Keyfiyyətli tədris təhsil verənin bilik və bacarığını necə tətbiq etməsi ilə birbaşa bağlıdır. Bu sahədəki üstün təcrübəsi sayəsində sadə müəllimlikdən ən yüksək postlardan birinə qədər yüksələn – təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva təhsilin məzmunu, bu günü və gələcəyi ilə bağlı atılacaq addımlardan “Azərbaycan”qəzetinə məlumat verir.
“Rubin.az “xəbər verir ki,Məhəbbət Vəliyevanın sözlərinə görə bu gün şagirdlərimizin beynəlxalq elmi yarışlarda daha yaxşı nəticələr əldə etməsi təhsilimizin inkişaf etdiyini göstərir, amma bu o demək deyil ki, hər şeyə nail olunub: “Başa düşürük ki, biz inkişaf etdikcə, inkişaf etmiş ölkələrin təhsil sistemi daha irəli gedir və onlara çatmağa çalışırıq. Bu mənada yeniliklərə daha çox sürətlə yiyələnmək vasitələrindən biri, təhsil sahəsində texnologiyaların tətbiqidir. Son illər məktəblərimizdə yaradılan yeni şərait, infrastruktur, İKT avadanlıqları ilə təchizat işi xeyli yaxşılaşır, amma bununla yanaşı, bütün bu yeniliklərdən istifadə etməyi, onu gündəlik həyatda tətbiq etməyi bacaran təhsil verənlərə və onların hazırlığına ehtiyac var. Qarşıda duran prioritet vəzifələrdən biri də məhz müasir təhsil verənlərin hazırlanmasıdır”.
Fərqli düşünən valideyn və şagirdlər…
Məhəbbət Vəliyeva məlumat verir ki, beynəlxalq təcrübədə şagirdlər məktəbdənkənar vaxtda tamamilə müasir və gələcəkdə onlara lazım olacaq bacarıqlara yiyələnirlər. Azərbaycanda da qabaqcıl məktəblərdə təhsil alan şagirdlər dərslərlə yanaşı, beynəlxalq olimpiadalara, idman, yaradıcılıq müsabiqələrinə hazırlaşırlar. Və bilirlər ki, bu bacarıqlara yiyələnmək onların gələcəkdə mütəxəssis kimi formalaşmasında, həyatda öz yerlərini tapmalarında böyük rol oynayır: “Təəssüf ki, fərqli düşünən valideyn və şagirdlər də var ki, onların əsas məqsədi yalnız ali məktəbə hazırlıqdır. Təhsil Nazirliyi olaraq hazırda məktəbin imkanlarından və resurslarından düzgün istifadə etməyin yollarını düşünürük. 11-ci sinfi bitirib həyata atılan gənc, nəzəri biliklərə malik olmasa belə, həyatda ona lazım olan bacarıqlara yiyələnməlidir. Amma bu bacarıqlar yalnız 45 dəqiqə dərs müddətində şagirddə formalaşdırıla bilməz. Bunun üçün dərsdən sonra müxtəlif fəaliyyətlərin mövcud olması lazımdır. Elə bu məqsədlə də nazir Ceyhun Bayramovun əmri ilə bu il məktəblərin reytinq göstəriciləri yalnız buraxılış imtahanlarının nəticəsinə əsasən deyil, o cümlədən də şagirdlərin olimpiadalarda, bilik yarışlarında, müsabiqələrdə iştirakı əsasında gətirilən uğurların ölçülməsi nəticəsində müəyyənləşəcək. Bu il ölkə üzrə müxtəlif yaş qruplarında olan şagirdlər idmanın 4 növü üzrə müsabiqələrdə iştirak edəcəklər. Həmçinin yaradıcılıq müsabiqələrinin, sərgilər, bədii qiraət, teatr tamaşalarının göstərilməsi nəzərdə tutulur. Bunlar şagirdlərin başqa imkanlarının da üzə çıxarılmasına kömək edəcək”.
Müəllim dərsə yaradıcı yanaşmırsa…
“Əgər müəllim dərsə yaradıcı yanaşmırsa, ona vacib, canlı bir proses kimi baxmırsa, o zaman dərs çox quru, sönük keçəcək və bu, uşaqda maraq yaratmayacaq, onda heç bir əqli proseslərin formalaşmasına kömək etməyəcək” – söyləyən nazir müavini vurğulayır ki, 21-ci əsrin vacib bacarıqları arasında, şagirdlərdə başqaları ilə ünsiyyət, vaxtında və düzgün qərar vermə, yeniliklərə açıq olma, texnologiyadan istifadə, müxtəlif mənbələrdən aldığı məlumatı mənimsəyib yenidən təqdim etmə bacarığı formalaşdırılmalıdır. Şagirddə tədqiqatçılıq bacarığı olmalıdır və o, sadəcə bir kitab, nağılla kifayətlənməməlidir ki, bunun üçün müəllimdən böyük yaradıcılıq tələb olunur.
Dərs yükünün ağırlığından şikayət
Nazir müavini bildirir ki, dərs yükünün ağırlığından şikayət edən valideynlər var və onların arasında haqlı olanlar da mövcuddur. Təbii ki, dərs proqramının öhdəliklərini yerinə yetirmək lazımdır, amma proqramın tələblərini hansı müəllimin necə yerinə yetirməsi artıq fərdlərə aiddir. Çünki müəllim dərslikdəki tapşırığı anlaşılan dilə çevirməklə, dərsi yaradıcı qurmaqla, müxtəlif vasitələrdən istifadə etməklə şagirdə çatdırır və bununla da həm keyfiyyətə nail olur, həm də dərslikdən başqa alternativ öyrənmə üsullarını şagirdə təqdim edir. Nəticədə proses ona ağır və yüklü görünmür. İkinci qrup müəllimlər var ki, dərslikdə verilən materialla kifayətlənir və alternativ vasitələr axtarmır. Nə şagird yüklənir, nə də müəllim əlavə əziyyət çəkir, amma şagirdin hansı səviyyədə faydalanmasına gəldikdə, aydın məsələdir ki, bu, birinci ilə müqayisədə çox da yaxşı nümunə deyil. Üçüncü kateqoriya müəllimlər isə nəinki dərsliklə kifayətlənir, eyni zamanda, dərslikdən əlavə lazımsız resurslardan istifadə edir. Bəzən müəllim heç bir mənbədə məlum olmayan, müəllifi tanınmayan, etibarsız mənbələri sinifə gətirməklə şagirdlərin fəaliyyətini “genişləndirir”, başqa tərəfdən də çoxsaylı ev tapşırıqları verməklə onları yükləyir. Bu da müəyyən uşaqlar üçün həm maraqsız, həm də yorucu görünür. Bəzən müşahidə edirik ki, sosial şəbəkələrdə hansısa mətndən bir parça qoyublar və böyük tənqid atəşinə tutulur ki, Təhsil Nazirliyi hara baxır? Günah həmin vəsaiti dərsdə tətbiq edən müəllimdədir”.