Ölkə başçısının bu ilin yayında imzaladığı sərəncama əsasən 25 noyabr tarixi uzun illər düşmən işğalında qalmış Kəlbəcər rayonunun işğaldan azad edildiyi gün olaraq xüsusi qeyd edilir. 90-cı illərin əvvəllərində azərbaycanlılara qarşı kütləvi cinayətlər törədən Ermənistanın atdığı addımlar təəssüf ki, Kəlbəcər rayonundan da yan keçmədi. Qədim türk yurdu və Azərbaycanın ayrılmaz hissəsi olan Kəlbəcər 1993-cü ildə Ermənistan tərəfindən işğal olundu. 1993-cü ilin 2 aprelində rayonunun işğalı zamanı 511 nəfər dinc həmvətənlimiz qəddarcasına öldürüldü, 321 nəfər isə əsir götürülüb.
Bu sözləri millət vəkili, Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.
Deputat xatırladıb ki, Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə 50 mindən artıq Azərbaycan vətəndaşı 30 il ərzində məcburi köçkün həyatı yaşamağa məcbur olub:
“Məhz bu erməni vandalizminin iç üzüdür. Kəlbəcər rayonundan olan məcburi köçkünlər əzizlərini itirməklə bərabər, uzun illər doğma Vətən həsrətini çəkiblər. Bu məhrumiyyətlərlə yanaşı məhz beynəlxalq ictimaiyyətin baş verənlərə səssiz qalması, reaksiya verməməsi “ikili standard”ın əyani nəticəsi idi. Kəlbəcərin Ermənistan tərəfindən işğal olunması faktını təsdiq edən və Ermənistan hərbi qulluqçularının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 4 qətnamədən biri – 822 saylı qətnamə qəbul olunmuşdur.
Lakin 27 il ərzində icra olunmadı və kağız üzərində qaldı. Məcburi qətnamələrin icra edilməməsi Ermənistanın beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətə verdiyi dəyərin təzahürü idi. Məhz, kəlbəcərlilər məruz qaldıqları “ikili standart”a görə uzun illər evlərinə qovuşa bilmədilər”.
Adil Əliyev qeyd edib ki, 2020-ci ilin 27 sentyabr tarixində başlanmış genişmiqyaslı hərbi əməliyyat Azərbaycan Ordusunun 44 gün davam edən Zəfər yürüşü ilə tamamlanıb:
“Qəhrəmanlarımız bizə tarixi qələbə bəxş etdilər. Rəşadətli Azərbaycan ordusuna rəhbərlik edən Prezident, Müzəffər Ali Baş Komandanın göstərişlərinə uyğun olaraq hərbi qulluqçularımız ilk günlərdən etibarən həm də Kəlbəcər istiqamətində hücum əməliyyatına keçdilər. Aparılan ardıcıl uğurlu əməliyyatlar nəticəsində bu istiqamətdə hündürlüklər düşmən işğalından azad olundu. Eləcə də, hərbi qulluqçularımız Basarkeçər-Kəlbəcər yolunu nəzarətdə saxlamaqla düşmənin əlaqəsini kəsib, bu yoldan istifadənin qarşısını aldılar.
Aparılan uğurlu əməliyyatlar nəticəsində tarixi Qələbəmizi qazandıq və Ermənistan məğlub olaraq, kapitulyasiya aktını imzalamağa məcbur oldu. Üçtərəfli Bəyanat imzalanarkən Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də Kəlbəcər rayonunun təhvil verilməsi idi. Nəticədə 25 noyabr tarixində düşmən Kəlbəcər rayonunu birdəfəlik tərk etdi. Kəlbəcər rayonundan çıxanlar öz barbarlıq siyasətlərini, işğalçı, dağıdıcı mahiyyətlərini bir daha dünyaya nümayiş etdirdilər. Rayondan çıxarkən evlərini, məktəblərini və digər əmlaklarını yandırmaqla bərabər, meşələri də məhv etdilər”.
Vitse-spiker Prezident İlham Əliyevin göstərişi ilə Kəlbəcərdə gedən quruluculuq işlərindən də danışıb:
“Kəlbəcər rayonunda quruculuq işləri yüksək sürətlə davam edir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda dövlət başçısının göstərişi ilə aparılan abadlıq və quruculuq işləri çərçivəsində Kəlbəcər rayonunda da genişmiqyaslı işlər görülür. Prezident və Birinci Vitse-prezident mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərlə yerindəcə tanış olur, yaşayış məntəqələrinin, xəstəxanaların və məktəblərin təməlqoyma mərasimində iştirak edirlər. Bu sahədə görülən işlər məcburi köçkünlərin yurdlarına dönməsinin təmin olunması məqsədilə aparılır. Quruculuq işlərinin aparılması ilə bərabər növbəti mərhələdə kəlbəcərlilərin öz yurdlarına dönməsi planlaşdırılır. Hazırda rayonda elektrik enerjisini istehsal edən müəssisələr, bütün infrastruktur yenidən qurulur, təsdiq olunmuş baş plana uyğun olaraq vətəndaşlarımız üçün evlər tikilir.
Prezident İlham Əliyevin rəhbərliyində başlamış “Böyük Qayıdış” prosesi çərcivəsində artıq Talış kəndinə, Füzuliyə, Laçına, Zəngilana və ayrı-ayrı kəndlərə qayıdış gerçəkləşir və bu prosess uğurla davam edir. İşğaldan azad olunmuş ərazilərə qayıdan həmvətənlilərimizin rahat yaşaması üçün evlər tikilir, müasir infrastruktur yaradılır, nəticədə uzun illər yurd həsrəti çəkmiş vətəndaşlarımız geri qayıdırlar. Məhz görülən bu işlər nəticəsində Qarabağa və Şərqi Zəngəzura nəfəs gəlir, insanların doğma yurdlarındadırlar. Onların məşğulluq və s. məsələləri dövlətimiz üçün priroritetdir, habelə qarşıdakı müddətdə kəlbəcərliləri də növbəli şəkildə öz yurdlarına qayıdacaqlar.
Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda görülən işlərlə bərabər, regionda sülhün təmin olunması istiqamətində bütün vacib addımları atır. Regionda sülhün bərqərar olunması məqsədilə bütün imkanlar səfərbər edərək, uzun müddətli sülhün arzusundayıq. Ümid edirik ki, Ermənistanda uzun illər törətdiyi qırğınlardan sonra işğalçı, qisasçı siyasətindən əl çəkəcək və sülhə öz töhfəsini verəcəkdir”.
Musavat.com