Ermənistanın baş naziri N.Paşinyan öz hökumətinin bugünkü iclasında sülh müqaviləsinin imzalanması üçün şərtlər irəli sürüb. Bəyan edib ki, “sülh sazişi beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin həlli üçün Laçın yolunun açılması şərti ilə baş tuta bilər”.
Əvvəla, məğlub edilmiş ölkə başçısının qalib dövlət qarşısında şərt irəli sürməsinin özü nonsesdir. Hər bir halda, bu, sağlam məntiqin “məhsulu” deyil. Müharibədən əvvəl “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən, “yeni ərazilər uğrunda yeni müharibə” doktrinasını irəli sürən Paşinyanın ordusu savaş meydanında məğlub edildikdən sonra məcbur olub etiraf etdi ki, Qarabağ Azərbaycandır! Tarixi həqiqəti etiraf etməyə məcbur edilmiş bir siyasətçinin yenidən hansısa beynəlxalq təminat mexanizmi ilə bağlı şərt irəli sürməsini və ərazi bütövlüyünü tanıdığı ölkənin daxili işlərinə qarışmaq cəhdini sağlam məntiqlə izah etmək, həqiqətən, mümkün deyil. Paşinyan çoxlarından yaxşı bilir ki, onun təxribat xarakterli siyasi açıqlamaları Azərbaycan Ordusu tərəfindən savaş meydanında necə darmadağın edildi və Ermənistanı hansı ağır sınaqlarla üz-üzə qoydu. Bir siyasətçi, xüsusilə ölkə başçısı bu acı reallığı nəzərə almırsa, deməli, ya paralel dünyada yaşayır, ya da adekvat qərarlar qəbul etmək və daha məsuliyyətli davranmaq üçün ona imkan verilmir.
Düşünmürəm ki, Ermənistan rəhbərliyi 2020-ci ilin ibrət dərsini unudub. N.Paşinyan ona görə cığallıq edir və ona görə gündə bir fikrə düşür ki, Ermənistana havadarlıq edən dairələr fərqli platformalarda erməni separatizmini dəstəkləyən bəyanatlar səsləndirir, Ermənistan hökumətini məsuliyyətsiz addımlara şirnikləndirirlər. Təəssüf ki, iqtisadi müstəqilliyi bir qonşusundan, siyasi iradəsi isə bir başqasından və ya başqalarından asılı olan Ermənistan hökuməti hələ də anlamır ki, məğlubiyyət həmişə “yetim” olur və növbəti məğlubiyyətin yükü də yalnız onun ayağına yazılacaq. Ona görə nə qədər gec deyil, Ermənistan rəhbərliyi imza atdığı bütün öhdəliklərini tam şəkildə yerinə yetirməli, o cümlədən erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməli, Qarabağ da daxil olmaqla Azərbaycanın 86,6 min kv. km ərazisini və bu ərazilər üzərində ölkəmizin suverenliyini hüquqi sənəd üzərində tanımalı, separatçı rejimi və Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrini maliyyələşdirməkdən imtina etməlidir. Ermənistan rəhbərliyi elə düşünməməlidir ki, sülh müqaviləsini imzalamaqdan yayınmağa xidmət edən ucuz və saxta oyunları mövcud reallığı dəyişə, ona xeyir gətirə bilər. Özlərini görməzliyə və ya eşitməzliyə vuran Ermənistanın havadarları isə bilməlidir ki, Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işlərinə milyardlarla vəsait xərcləyən Azərbaycan, N.Paşinyanın uydurduğu yalanların əksinə olaraq, müharibəyə yox, bölgədə dinc birgəyaşayışa hazırlaşır və həqiqətən, sülh istəyir. Lakin bu, o demək deyil ki, Azərbaycan Ermənistanın təxribatlarına göz yumacaq, yaxud erməni separatizmi ilə barışacaq. Ermənistan hökuməti bəzi siyasi mərkəzlərin yalan vədlərinə inanıb elə düşünməməlidir ki, kimlərinsə təzyiqi ilə Azərbaycan öz dövlət maraqlarına zidd olan, ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan hansısa sülh müqaviləsini imzalaya bilər. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə baş tutmuş sonuncu telefon danışığında bir daha bəyan etdi ki, yalnız “Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər və separatizmin bütün təzahürləri dövlətimiz tərəfindən qəbuledilməz hesab olunur”.
O da sirr deyil ki, Ermənistan və havadarları öz məkrli planlarında istifadə etmək üçün ölkəmizdəki ictimai əhval-ruhiyyəni mütəmadi şəkildə öyrənir, nəbz yoxlaması aparırlar. Onlar daha diqqətli olsalar bir daha görərlər ki, Azərbaycan cəmiyyətinin sosial şəbəkələrdə son günlər ən çox yada saldığı film “Axırıncı aşırım” filmi və xüsusilə bu filmdən olan bir fraqmentdir. İnsanlarımız Ermənistan hökumət başçısının əvvəlki bəyanatlarını təkzib edən açıqlamalarını hər dəfə eşitdikdən sonra ən çox işlətdikləri ifadə belə olur: “Deyəsən, bunların nazı ilə çox oynadıq”.
Ülvi Quliyev Milli Məclisin deputatı