MM Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli Vyetnam şairi və yazıçısı May Van Fanın Azərbaycanda ilk kitabının təqdimatı keçirilib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli Vyetnam şairi, yazıçı və tərcüməçi May Van Fanın Azərbaycanda ilk şeirlər kitabının təqdimatında geniş çıxış edib, May Van Fanı Azərbayacana səfərə dəvət edib, habelə Azərbaycan-Vyetnam ədəbi-mədəni əlaqələrini daha da genişləndirmək üçün peşəkar tərcüməçilərin yetişdirilməsi zərurətini vurğulayıb.
Onlayn təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı, əsərləri bir çox dillərə tərcümə olunmuş görkəmli Vyetnam şairi May Van Fanın bu günlərdə Azərbaycanda gün üzü görmüş “Gün doğarkən” adlı şeirlər kitabının məziyyətlərindən danışıb.
O, Vyetnamlı şairin Azərbaycanda ilk kitabı olan “Gün doğarkən”in ilk təqdimatının Milli Məclisinin Mədəniyyət Komitəsi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə baş tutduğunu bildirib. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva təqdimatdakı çıxışında Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin qurulmasında və inkişafında vaxtilə, Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana (1959) və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrdə Vyetnama (1983) səfərinin xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Həmin səfərlərin iki xalq arasında tarixi və mədəni əlaqələrin önəmli səhifəsini yaratdığını qeyd edən Q.Paşayeva Sovet dönəmində yüzlərlə vyetnamlı tələbənin Azərbaycanın ali təhsil ocaqlarında oxuduğunu, onların çoxunun hazırda Vyetnamın dövlət və hökumət strukturlarında müxtəlif vəzifələrində çalışdığını da bu dostluğun bəhrəsi kimi dəyərləndirib. Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin 23 sentyabr 1992-ci ildə qurulduğunu, 2013-cü ildən Azərbaycanın Vyetnamda səfirliyinin fəaliyyət göstərdiyini xatırladan Q.Paşayeva, bunun iki ölkə arasındakı diplomatik münasibətlərin irəliləyişinə səbəb olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin (18-19 may 2014-cü il), Vyetnamın (o vaxtkı) Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfərinin (13-15 may 2015-ci il) Azərbaycan–Vyetnam əlaqələrinin tarixində yeni səhəfələr açdığını, eləcə də mədəniyyət sahəsində əməkdaşlığa ciddi töhfələr verdiyini vurğulayıb. Hər iki ölkənin müvafiq nazirlikləri və digər qurumları arasında birbaşa əlaqələrin qurulmasını qeyd edən millət vəkili, Vyetnam Milli Assambleyasında Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupu, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, habelə Azərbaycan Elmi, Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib.
Vyetnamda bir neçə dəfə səfərdə olan Q.Paşayeva ölkənin rəsmi şəxsləri ilə yanaşı tanınmış QHT və KİV rəhbərləri, aydınlar, yazarlar, mədəniyyət işçiləri və incəsənət xadimləri ilə görüşləri zamanı qarşılıqlı əlaqələrin genişlənməsi üçün yeni ideyalar və təşəbbüslər meydana çıxdığını, həmin ideya və təşəbbüslərin bu gün gerçəkləşməsini sevindirici hal kimi dəyərləndirib. Kitabın layihə rəhbəri kimi görkəmli Vyetnam şairi May Van Fanın şeirlərinin Azərbaycan dilinə tərcüməsini, Azərbaycanda ilk dəfə kitab şəklində nəşr olunmasını xalqlarımız arasındakı dostluq tellərinin bariz örnəyi kimi vurğulayıb.
