Tanınmış Yazıçının Teatr Səhnəsində Ilk Əsəri

Qənbər Şəmşiroğlu. Bu ad və soy ad Azərbaycan oxucularına çox yaxşı tanışdır. Belə ki, şeirlərindən, qəzəllərindən, poemalarından, nəsr əsərlərindən və publisist yazılarından ibarət 30-dan artıq kitabları çap olunan, el ağsaqqalı, ictimai xadim Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəbəcər rayonunun Ağdaban kəndində, məşhur el aşığı, ozan səntinin klassiklərindən biri, Əməkdar incəsənət xadimi Dədə Şəmşirin ailəsidə, ocağında dünyaya göz açıb. Elə ilk gündən də laylası sözlə, sazla yoğrulub. Çünki babası da, Ağdabanda anadan olan məşhur şair, şeirləri, qəzəlləri, qoşmaları Dədə Ələsgər başda olmaqla bütün məşhur aşıqların böyük həvəslə oxuduğu Ağdabalı şair Qurban olub.

 

Orta təhsilini Kəlbəcərdə alan, iki illik Ağdam Müəllimlər İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu ( indiki Pedaqoji Universitet) və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirən Qənbər Şəmşiroğlu, 30 ildən çox Kəlbəcər və Gədəbəy rayolarında bir sıra mühüm dövlət vəzifələrində böyük uğurla işlyib. Özünün böyük təşkilatçılığı, müdrik düşüncəsi, xeyirxahlığı, səbri, hamıya əl tutması sayəsində, elə həmin vaxtlardan da el ağsaqqalı kimi qəbul olunub.

Kəlbəcərin o vaxtkı səriştəsiz, savadsız, korazeyin rəhbərlərinin böyük günahı ucbatından erməni gavurlərı tərəfindən işğal olunması, doğma Ağdaban kəndinin Xocalıdan da dəhşətli formada, faşiscəsinə məhv edilməsi, yandırılması, külə döndərilməsi, Dədə Şəmşirin məzarı başda olmaqla, bütün qəbrlərlə vandal kimi rəftar olunması, çoxlu ağdabanlıların şəhid olması Qənbər Şəmşiroğluna çox pis təsir edib. O, bu qanlı hadisələri uzun illər unuda biməyib. Ürəyində olan bütün dərdləri, ağrıları, nisgilləri özünün bədii və publisist əsərlərinə köçürüb. Lap cavanlıq illərindən yazdığı gündəliklərində həmin dəhşətli hadisələri də yazıb və bu gün xalqımza ərmağan eləyib. O, ömrünün bu ixtiyar çağında Yevlax rayonunda yaşayır və hər an Kəlbəcərə qayıdacağı günü səbrsizliklə gözləyir. Qənbər Şəmşiroğlu “Aşığ Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Məclisi İdarə Heyyətinin üzvü, Azərbacan Yazıçılar Birliyinin üzvüdür. O, uşaq yaşlarından atası Dədə Şəmşirdən sazın, sözün sirrini mükəmməl öyrənib və elə özü də lap gənc yaşlarından gözəl şeirlər, qəzəllər, qoşmalar, publisist yazılar, hekayələr, povestlər, romanar yazır.

 

 

“Canının etirafı” onun roman janrında qələmə aldığı ilk ən böyük uğurudur. Bu roman böyük oxucu kütləsinin dərin marağına səbəb olub. Onu da vurğulamaq istəyirik ki, Qənbər Şəmşiroğlu müstəqil həyata qədəm qoyan gündən onun taleyində və həyatında XX əsr Azərbaycan ədəbiyyatında böyük izlər buraxmış bu insanlar- Süleyman Rəhimov, Osman Sarıvəli, Əli Vəlyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məməd Araz, Hüseyn Arif, Qabil, Nəriman Həsənzadə, Məmməd Aslan, Dəmir Gədəbəyli, Hüseyn Kürdoğlu, İlyas Tapdıq, Yusif və Vaqif Səmədoğlu qardaşları, Zəlimxan Yaqub, Səyavuş Sərxanlı və başqa ədəbiyyat korifeylərilə yaxın dostluq əlaqələrində olub. Bəhmən Vətənoğlu ilə bir sinifdə oxuyub və uzun illər dosluq ediblər. Belə insanlarla onun hər görüşü ədəbi fikrinin, təxəyyülünün, düşüncəsinin formalaşmasında, dünyagörüşünün bütövləşməsində, bir yazıçı, şair, ictimai xadim və bir publisist kimi yetişməsində böyük rol oynayıb. Qənbər Şəmşiroğlunu sənət dünyamızın solmaz inciləri və yuxarıda adlarını, soy admalını çəkdiyimiz qüdrətli sənətkarlarla bağlayan qırılmaz, ülvi dostluq telləri möhkəmləndikcə, bu böyük şəxsiyyətin, maraqlı yazıçının, şairin, publisistin yaradıcılığında böyük dönüş yaradıb və həm nəsr, həm poeziya sahəsinə gözəl töhfələr verməklə, ədəbiyyat tariximizdə əbədi qalan gözəl nümunələr yaratmışdır. Bütün bu yaradıcılığı ilə birlikdə Qənbər Şəmşiroğlunun gündəliyindən ibarət yazıb ərsəyə gətirdiyi və çap etdirdiyi iki cildlik kitabı da Azəbaycan ictimai mühitinin, ədəbiyyatının XX əsr və XXI əsrin əvvəllərilə bağlı böyük tədqiqat işidir. Həm də çox oxunaqlıdır. Çünki Qənbər Şəmşiroğlu bu gündəlikdə hər bir faktı, hadisəni, Kəlbəcərin və qonşu rayonların necə işğal olunmasını və bu qanlı hadisələrdə kimlərin günahkar olmasını tutarlı faktlarla, maraqlı ədəbi dillə oxuculara layiqincə çatdırır. İnanıram ki, bu iki cildlik kitab, gələcəkdə çoxlu tədqiqatçılar üçün maraqlı və lazımlı faktlar olacaq.

