Yanvarın 31-i gecəsi Böyük çillə öz yerini Kiçik çilləyə verəcək. Beləliklə, fevralın 1-dən etibarən qışın sərt dövrü – Kiçik çillə başlayacaq.
Qışın ikinci mərhələsi sayılan bu dövrdə hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. Xalqın yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük və Kiçik çillələr bir-birinə qarşı qoyulur. Böyük çillə nə qədər yumşaq təbiətli obrazlaşdırılırsa, Kiçik çillə onun əksinə olaraq öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə edilir.
20 günlük Kiçik çillədə Xıdır İlyas bayramı keçirilir. Hansı ki, bəzi bölgələrdə Xıdır Nəbi də deyilir. Naxçıvanda bu bayram olduğu şəkildə keçirilir. Yəni Naxçıvan camaatı onu fevral ayının 10-a qədər qeyd edir. Doğrudur, bəziləri bunu cümə axşamları günündə qeyd edir. Təbii ki, bu ənənə İslamı qəbul etdikdən sonra gətirilib. Bu da təbiidir. Çünki hansı ideoloji, dini görüş fəlsəfəsi varsa mütləq gəlib özünü Novruzda tapıb. Novruz Şumer mədəniyyətindən, Zərdüştlükdən, xristianlıqdan keçib, İslam, müsəlmançılıq dövrünə qədəm qoyub. Bu mənada Xıdır İlyas bayramlarının cümə axşmalarında qeyd edilməsi bununla bağlıdır.
Xıdır Nəbi, Xıdır İlyas əslində xilaskarlıq simvoludur. Xıdırı gözləyən insanlar yazın gəlməsini böyük səbirsizliklə gözləyirdilər. Bunun üçün buğdadan qovğa, qovud hazırlanırdı. İnanca görə qovudu qapının kandarına qoyanda, gecə yatdıqları zaman Xıdır gecə öz boz atı ilə gəlib ordan keçəndə onun atının ləpirləri qovudda iz salacaq. Səhər yuxudan durub qovudda hansı izlərin, əlamətlərin olduğu yoxlanılır. Yəni el arasında belə bir inanclar var. İnsanlar o qədər Xıdıra ümid bəsləyirdilər, inanırdılar ki, bu şaxtadan soyuqdan onları qurtaracaq.
Qışı keçirmək üçün insanlar buna həm də fiziki olaraq hazırlaşırdılar. Yəni qışda öz sağlamlıqlarını qorumaq üçün həm özləri, həm də mal-qaraları üçün ərzaq tədarükü görürdülər. Çünki bilirdilər ki, Kiçik çillə gələn kimi ağır günlər başlayacaq.
Qeyd edək ki, Kiçik çillə bitən kimi Boz ay gəlir. Boz ayda məlum çərşənbələr olur. O da məlumdur ki, Boz aydan əvvəl yalançı çərşənbələr də olub. Belə ki, 7 çərşənbənin olması haqda fikirlər var. Bunların 3-ü “oğru”, yəni “yalançı çərşənbələr”, su, od, yel və torpaq çərşənbələri isə doğru çərşənbələrdir.
Onu da xatırladaq ki, bu ilin Su çərşənbəsi – fevralın 27-də, Od çərşənbəsi – martın 5-də, Yel çərşənbəsi – martın 12-də, Torpaq çərşənbəsi – martın 19-da olacaqdır.
Bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Musavat.com