Azərbaycan öz siyasətini müxtəlif dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq əsasında formalaşdırır. Önəmli olan daxili işlərə qarışmamaq və ikili standartlardan uzaq olmaqdır. Təəssüf ki, Amerika Birləşmiş Ştatları bu prinsipi yenə pozmaqla məşğuldur. Amerikalı rəsmilər bir tərəfdən Azərbaycanla strateji əməkdaşlığın əhəmiyyətindən danışırlar, digər tərəfdən son günlər ermənipərəst konrqsemenlərlə səs-səsə verərək Azərbaycan əleyhinə açıqlamalar verirlər. Konqresdə Qarabağla bağlı dinləmələrdə səslənən absurd fikirlər buna sübutdur. Birincisi, Sizə kim ixtiyar verib ki, Azərbaycanın tərkib hissəsi ilə bağlı dinləmələr keçirirsiniz? İkincisi, bu nə dinləmələrdi ki, ancaq bir tərəfin mövqeyi dinlənilir və əsassız şəkildə dəstəklənir? Dinləmələrdə bir konqresmen və amerikalı rəsmi demədi ki, Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşaması vacibdir, məsələlərin həll yolu bundan keçir. Amerikada yaşayan kimsə və ya hansısa etnik qrup bəyan etsə ki, onlar Amerika qanunları ilə yaşamaq istəmirlər, Amerikada yaşamağa davam edə bilərlərmi? Bizim də tələbimizi eynidir: Azərbaycan ərazisində yaşayan hər kəs Azərbaycan qanunları ilə yaşamalı və Azərbaycan pasportuna malik olmalıdır. Vəssəlam! Amerika Birləşmiş Ştatlarının rəsmiləri və konqresmenləri 30 ildə Azərbaycan torpaqlarının işğalı ilə bağlı dinləmələr bir yana, bircə kəlmə demədilər, Xocalı soyqırımına, şəhər, kənd və qəsəbələrimizin, məscidlərin dağıdılmasına seyrçi qaldılar, indi də tutublar ki, “Azərbaycan Qarabağda qayda-qanun yaratmamalıdır”.
Maraqlıdır, ameirkalı konqresmenlər və rəsmilər eyni sözləri Ukrayna, Moldova və Gürcüstan üçün niyə demirlər? Halbuki, Azərbaycanın tərəfdaşı olan bu ölkələrdə də separatçı bölgələr mövcuddur və Vaşinqton bu ölkələrin ərazi bütövlüklərini birmənalı şəkildə dəstəkləyir və bu ölkələrdə separatizmi birmənalı şəkildə pisləyir. ABŞ Konqresində Donbass, Abxaziya, Cənubi Osetiya və Dnestr bölgələriylə bağlı dinləmələr keçirmək heç kimin ağlına gəlməz, ancaq bizə gəldikdə Qarabağla bağlı “dinləmələr” keçirməyi özlərinə borc bilirlər. Qarabağ separatizminin bu ölkələrdəki separatizmdən nə fərqi var?