May Van Fanın yaradıcılığının Vyetnam mədəni-mənəvi iqlimini gözəl şəkildə əks etdirdiyini qeyd edən Q.Paşayeva görkəmli Vyetnam şairinin ölkəmizə münasibətində əsil ziyalı kimi dürüst mövqe tutduğunu bildirib: “May Van Fan məhz o vicdanlı şairlərdəndir ki, 44 günlük müharibə vaxtı Azərbaycanın haqlı davasına mənəvi dəstək nümayiş etdirmişdir. Qardaş Özbəkistanın nüfuzlu “Kitab dünyası” qəzetinin baş redaktoru, dəyərli bacım Xasiyyət Rüstəmin təşəbbüsü ilə (müharibənin gedişində) hazırlanmış müvafiq Bəyanata imza atmış tanınmış şairlərdən biri də May Van Fan idi”. Komitə sədri May Van Fanın “Gün doğarkən” adlı şeirlər kitabının Azərbaycan-Vyetnam mədəni əlaqələrinin ən yeni tarixində elə məhz Gün kimi doğacağına inamını ifadə edərək, Vyetnamlı şairi Azərbaycana – Qarabağa, Şuşaya dəvət edib. May Van Fanın “Gün doğarkən” kitabındakı şeirlərin tərcüməçisi, AYB Moskva bölməsinin katibi, DGTYB Məsləhət Şurasının üzvü, şair-tərcüməçi Afaq Şıxlı da, şöhrətilə öz ölkəsinin hüdudlarını aşıb keçmiş çağdaş Vyetnam şairi və nasiri May Vay Fan yaradıcılığını yüksək qiymətləndirərək, onun ictimai xadim kimi də daim obyektiv mövqeyi ilə fərqləndiyini vurğulayıb.
II Qarabağ savaşı zamanı Azərbaycanı dəstəkləmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevə müraciətlə yazılan məktubda onun da imzası olduğunu minnətdarlıqla vurğulayıb. O, May Van Fanın da imzaladığı Bəyanatdan misal gətirib: “Biz – şairlər və yazıçılar müharibələrə qarşı olsaq da, sizin fərqli durumunuz hər birimizi düşünməyə vadar edir. Siz kiminsə torpaqlarını zəbt etmirsiniz.
Siz öz ölkənizdə, öz torpaqlarınızı azad etmək üçün döyüşürsünüz. Həqiqətsevər siyasətçilərin də dediyi kimi, Sizin başqa çıxış yolunuz yoxdur. Bilirik ki, Azərbaycanın və Azərbaycan xalqının gələcəyi naminə bu addımı atmalı idiniz. Biz Sizi və Sizin xeyirxah xalqınızı ürəkdən dəstəkləyirik”! Şairin əsərlərinin dünyanın 40-a yaxın dilinə (o cümlədən: rus, ingilis, fransız, belorus, italyan, ispan və s.) tərcümə edildiyini qeyd edən Afaq Şıxlı, May Van Fanın şeirlərində Vyetnam xalqı ilə yanaşı, bütün insanlığa ünvanlanmış ismarıclar olduğunu bildirib. Millət vəkilləri – Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli, həmin işçi qrupunun üzvü İltizam Yusifov Azərbaycan-Vyetnam əlaqələrinin yeni istiqamətdə inkişaf yolunda parlamentlərarası, habelə mədəni əlaqələrin özünəməxsus yeri, rolu haqqında danışıblar. Millət vəkilləri May Van Fanın “Gün doğarkən” kitabının nəşrini qarşılıqlı mədəni, ədəbi əlaqələrdə önəmli hadisə kimi dəyərləndiriblər. Millət vəkilləri Vyetnamlı şairin alovlu bir vətənpərvər olmaqla yanaşı, dünyaya sevgi dolu şeirlərlə müraciət etdiyini, əsərlərindəki milli özünəməxsusluğun cazibəsi ilə beynəlxalq aləmdə tanınınb sevildiyini vurğulayıblar. Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu Vyetnamlı bir gənc qızın Avrasiya Mətbuat Fondunda təcrübə keçdiyi vaxt Qarabağ torpaqlarına səfər edərkən köçkünlərlə görüşdə necə təsirləndiyini xatırlayıb, yol boyu kədərli düşüncələrə qərq olaraq onların taleyini düşündüyünü bildirib.
U.Rəhimoğlu bu hadisənin Vyetnam xalqı ilə Azərbaycan xalqı arasındakı munis ünsiyyətin bir örnəyi kimi dəyərli olduğunu vurğulayıb, şairlərimizin yaradıcılığında belə munis ünsiyyətlərin öz ədəbi-bədii inkasını tapmasının vacibliyindən bəhs edib. Şair May Van Fan çıxışında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya kitabın layihə rəhbəri kimi təşəkkürünü bildirərək, Qənirə xanımın adı və xidmətləri haqqında çox eşitdiyini vurğulayıb.