 

 

Qənbər Şəmşiroğlunun “Caninin etirafı” romanı kimi, “Bir gözəlin taleyi”, “Bütövləşmək istədim”, “Adam kimi ölməyib”, “Qızlardan muğayat olun” povestləri də maraqlı dialoqlarla, yüksək dramatik epizodlarla yazıldığına görə və buradakı iştirakçların çoxu obrazlar səviyyəsinə yüksəldiyinə görə onların hamısını səhnələşdirib teatrda tamaşaya qoymaq olar. Bu əsərlər əsasında maraqlı ssenarilər yazıb, kinofilmlər və seriallar çəkmək mümkündür. Bu tamaşaların və kinofilmlərin hər biri də tamaşaçılar tərəfindən çox maraqla qarşılanar.

Əməkdar incəsənət xadimi, tanınmış yazıçı-rejissor Ağalar İdrisoğlunun Mingəçevir Dövlət Dram Teatrına təqdim etdiyi və artıq sentyabr ayının 2-dən teatrda böyük həvəslə məşqlərinə başladığı, maraqlı yazıçı, şair, publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin eirafı” iki hissəli faciə-məhəbbət odası əsərinin məşqələrinə başlanılıb. Tamaşada iştirak edən aktyorlar və aktrisalar çox böyük həvəslə bu əsərdə məşq edirlər.

 

 

Az bir vaxtda oxucular arasında böyük maraqla qarşılanan “Caninin etirafı” romanını müəlliflə birlikdə səhnə üçün şair-publisit, jurnalist Nəriman Ocaqlı və yazıçı-rejissor Ağalar İdrisoğlu səhnələşdiriblər. Bu pyes 1988-1993-cü illərdə respublikamızda baş verən xaosa, vətəndaş qırğınına hazırlıq, torpaqlarımızın erməni gavurları tərəfindən necə işğal olumnasına, hakimiyyət üstündə gedən vuruşa, savadsız, səriştəsiz, özündən müştəbeh adamların hakimiyyətə gəlməsinə, rüşvətin tuğyan elədiyi vaxtlara və buna görə bəzi rəhbər vəzifəli adamların hətta cinayətə belə əl atmasına həsr edilib. Çox kəskin, dramatik süjetli bu pyesdə, qımızı xətlə nakam məhəbbət mötivləri də maraqlı boyalarla dolğun formada göstərilir. Qızlarımızın səbirsiz olması, öz məhəbbəti, istəyi yolunda vuruşmaması və kənar fitfalara uyub, özlərini məhv etməsi də müəllif tərəfindən çox ustalıqla yazılıb.

Pyesdə hadisələr Çıraqlı rayonunda yeni, Avropa standartlarına uyğun 4 mərtəbəli xəstəxananın tikilişinin sona yetdiyi hadisə ilə başlayır. Çünki bu rayonda ilk dəfədir ki, belə böyük sosial obyek tikilir. Həm də işsizliyin tuğyan elədiyi bu rayonda 280 nəfər üçün xəstəxanada iş yerinin açılması da böyük hadisədir. Rayon rəhbərliyi və bu rayonun kuratoru olan yüksək rütbəli adamların da məqsədi həmin 280 nəfərin hər birindən pul alıb, işə götürməkdir. Bunu da xəstəxananın baş həkimi Nadirin vasitəsilə reallaşdırmaq istəyirlər. Amma bu xəstəxana dövlətin büdcəsi hesabına tikildiyinə görə Səhiyyə Nazirliyindən də Nadir həkimə qəti tapşırılıb ki, bütün işçilər təmənnasız işə qəbul olunmalı və burada əsasən də yalnız öz işinin mütəxəssisi olan həkimlər və tibb bacıları işləməlidir. Çünki bu xəstəxana təkcə Çıraqlı camaatına yox, qonşuluqda olan bütün rayonlara da tibbi xidmət göstərməklə, bir növ Regional Diaqnostika Mərkəzi olacaq. Nadir həkim də Səhiyyə Nazirlyinin qorxusundan adamları işə götürəndə pul ala bilmədiyinə görə ona yuxarı dairələrdən və rayon rəhbərliyi tərəfindən hücumlar çox olur. Bu hücumların qarısını həmin binanın memarı və binanı tikən inşaat dəstəsinin rəhbəri Aqil Əlizadə, Bakıdakı yaxın qohumlarının vasitəsilə dəf etməyə çalışır. Bunu görən Qəmişli, Tarixzadə, İba və başqa çirkin əməlli adamlar cinayətə əl atıb, Nadiri öldürtdürürlər və bu cinayəti də Aqil Əlizadənin boynuna qoyub, onu 14 il azadlıqdan məhrum etdirirlər.

