Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır. Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılmışdır. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir.
Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) vardır. Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top – Dəlləkli kəndləri istiqamətində Araza doğru enir. Rayonun ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olur. XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır: Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur. Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur.
Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Rayonun Məmmədbəyli kəndində olan Məmmədbəyli türbəsi dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi azca dağılmışdır. Türbə piramidal günbəzlərlə örtülmüş səkkizgüşəli prizmadan ibarətdir. Türbənin əsas qapısı şimal-qərb tərəfdədir. Onun üzü çox sadə işlənmişdir. Üz müstəvilərinin əsas hissələri batıqdır. Buna görə də türbənin küncləri bir qədər çıxıntılıdır. Türbənin qapısı yerdən 1,8 m hündürlükdədir. Orada yeraltı sərdabədə mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Abidənin karnizi diqqəti cəlb edir.
Zəngilan şəhərində məscid. Rayon mərkəzində olan bu məscid XVII – XVIII əsrlə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12 x 20 m idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağformalı olmuşdur. Onun üst tərəfində kitabəsi var idi. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi. Rayon ərazisində tapılmış qoç heykəlləri və at fiqurları da uzaq keçmişimizdən xəbər verirdi.
Koroğlu daşı. Xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan bir daş əslində ondan xeyli əvvəllər mövcud olmuşdur. Bu daş ağ rəngdədir və onun nisbətən baş tərəfində bir oyuq var. Həmin daşın yerləşdiyi yerə Ağ oyuq deyirlər. Bu ərazinin belə adlanması bu daşla əlaqədardır. Ağ (daş) oyuq (yenə daşda) sözləri hər şeyin adını göstərir. Daşın üzərindəki oyuqda qədim türklər, atəşpərəstlər od qalayardı. Bu oyuqda da çox güman ki, şam yanardı, müxtəlif ayinləri icra edərdilər. Daşın üzərində qəribə yazılar da vardır. Bunlar qədim türk yazılarına bənzəyirdi. Çox güman ki, bunlar Orxan-Yenisey yazılarıdır. Bu əraziyə bəzən “Yazı düzü” də deyirlər1988-ci ildən başlanan Ermənistan-Azərbaycan münaqişəsi Zəngilan rayonunda 1990-cı ildən daha tez-tez hiss olunmağa başladı. Ermənilər dəmir yolunu bağlayaraq qatarları saxlayır və adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri ov tüfəngləri ilə silahlandığı halda, düşmən silah və texnika ilə təchiz edilmişdi. 1992-ci ilin əvvəlindən etibarən ermənilər rayona davamlı olaraq hücumlar etməyə başladılar.
Ermənilərin növbəti hücumu iyunun 29-da oldu. Ağır döyüşlər zamanı hər iki tərəf itkilər verdi. İyulun 6-da düşmən rayon mərkəzini atəşə tutmağa başladı. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qaldı. Oktyabrın 20-də isə ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad olub. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 20-də xalqa çatdırdı: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Azərbaycan 44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub.
Bundan əlavə, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Beləcə, ötən il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb. Böyük Qayıdışın da başlanğıcı olan bu proses tariximizdə çox yaddaqalan hadisə olub.
Azad olunan ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.
Natiq Həsənov
Bül-bülə bələdiyyə sədri