Təhsil naziri Yeni Azərbaycan Partiyasının İcra Katibliyində mətbuat konfransı keçirib

Oktyabrın 17-də Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində mətbuat konfransı keçirib.

“Rubin.az” xəbər verir ki,mətbuat konfransında çıxış edən Ceyhun Bayramov bildirib ki, Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Nazir qeyd edib ki, ölkəmizdə təhsil siyasəti sistemli və ardıcıl şəkildə həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyev təhsil sahəsini daim diqqətdə saxlayır, bu məqsədlə ardıcıl olaraq dövlət proqramları qəbul edilir, sərəncam və fərmanlar imzalanır.

Təhsil naziri dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına da xüsusi diqqət yetirildiyini deyib. Nazir xatırladıb ki, 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Nazir təhsil müəssisələrindən 43-nün yeni dərs ilində təhvil verildiyini, digər 41 məktəbdə isə işlərin ilin sonuna qədər yekunlaşacağını vurğulayıb. Ceyhun Bayramov əlavə edib ki, qeyd olunan istiqamət üzrə görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri qeyd olunmalıdır. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir.

Nazir vurğulayıb ki, Dövlət Proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox şagirdin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.

Son 5 ildə məktəblərin müəllim heyətinin keyfiyyət baxımından artdığını, 20 mindən çox gənc müəllimin işə qəbul olunduğunu diqqətə çatdıran Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində mühüm işlərin görüldüyünü söyləyib.

Təhsil naziri ölkəmizdə ilk dəfə olaraq yaradılan peşə təmayüllü siniflərdən, ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiqindən, həmçinin peşə təhsilinin inkişafından və ali təhsilin əlçatanlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Mətbuat konfransında media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.