Şərqdən – Qərbə, Şimaldan – Cənuba etibarlı yükdaşımanın mərkəzinə çevrilmiş rəsmi Bakı bu tranzit yollardan məqsədəuyğun şəkildə istifadə etməklə yüklərin təhlükəsiz çatdırılmasında qarantdır. Yaşı əsrlərə dayanan “İpək Yolu”nun yenidən qurulması, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi nəticəsində Mərkəzi Asiyadan eləcə də Çindən Avropaya və ya əks istiqamətdə yükdaşımalar təmin edilir. Tranzit əlaqələrin qurulması və yükdaşımaların həyata keçirilməsi iqtisadi cəhətdən rentabelli olmaqla yanaşı, geosiyasi cəhətdən də ölkəmizin önəmini önə çıxardır.
Bu gün Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilmiş ölkəmizin məhz tranzit yükdaşımalara evsahibliyi etməsi beynəlxalq münasibətlərdə mövqeyimizi daha da möhkəmləndirir. Tranzitdaşımalarda önəmli yer tutmağımızda başlıca səbəb yol infrastrukturunun yenilənməsi ilə yanaşı Bakının sabitliyin və təhlükəsizlik kimi mühüm amillərin qarantı olması nəticəsində baş verir. Hər zaman Azərbaycanın dost ölkələrə göstərdiyi konstruktiv mövqe, ədalətli yanaşma bütün sahələrdə münasibətlərimizin inkişafına zəmin yaradır, əlaqələrimizi irəli aparır.
Mərkəzi Asiya dövlətləri ilə qurulan isti münasibətlər, xüsusilə də Özbəkistanın işğaldan azad olunmuş Füzuli şəhərində tikdiyi məktəb, Qazaxıstan Prezidentinin açılışı etdiyi və bu ölkə tərəfindən inşa olunmuş yaradıcılıq mərkəzi dostluğumuzun simvolları hesab olunur. Bu dövlətlərlə Türk Dövlətləri Təşkilatı çərcivəsində apardığımız səmərəli əməkdaşlıqlarla yanaşı, qurulmuş ikitərəfli əlaqələr, artan ticarət dövriyəsi nəticəsində rəsmi Bakı Mərkəzi Asiya dövlətləri ilə ən çox əməkdaşlıq edən ölkələrin sırasında yer alıb.
Məhz yükdaşımalarda ölkəmizin önəminin artması və müxtəlif marşrutların təqdim olunması Şərqdən-Qərbə və ya əks istiqamətdə tranzit daşımada marağı olan ölkələr üçün əhəmiyyətlidir. Məhz Orta Dəhlizin qurulması, Dəhlizin mühüm hissələrindən biri olan Transxəzər Nəqliyyat Dəhlizi xüsusilə Tacikistan və digər dövlət üçün önəmlidir.
Tacikistan elə Mərkəzi Asiya dövlətlərindən biridir ki, ölkəmizlə ikitərəfli əlaqələri yüksək səviyyədədir. Tarixi əsrlərə dayanan xalqlarımız arasındakı ortaq dostluq münasibətləri dövlətlərimiz arasındakı bugünkü əlaqələrin bazasını təşkil edir. Hər iki ölkənin Liderlərinin səmimi münasibətləri hesabına dövlətlər arasındakı əməkdaşlıq daha da artaraq bugünkü səviyyəyə yüksəlib.
Dövlətlər arasındakı münasibətlər 1992-ci ildə qurulsa da, 2007-ci ildə rəsmi Bakının Düşənbədə diplomatik nümayəndəlik təsis etməsi ilə səmimi əlaqələr yaranmağa başladı. Prezident İlham Əliyevin və Tacikistan Liderinin qarşılıqlı dostluqları, çoxsaylı yüksək səviyyəli səfərləri, ortaya qoyulmuş vahid mövqe və imzalanmış sənədlər hesabına əlaqələr daha da inkişaf etdi.
Dünən bu ölkənin Prezidenti Emoməli Rəhmonun ölkəmizə səfər etməsi və səfər zamanı dövlət başçılarının keçirdiyi görüşlər, mətbuata açıqlamaları, imzalanmış sənədlər münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından olduqca vacibdir.
İmzalanan ən mühüm sənəd isə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın qurulmasına fokuslanmış “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” idi. Məhz bu sənədlə Azərbaycan-Tacikistan münasibətləri strateji tərəfdaşlıq müstəvisinə qədər yüksəldi.
Ölkələr arasındakı münasibətlərə dair imzalanmış digər sənədlərlə müxtəlif istiqamətlərdə qarşılıqlı olaraq işlərin davam etdirilməsi nəzərdə tutur, hansı ki, bu hər iki ölkənin maraqlarına tam uyğundur. Azərbaycan – Tacikistan arasında olan siyasi, iqtisadi əlaqələrlə bərabər ölkəmizdə bu dost dövlətin mədəniyyət günlərinin keçirilməsi, bu ölkədən olan tələbələrin təhsil almaq məqsədilə Azərbaycana gəlməsi humanitar və sosial əlaqələrimizin inkişafını da təmin edir.