2023-cü ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması nəzəri cəhətdən mümkündür. Amma siyasi vəziyyətin inkişaf dinamikasına, Ermənistan və Qarabağ separatçılarının davranışına baxanda nikbinlik bədbinliklə əvəzlənir.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktori İqor Korotçenko deyib.
Onun sözlərinə görə, Bakının təşəbbüsləri ermənilər tərəfindən düzgün qarşılanmır:
“Bakı Qarabağ ermənilərinin Azərbaycanın qanuni və hüquqi məkanına reinteqrasiya məsələlərini real müzakirə etmək üçün bir neçə dəfə onları görüşə dəvət edib. Amma belə təkliflərə heç bir müsbət reaksiya olmayıb. Azərbaycanın Qarabağ iqtisadi rayonu Ermənistan silahları, mina və hərbi texnikaları ilə doldurulur. Rəsmi Bakı gömrük və sərhəd-baxış nəzarəti yaratmağa, giriş-çıxışa müəyən məhdudiyyətlər qoymağa məcbur oldu. Beynalxalq hüquqa görə bu, Bakının təbii haqqıdır. Amma erməni diasporu və İrəvan hakimiyyəti baş verən hadisələrə çox neqativ reaksiya verir. Hətta hərbi provokasiyaların şahidi olduq. Bunlar hamısı sülh razılaşmasının əldə olunmasına mane olur”.
Yaxın zamanlara kimi sülhün əldə edilməsinin olduqca real göründüyünü deyən hərbi ekspert bildirib ki, separatçıların təxribatı hər şeyi sıfırladı:
“Bu yaxınlarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə prinsip etibarı ilə müəyyən razılaşmalar əldə olundu. “Kommersant” qəzetindəki yazıdan da məlum olur ki, humanitar təchizatla bağlı Ağdam-Xankəndi yolunun açılması danışılmışdı. Hətta 24 saat sonra Laçın yolu ilə trafikin reallaşdırılması, Azərbaycan hakimiyyəti ilə Qarabağ erməniləri arasında praktik danışıqlar haqqında da razılaşmalar var idi. Amma separatçılar tərəfindən edilən provokasiya əldə olunmuş razılaşmaların pozulmasına gətirib çıxardı. Nəticədə hər şey sıfırlandı”.
Korotçenko sülhün əldə olunmasına mane olmaq üçün erməni diasporunun xüsusi canfəşanlıq göstərdiyini bildirib:
“Azərbaycan əleyhinə güclü informasiya təzyiqi kampaniyası müşahidə edirik. Müxtəlif ölkələrdə bir sıra erməni lobbiləri tələblər səsləndirir. Onlar Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq, əlverişsiz təkliflər sırımaq, Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına reinteqrasiya yolunda hansısa nəzarət mexanizmi tətbiq etmək, Laçın sərhəd məntəqəsini zorla keçmək kimi provokasiyalar dilə gətirirlər. Onlar hər yerə bəyan edirlər ki, guya Qarabağ erməniləri blokadaya düşüb və az qala yeni “erməni soyqırımı” başlayıb. Bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının çağırılmasını istəyirlər. Hansı soyqırımdan söhbət gedə bilər ki? Separatçılar humanitar təchizatdan, lazım olanlardan özləri imtina edərək Ağdam-Xankəndi yolunu bağlayırlar. Ona görə, gözləyək, görək, bu vəziyyət nə ilə bitəcək. Amma aydındır ki, Ermənistan Azərbaycanı nəyəsə məcbur edə bilməyəcək. Hətta müxtəlif ölkələrdəki erməni lobbilərin təzyiqi Azərbaycanı öz milli maraqlarına zidd addım atmağa vadar etmək gücündə deyil. Bir sözlə, Qarabağ ermənilərinin Azərbaycanın hüququ məkanına könüllü inteqrasiyadan başqa yolu yoxdur. Onlar Azərbaycan vətəndaşı olaraq məsuliyyət və hüquqlar əldə etməlidir. Amma köçmək üçün yol açıqdır: Kaliforniya, Marsel, Ermənistan – hara istəsələr, gedə bilərlər”.
Ekspert bildirib ki, sülh və rifahın əldə olunmasında Ermənistanla yanaşı, xarici qüvvələr də müəyyən əngəllər yaradır:
“Avropa Birliyi, ABŞ Cənubi Qafqazda uzunmüddətli və davamlı sülhdə maraqlı deyil. Regionda sülh olarsa, Qərbin sanksiyaları altında olan Rusiya üçün çox vacib olan Şimal-Cənub dəhlizi tam gücü ilə işləyəcək. Lakin regiondakı qeyri-müəyyənlik, hərbi toqquşmalar, münaqişələr logistikanın imkanlarına, eksport-import əməliyyatlarına əhəmiyyətli dərəcədə toxunacaq. Odur ki, rəsmi Bakı vəziyyəti aydın analiz etməli, anlamalıdır ki, kim dost, kim yol yoldaşı, kim düşməndir. Milli maraqları qorumaq, Azərbaycanın ərazi bütövlüyü prinsipini praktik təmin etmək, erməni lobbisinin destruktiv hərəkətlərini mümkünsüz hala gətirmək üçün dəqiq və düşünülmüş qərarlar verilməlidir”.