Vətən müharibəsi erməni işğalına son qoymaqla Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğacı oldu. Vətən müharibəsindən əvvəl Azərbaycan xalqı Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarının işğal günlərini yad edirdi. Vətən müharibəsi nisgil və acı dolu tarixlərinin əvəzinə qürur və sevinc tarixləri bəxş etdi. İndi xalqımız Laçının işğal gününü deyil, 26 avqustda Laçın şəhəri gününü qeyd edir.
Laçın rayonunun inzibati mərkəz kimi tarixi 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılması ilə başlayır. Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Laçın şəhəri mərkəz olmaqla, 1930-cu il avqustun 8-də Laçın rayonu yaradılıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizlənməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Laçının işğala məruz qalması böyük faciə olmaqla yanaşı strateji nöqteyi-nəzərindən böyük bir sınaq, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.
Ermənistan Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.
Vətən müharibəsində qazanılan parlaq qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində Azərbaycanın suverinliyi tam bərpa olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu Sərəncamla 26 avqust Laçın şəhəri günü olaraq müəyyən olunub.
Ötən il mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Prezident İlham Əliyev hər şeyin çox böyük zövqlə yaradıldığını bildirərək bunun həm insanların burada rahat yaşamasını təmin etməyə xidmət etməklə yanaşı, Laçın şəhərinin müasir simasının Azərbaycanın əldə etdiyi uğurla eyni səviyyədə olmasını təmin etməyə xidmət etməlidir. “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur”.
Prezident İlham Əliyevin cənnətin təsvirinə bənzətdiyi Laçın rayonunda həyata keçirilən böyük abadlıq-quruculuq işlərinə işğala son qoyulduqdan dərhal sonra başlanılıb. Bunun nəticəsində 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Merik” və “Ağbulaq” Su Elektrik stansiyalarında son tamamlanma işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlıdır. Yeni yolun üzərində ümumilikdə 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Qarabağın və Şərqi Zəngəzurun Prezident İlham Əliyevin dediyi kimi cənnətə çevirilməsi bu gün də uğurla davam edir. Azərbaycan hərb meydanında olduğu kimi, quruculuq sahəsində də xariqələr yaradılır.
Rəvan Nüsrətli
Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi