Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl 08.08.1930-cu ildə inzibati rayon statusu almışdır. Ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir.
Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşmasına baxmayaraq 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçdi. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdə birlikdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana,132 tarixi abidə,150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı.
1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir. 2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilmişdir.
2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edildi.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub. Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş torpaqlarımızda olduğu kimi, Cəbrayıl rayonunda da böyük quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib, Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. 2023 cü il mayın 4-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməli qoyulub.
Azərbaycanın ümumi enerji sisteminə yeni töhfə olan yarımstansiya Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edərək ixrac imkanlarını artırmaq baxımından da xüsusi önəm daşıyır. İşğaldan azad edilən rayonlarda bu müddətdə 11 yerdə tikilən 110 kilovoltluq yarımstansiyaları selektiv paylama ilə qidalandırıb, dairəvi elektrik təchizatına nail olmaq üçü 330kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası ilə 110 kilovoltluq “Qubadlı” yarımstansiyası arasında ötürmə xətti çəkilib. “Cəbrayıl” enerji qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir. Perspektivdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, həmçinin Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün “Cəbrayıl” qovşaq yarımstansiyasının işə düşməsi xüsusi önəm daşıyır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır və təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planıdır 25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 238 nömrəli Qərarı ilə təsdiq edilib. Baş planların hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin inşası da sürətlə davam etdirilir:
“Ümumi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq.
Böyük qayıdış uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən hər il 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi qeyd olunacaq.
İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması, quruculuq işlərinin aparılması Vətən Müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Aynurə Məmmədova
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini