Bildiyiniz kimi Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.
Əvvəla onu qeyd etmək istərdim ki, 1975-ci ildən bəri hər il sentyabr ayında təşkil olunan və Çernobbio Forumu kimi tanınan beynəlxalq tədbirdə dünya iqtisadiyyatı və cəmiyyətlər qarşısında duran cari məsələlər, problemlər müzakirəyə çıxarılır. Tədbirin birinci günü adətən iqtisadi, geosiyasi, elmi və texnoloji sahədə qlobal problemlərə həsr olunur. İkinci gün əsas diqqət Avropaya yönəldilir və Avropa İttifaqı ilə bağlı ən aktual məsələlər müzakirə edilir. Üçüncü gün isə hökumət nümayəndələrinin, rəsmilərin, biznes və maliyyə sahəsinin mühüm şəxslərinin iştirakı ilə İtaliyaya həsr olunur.
Azərbaycan bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilmiş İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələrə malikdir. İki ölkə arasında siyasi dialoqun yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənmişdir. İtaliya Azərbaycan arasında siyasi münasibətlər Rusiya imperiyasının süqutundan sonra 1918-ci il mayın 28-də elan etdiyimiz qısa ilk müstəqilliyimiz ilə başlamışdır. İki ölkə arasında Sovet İttifaqının yaranması ilə zəifləyən əlaqələr kino və musiqi vasitəsi ilə canlı mədəni əlaqələr şəklində mövcudluğunu davam etdirdi. Real əməkdaşlıq SSRİ-nin dağılması və müstəqillik əldə etməyimiz ilə bərpa olundu. Beləliklə, iki ölkə arasında sıx siyasi və iqtisadi mübadilələrin uzun tarixi başlamışdır.
Azərbaycan son illərdə TAP, Trans-Adriatik Qaz Boru Kəməri sayəsində İtaliyanın birinci xam neft tədarükçülərindən və əsas qaz təchizatçılarından birinə çevrilmişdir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından Avropaya qaz nəqli üçün nəzərdə tutulan bu layihə, təkcə 2022-ci ildə İtaliyaya 13,2 milyard avro (illik 3,9 dəfə artım) dəyərində 10,3 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +43,1%) tədarükünü təmin etmişdir.
Lakin iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin də sübut etdiyi kimi hər iki ölkə ticarətdən tutmuş mədəniyyətə qədər saysız-hesabsız sahələrdə fəal və sərfəli əməkdaşlıq etdiyinə görə İtaliya-Azərbaycan tərəfdaşlığının enerji əməkdaşlığı sahəsi ilə məhdudlaşdığını düşünmək səhvdir. Bu baxımdan, ilk İtaliya dövlət başçısının Azərbaycana səfəri olan 2018-ci ilin iyulunda Respublika Prezidenti Sercio Mattarellanın Bakıya tarixi dövlət səfərini xatırlamaq olar. Bu səfərdən sonra İtaliyaya eyni dərəcədə əhəmiyyət daşıyan iki tarixi səfər baş tutdu: Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın 2018-ci ilin sentyabrında Azərbaycan Birinci vitse-prezidenti kimi həyata keçirdiyi ilk institusional xarici səfəri və daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya ilk dövlət səfəri.
Təbii ki, ikitərəfli münasibətlərin belə dərinləşməsi 23 oktyabr 2020-ci il tarixində baş qərargahımızın müasir diplomatik missiyanın ehtiyaclarına cavab verən daha geniş struktura köçməsi ilə nəticələndi. Eyni zamanda 8 noyabr 2022-ci il tarixində İtaliyada Azərbaycanın Romadakı Səfirliyinin yeni binasının və Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı reallaşdı. İtaliya ilə məkdaşlığımızın bünövrəsi möhkəm olduğuna görə perspektivlər də böyük, gözləntilər də çoxdur.
Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur.Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər.
Forumda möhtərəm Prezidentimiz “…onu da vurğulamaq istərdim ki, bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlığa malik olmağımız, – yeri gəlmişkən Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır, – 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik.” Deyə də çıxış etmişdir. Qeyd etmək istərdim ki, ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin bizim üçün böyük töhfələri oldu. 2012-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH ölkələrinin dəstəyi də öz rolunu oynamışdır. QH üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək vermişdir. Xüsusilə bu dəstək Vətən müharibəsi dövründə hiss edildi. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 QH ölkəsi tərəfindən inamla alınmışdır. 2022-ci ildə də bənzər hadisə baş verdi.
Azərbaycanın ədalətli mövqeyinin QH ölkələri tərəfindən dəstəklənməsi onların bu məsələdə beynəlxalq hüquqa əsaslanmaları ilə yanaşı, eyni zamanda, etibarlı tərəfdaş olan və beynəlxalq aləmin məsuliyyətli və fəal üzvü olan Azərbaycanı dəstəkləmək istəyindən də qaynaqlanır. Bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bütün bunlar bizi əmin edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da uca zirvələr fəth edəcəkdir.
Validə Həsənova
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi