Eşqi Bağırov:Müəllimlərin işə qəbulu müsabiqəsində həyata keçiriləcək yeganə dəyişiklik deyil

Müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik olunub

Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində dəyişiklik var. Builki müsabiqədə nəzərdə tutulan həmin dəyişikliyə görə, namizədlərə verilən test tapşırıqları, sadəcə ixtisas, təlim strategiyaları və metodika ilə bağlı olacaq. Beləliklə, növbəti tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində imtahan verəcək namizədlərə ixtisasa aid 40, təlim strategiyaları və metodikaya aid 20 test tapşırığı veriləcək. Sözügedən dəyişiklik müəllimlərin sertifikasiyası ilə əlaqələndirilir.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində nəzərdə tutulan dəyişikliyi belə izah edib: ““Təhsil haqqında” Qanuna əsasən müəllimlər beş ildən bir sertifikatlaşdırmadan keçəcəklər. İşə qəbul edilən müəllimlər işə başladığı ilk 5 il ərzində sertifikatlaşdırmaya cəlb edilməyəcəklər. Sertifikatlaşdırma imtahanlarında məntiqə aid test tapşırıqları olmadığı üçün müəllimlərin işə qəbulu qaydalarında da dəyişiklik edilib”.

Eşqi Bağırovun sözlərinə görə, təhsilverənlərin sertifikatlaşdırılması hazırda onların bilik və bacarığını, eyni zamanda peşə yararlılığını ölçən qiymətləndirmə mexanizmidir: “Sertifikatlaşdırma prosesində müəllimlərə məntiqə aid sualların qoyulması nəzərdə tutulmayıb. Müsabiqə proqramında yalnız müəllimin ixtisasına və peşəsinə uyğun suallar təqdim edilir. Sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərə əsasən mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsində ilk dəfə işə qəbul edilən müəllimlər işə başladığı ilk beş il ərzində serifikatlaşdırmadan keçməyəcəklər. Yəni, müəllimlərin işə qəbulu imtahanlarından keçənlər sertifikatlaşdırma prosesindən də keçmiş sayılırlar. Bu da proseslərin məzmununu eyniləşdirmək zərurəti yaradıb”.

Şöbə müdiri onu da əlavə edib ki, bu, müəllimlərin işə qəbulu müsabiqəsində həyata keçiriləcək yeganə dəyişiklik deyil: “Növbəti həftə ərzində digər dəyişikliklər barədə də ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu 4 mərhələdə aparılır. Elektron ərizələrin qəbulundan sonra göstəricilərin qiymətləndirilməsi, daha sonra test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə həyata keçirilir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 20 təlim strategiyaları və metodikaya aid sual təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçir. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanan namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır.(muallim.edu.az)