Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı açıqlamaları növbəti illərdə Azərbaycanda bərpaolunan enerji sektorunun geniş inkişafının anonsunu verdi. Müsahibədən bir gün sonra 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu elektrik stansiyası 100 faiz xarici sərmayə hesabına inşa olunacaq. Sərmayəni yatıran və stansiyanı inşa edən şirkət Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Martın 15-də isə Prezident İlham Əliyevin iştirakı ilə daha bir böyük bərpaolunan enerji layihəsinin – Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu. 230 meqavat gücündə olan bu stansiya layihəsinin icraçısı və sərmayədarı bir çox ölkələrdə uğurlu layihələri ilə tanınan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
O qeyd edib ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ardınca Qaradağ Günəş Elektrik Stansiyasının inşasına başlanması ondan xəbər verir ki, Azərbaycanda bütün bərpaolunan enerji növlərinin istehsalı inkişaf etdiriləcək. Çünki buna həm ölkənin iqlimi və təbii-coğrafi şəraiti imkan verir, həm də Azərbaycandakı iqtisadi mühit münbitdir və siyasi iradə də var. Artıq gələcəkdə Xəzər dənizinin bərpaolunan enerji potensialının reallaşdırılması perspektivləri gündəmə gəlməkdədir. Belə ki, Xəzər dənizində yaşıl hidrogen yanacağının istehsalı ilə bağlı fikirlər səsləndirilir, müzakirələr aparılır.
A.Əliyev vurğulayıb ki, Azərbaycanda növbəti onillik üçün sosial-iqtisadi inkişafın beş Milli Prioriteti müəyyən edilib. Həmin prioritetlərdən biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi adlanır. Bərpaolunan enerji mənbələrinin inkişafi təmiz ətraf mühit üçün zəruridir. Çünki dünyada atmosferə buraxılan, qlobal istiləşmə və iqlim dəyişikliyinə əsas səbəb kimi qiymətləndirilən karbon dioksid və ya istixana qazı tullantıları ənənəvi enerji növlərindən əmələ gəlir. Bu baxımdan bərpaolunan enerji mənbələri ətraf mühitin və ekologiyanın təmizliyinin qorunması üçün önəmlidir. Buna görə də artıq dünyada “yaşıl artım” və “yaşıl iqtisadiyyat” konsepsiyaları meydana gəlib.
“İstənilən ölkənin inkişafı və iqtisadi artımı üçün elektrik enerjisi zəruridir. Bu kontekstdə, bir tərəfdən iqtisadi artımı təmin etmək, digər tərəfdən isə ətraf mühiti qorumaq və qlobal istiləşmənin qarşısını almaq kimi bir-birinə ziddiyyət təşkil edən iki məqsədə nail olmaq problemi bəşəriyyət və elm adamları qarşısında dayanan böyük çağırışdır. Bu problemi həll etmək axtarışları “yaşıl artım” və ya “yaşıl iqtisadiyyat” kimi konsepsiyaların yaranması ilə nəticələnmişdir. Məhz bu yolla həm iqtisadi artıma və inkişafa nail olmaq, həm də ətraf mühiti qorumaq olar. Belə yanaşma isə həm də mədəniyyət məsələsidir, çünki insanların və cəmiyyətin davranış və yaşam tərzləri ilə, bəşəriyyətin gələcəyi ilə bağlıdır. Ona görə də bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi mütərəqqi dünyada bir ümumbəşər dəyər, mədəniyyət və kimlik göstəricisinə çevrilməkdədir. “Yaşıl artım”, “yaşıl iqtisadiyyat” kimi konsepsiyalara paralel surətdə “yaşıl mədəniyyət” fenomeni də formalaşmaqdadır”, – deyə Milli Məclis sədrinin müavini əlavə edib.
O deyib ki, Azərbaycan da mütərəqqi bir dövlət olaraq “yaşıl artım” ölkəsinə çevrilməyi növbəti onillikdə milli prioritet kimi müəyyənləşdirib və bu sahədə fəal işlər görür. Əminliklə demək olar ki, Azərbaycan “yaşıl artım” və bərpaolunan enerji mənbələrinin inkişafı meyarları baxımından da regionun lider dövlətidir.
Xarici sərmayədarların ölkəmizdə bərpaolunan enerji layihələrinə qoşulması Azərbaycanda investisiya mühitinin cəlbediciliyini göstərir. Eləcə də belə layihələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı yollarını şaxələndirməyə imkan yaradacaq.
Hazırda Azərbaycan Avropaya neft və qaz ixrac etməklə enerji təhlükəsizliyinə töhfə verir. Gələcəkdə isə Azərbaycanın həm də bərpaolunan təmiz enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisini Avropaya və digər ölkələrə ixrac edəcəyi gözləniləndir.