“Azərbaycan bütün dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlərini hər zaman qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə, açıq dialoq mühitinə uyğun qurur”.
“Rubin.az” xəbər verir ki,bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O qeyd edib ki, eyni zamanda, dövlətimiz bütün tərəfdaşlıq etdiyi təşkilatlarla səmimi və açıq münasibətlər qurur, ədalətli və konstruktiv yanaşma sərgiləyir:
“Təbii olaraq respublikamız qarşı tərəfdən də bunu gözləyir. Beynəlxalq hüquqa və siyasi etikaya uyğun olmayan hərəkətləri, ikili standartları heç cür qəbul etmir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Qarabağ regionuna səfəri zamanı səsləndirdiyi açıq mesajlar respublikamızın qətiyyətli siyasi mövqeyinin ifadəsi kimi qiymətləndirilə bilər. Azərbaycan bu gün dünyada özünün geosiyasi və geoiqtisadi mövqeyi olan, nüfuzlu və strateji tərəfdaş ölkə kimi qəbul olunur. Azərbaycanla əməkdaşlıq edən ölkə və təşkilatların sayı gündən-günə artır. Bu gün qlobal və regional səviyyədə güclü dövlət hesab edilən Azərbaycanla beynəlxalq arenada hesablaşırlar. Beynəlxalq sülh və təhlükəsizliyə, geniş humanitar əməkdaşlığa töhfə verən və hər il təşəbbüskarlığını artıran ölkəmizin fəaliyyəti yüksək qiymətləndirilir. Bir çox ölkələr və beynəlxalq təşkilatlar ötən ay Dağlıq Qarabağda keçirilən qondarma “prezident seçkiləri”nə mövqeyini bildirərək bu şounu qınadı. Avropa Şurası isə mövqe sərgiləmədi. Beləliklə, həmin təşkilatın obyektivliyinə və ədalətliliyinə kölgə salmaqla növbəti dəfə ikili standartlardan çıxış etdiyini təsdiqlədi”.
Deputat Azərbaycanda aparılan hüquqi, demokratik islahatlara diqqət çəkərək vurğulayıb ki, bəzi təşkilatlar demokratiya və insan haqları amilindən sui-istifadə edərək regionda güclənən, heç kimdən asılı olmayan və özünün beynəlxalq mövqeyi olan ölkələrə qarşı açıq şəkildə qərəzli münasibət nümayiş etdirirlər:
“Bu gün separatizm və terrorizmin dövlət siyasətinə çevrildiyi işğalçı Ermənistanda insan haqları kobud şəkildə pozulur, irqi, dini ayrı-seçkilik bu dövlətin əsl mahiyyətini üzə çıxarır. Bu gün regionda Ermənistan tolerantlıqdan uzaq, yeganə mono-etnik dövlətdir. Belə olan vəziyyətdə hansı ədalətdən, düzgünlükdən danışmaq olar?! Çünki Avropa Şurası Parlament Assambleyasındakı bəzi deputatlar erməni lobbisi ilə sıx işbirliyi aparmaqdadırlar. Belə hallar AŞPA-nın riyakar mahiyyətini büruzə verir. Ölkəmizdə milli maraqlara əsaslanan, xalqın iradəsinin üstün olduğu dövlət qurulub. Azərbaycanda güclü xalq-iqtidar birliyi mövcuddur. Eyni zamanda, iqtidar müxalifət dialoqu uğurlu nəticələr verməkdədir. Belə ki, hazırda Milli Məclisdə müxalifəti təmsil edən millət vəkilləri ayrı-ayrı vəzifələrə seçiliblər. Parlamentin rəhbərliyində, həmçinin, komitələrdə müxtəlif aparıcı vəzifələrdə fəaliyyətlərini davam etdirirlər. Onlar azad şəkildə fikirlərini səsləndirərək, ölkəmizin siyasi həyatında aparılan siyasi islahatlara öz töhfələrini verirlər. Kim nə düşünürsə, düşünsün, parlamentdəki bu birlik sayəsində biz respublikamızın inkişafı naminə daha böyük uğurlara imza atmaqda qətiyyətliyik”.