədəniyyət və tarixinə xüsusi əhəmiyyət verən tədbirlərin keçirildiyi əsas məkandır. Burada hər il ənənəvi “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri təşkil edilir, bu tədbirlər Şuşanın Azərbaycanın mədəni həyatında xüsusi yerini bir daha nümayiş etdirir. İşğaldan sonra Şuşanın infrastrukturu demək olar ki, tamamilə yenidən qurulub. Şəhərə gediş-gəlişi asanlaşdırmaq üçün “Zəfər yolu” çəkilib ki, bu da Şuşanı Azərbaycanın digər regionları ilə birbaşa əlaqələndirir. Şuşanın bərpasında Azərbaycan memarlıq irsini qorumaqla yanaşı, şəhərə müasir dizayn prinsiplərinin inteqrasiyasına da xüsusi önəm verilir. Prezident İlham Əliyevin göstərişi ilə şəhərdə mədəni tədbirlərin keçirilməsi, Şuşanın həm yerli, həm də beynəlxalq səviyyədə tanınmasına və Azərbaycanın mədəniyyət paytaxtı olaraq təsdiqlənməsinə şərait yaradır.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və fəxarət mənbəyidir. Bu tarix Şuşanın azad edilməsi ilə əlamətdar olmaqla yanaşı, həm də Vətən müharibəsində qazanılan böyük Zəfərin rəmzinə çevrilib. Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və əzmini bütün dünyaya nümayiş etdirdi. Bu gün Şuşa öz tarixi simasını bərpa edir, yeni nəfəs alır. Şəhərdə həyata keçirilən layihələr, aparılan quruculuq işləri Şuşanın tezliklə öz əvvəlki şöhrətini qaytaracağına və hətta onu üstələyəcəyinə əminlik yaradır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi öz missiyasını uğurla yerinə yetirir və gələcək nəsillərə ötürüləcək zəngin mədəni irsin qoruyucusu rolunu daşıyır.