Vyetnamlı şair Azərbaycanla ədəbi əlaqələrinin gerçəkləşməsində şair-yazarlar Əkbər Qoşalı, Afaq Şıxlı və Təranə Turan Rəhimli ilə yaradıcılıq ünsiyyətinin önəmli nəticələrindən də bəhs edib. Görkəmli Vyetnam şairi kitabının nəşrində və təqdimatında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Vyetnamlı ziyalılar – Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri, Elm və Texnologiya nazirinin keçmiş müavini, Vyetnam Milli Assambleyasının keçmiş üzvü Nghiem Vu Khai, şair-tərcüməçi, Rusiya Federasiyası Elmlər Akademiyasının əməkdaşı Dr. Nguyen Quoc Hunq görkəmli şair May Van Fanın “Gün doğarkən” kitabının nəşrini Azərbaycan-Vyetnam əlaqələrinə dəyərli töhfə kimi dəyərləndirib, bu ədəbi əlaqələrin gələcəkdə daha da genişlənməsi haqqında arzularını dilə gətiriblər. May Van Fanın öz ölkəsinin çox sevilən şairi kimi Azərbaycanda da tanınmasından, oxunmasından fərəh duyduqlarını vurğulayıblar.
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nghiem Vu Khai Sovet dövründə Azərbaycanda ali təhsil aldığını, o vaxtdan Azərbaycan xalqına böyük sevgilərlə bağlandığını qədirşünaslıqla söyləyib. DGTYB Məsələhət Şurasının üzvü, ədəbiyyatşünas, şair-tərcüməçi Dos.Dr. Təranə Turan Rəhimli Vyetnam şairi May Van Fanla qarşılıqlı yaradıcılıq əlaqələrinin töhfələr verdiyini vurğulayıb. Vaxtı ilə şairin 10 şeirini Azərbaycan dilinə çevirən Təranə Turan Rəhimli, bu şeirlərin Azərbaycan, Vyetnam və Belçika mətbuatında nəşr edildiyini bildirib. May Van Fan poeziyasında Vyetnam təbiətinin və əməksevər insanının dolğun panoramını görən Təranə Turan bu gözəl şeirləri Azərbaycan oxucularının maraqla oxuyacağına və Vyetnamla ədəbi əlaqələrimizin daha da inkişaf edəcəyinə inamını ifadə edib. “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, ADPU Quba filialıın əməkdaşı Səmayə xanım Hacıyeva çıxış edərək May Van Fanı “Gün doğarkən” kitabının nəşri münasibətilə ürəkdən təbrik edib, şairə yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirin sonunda təşəkkür sözü ilə çıxış edən May Van Fan təqdimatda iştirak edən ziyalılara və kitabın nəşr olunmasında əməyi keçənlərə bir daha öz minnətdarlığını bildirib. Onlayn təqdimatın aparıcısı Ə.Qoşalı təqdimatda iştirak edən Azərbaycanın Vyetnamdakı Səfirliyinin müşaviri Aygün Səmədova, Hanoydakı Azərbaycan Elmi, Mədəniyyəti və Tarixini Araşdırmalar Mərkəzinin direktoru direktoru Dr. Dao Xuan Tien, Qardaş Özbəkistanın nüfuzlu “Kitab Dünyası” qəzetinin baş redaktoru Xasiyyat Rüstəm, DGTYB başqanı İntiqam Yaşar və Mədəniyyət Nazirliyi İctimai Şurasının sədr müavini Şahin Qədirliyə təşəkkür edib.
Sonda, onlayn təqdimatın təşəbbüskarı Q.Paşayeva bağlanış sözü sözləyib, “Gün doğarkən”in gələcəkdə Vyetnamda və Azərbaycanda geniş, canlı təqdimatlarında görüşmək arzusunu bildirib. Arzu edənlər bu linkdən izləyə bilər: http://www.youtube.com/watch?v=kt3eIu7Xt3k