Separatizm ümumi bəladır və bu bəlaya münasibət eyni olmalıdır. Buna baxmayaraq, Vaşinqton erməni separatizminə sevgisini gizlədə bilmir və bu ikili standartların bariz nümunəsidir. Necə olur, başda Ukrayna olmaqla ABŞ Rusiya ilə bütün məsələlərdə əks-fikirdədir, ancaq Qarabağ məsələsində sanki Rusiyanın erməni separatizmini daha çox dəstəkləməsini və bəsləməsini istəyir. Vaşinqtonda onu da unudurlar ki, onların dəstək verdiyi Ukrayna Cənubi Qafqazda Azərbaycanla tərəfdaşlığa üstünlük verir. Ukrayna və Azərbaycan bir-birlərinin ərazi bütövlüklərini dəstəkləyirlər. Azərbaycan Ukrayana humanitar yardımlar göndərir, mülki məqsədlər üçün bu ölkəyə yanacağını əsirgəmir, valideynlərini itirmiş ukraynalı uşaqlar ardıcıl olaraq Azərbaycanda dincəlir və psixoloji reablitasiyadan keçirlər. Ermənistan Ukrayna üçün bunların heç birini etmədiyi halda Vaşinqton yenə Ermənistana və Qarabağ separatçılarına simpatiyasını gizlətmir. ABŞ Konrqesi Ermənistanla yanaşı dəfələrlə Qarabağ separatçılarına da maliyyə dəstəyi ayırıb, erməni separatçılarının təmsilçiləri keçmiş illərdə Amerikada müxtəlif tədbirlərə dəvət olunublar, okeanın o tayında “Qarabağa yardım” kampaniyaları təşkil ediblər, separatçıların “bayrağı” Vaşinqtonda və Los-Anceles şəhərlərində dalğalanıb. Amerika özünü dünyada demokratiyanın beşiyi kimi qələmə verir. Ancaq yaxın tarixdə ABŞ silahlı qüvvələrinin İraqa, Suriyaya və Liviyaya müdaxilələrin demokratiya ilə yaxından uzaqdan əlaqəsi olmayıb. Bu bölgələrdə yüz minlərlə insan həlak olub, ölkələr viran qalıb, demokratiya əvəzinə anarxiya və terror tüğyan edib. ABŞ Əfqanıstanda guya Taslibanla savaşırdı, sonda ölkəni və paytaxt Kabili həmin Talibana təhvil verib tələsik bu ölkəni tərk etdi. Belə misalların sayı çoxdur. ABŞ bir çox qitədə, o cümlədən Cənubi Amerika, Afrika və Avrasiyada öz dar maraqları uğrunda mübarizə aparır. ABŞ keçmiş sovet məkanında da maraqlarını təmin etmək uğrunda mübarizə aparır, Soros kimi fırıldaqçıları qeyri-hökumət təşkilatlarına dəstək adı altında yeni inqilablara təşviq edirdi. Bu oyunlar Azərbaycanda baş tutmadı, çünki mərhum Prezidentimiz, ümumilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev kənar müdaxilələrə imkan vermədilər, ölkəmiz bölgədə sabitlik adasına çevrildi. Ancaq sakitləşmək olmaz, LGBD, “NO WAR”çılar kimi qeyri-milli qüvvələr yenidən meydana çıxarmağa çalışırlar, USAİD təşkilatı da əl atdan həmin qruplara maliyyə ayırmaqla məşğuldur.
Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Ermənistana barış əli uzatdı, ərazi bütövlüklərinin qarşılıqlı tanınması ilə sülh sazişinin imzalanmasını təklif etdi. Ermənistan sülhdən boyun qaçırır. Vaşinqton bölgədə həqiqi sülh və əməkdaşlıq istəyirsə, Ermənistana sülh sazişi ilə bağlı təsirini artırmalıdır. Ancaq Amerikadakı dairələr bunun əvəzinə Azərbaycanı hədələmək yolunu tutublar. ABŞ dövlət katibi Entoni Blinken Ağdam-Xankəndi yolu ilə Laçın yolunun paralel açılmasını əvvəlcə dəstəklədi, ancaq sonra nə baş verdisə ancaq Laçın yolunun açılması “vacibliyini” səsləndirməyə başladılar. İndi ABŞ Dövlət Departamentinin təmsilçisi Luis Bonunu bölgəyə göndəriblər. Ancaq Dövlət Departamentində onun rəhbəri Yuri Kim Konqresdə Azərbaycanı hədələyən çıxış edibsə, Luis Bono səfərindən də müsbət nəticə gözləməyə dəyməz.
Bu siyasətlə Amerikanın Fransadan fərqi qalmayacaq. Fransa İkinci Qarabağ müharibəsi dövründə və sonra ermənipərəst mövqeyi ilə vasitəçi statusunu itirib, ABŞ da eyni yolu getməkdə davam edəcəksə, Vaşinqton da vasitəçi statusunu itirmək təhlükəsiylə üzləşəcək. Bu isə Amerikanın Cənubi Qafqazdakı maraqlarının zəifləməsinə yol açacaq. Çünki Cənubi Qafqazın açar dövləti Azərbaycandır və əgər hansısa böyük ölkə Azərbaycan əleyhinə siyasət yürüdürsə, daxili işlərimizə qarışırsa, həmin dövlətin Cənubi Qafqazda möhkəmlənmək şansı yoxdur.