 

 

Bu vaxt xalqın istəyi və böyük təkidi ilə dahi rəhbər Heydər Əliyev ikinci dəfə hakimyyətə gəlir və belə çikin əməllərlə rayolara rəhbərlik edənləri vəzifələrindən uzaqlaşdırır. Çıraqlı rayonuna rəhbərlik edənlər və bu raynun güc strukturları haqqında da cinayət işi qaldırılır. Bu vaxt Nadiri qətlə yetirənlərdən biri və arvadını, onun oynaşını öldürərək ömürlük həbs olunan Əngəl Əvəzin vicdanı dilə gəlir. O, başa düşür ki, heç bir cinayəti olayan Aqilin həbs olunmasının əsl günahkarlarından biri o, özüdür. Məhz buna görə də məktub yazıb Respublikanın Baş prokuroruna və Respublika Cinayət Axtarışları İdarəsinə göndərir. Bu işdə əsl günahkarların kim olduğunu etiraf eləyir. Bundan sonra həmin dəhşətli hadisə bir də yoxlanılır. Məlum olur ki, Aqilin heç bir günahı yoxdur. Nadiri Əngəl Əvəz, İbo və onun yaxın qohumu Qasım Məmmədov qətlə yetiriblər. Beləliklə, Aqil iki il səkkiz aydan sonra azad olunur və əsl cinayətkarlar cəzalanırlar. Aqil həbs olunan vaxtı onu sevən Gülcan kənar qüvvələrin felinə uyaraq, Aqilin həbsxanadan çıxmasını gözləmədən anasının uzaq qohumu Şərbət adlı, dilli-dilavər, yaxşı gitara çalıb, mahnılar oxuyan, amma əyyaş bir oğlanla nişalanıb. Gülcan elə ilk günlərdən səhv etdiyini başa düşür. Aqil həbsdən azad olunandan sonra isə daha çox peşiman olur. Beləliklə, Gülcan, Şərbətin qısqanclığına, təhqirlərinə və onu döyməsinə dözməyib özünə qəsd edib, özünü öldürür…

Tamaşa faciəli notlarla bitsə də, yüksək dramatik epizodlar, maraqlı, xarakterik obrazlar tamaşanı daha baxımlı edir. Pyes yüksək tərbiyəvi əhəmiyyətə malik olmaqla, cəmiyyətimizdə baş verən neqativ halları, 1988-1993-cü illərin xaosunu göstərməklə inanırıq ki, böyük tamaşaçı marağına səbəb olacaq. Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev, plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistenti Məlahət Ağayevadır. Tamaşada- Xalq artistləri Ella Yaqubova, Valeh Kərimov, Əməkdar artistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Yaqubov, Aydın Quliyev, Qabil İbrahimli, Nəsibxan Əliyev, Elmira İbrahimova, Ruhəngiz Abdullayeva, Afət Əliyeva, Asim Məmmədov, Firuz Hacıyev, Məlahət Ağayeva, Könül Hacıyeva, Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Vüsalə Qulyeva, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Eyvaz Əlyev, Ceyhun Əhmədov, Elvin Əkbərli, Amil Fərzəlyev və başqaları oynadıqları obrazları tezliklə tamaşaçılara təqdim edəcəklər. Tamaşanın rejissor və aktyorlar tərəfindən çox ciddi və maraqlı məşqələri gedir. Teatr kollektivinin böyük coşqu ilə belə maraqlı işə qatıldığı, aktyorların, aktrisaların böyük həvəslə məşq etdikləri, “Caninin etirafı” tamaşasının ictimaiyyətə təhvili oktyabr ayının ikinci yarısına nəzərdə tutulub. Biz, inanırıq ki, bu tamaşa teatrın ən məşhur tamaşaları sırasında özünə layiqli yer tutmaqla Azəbayan səhnəsinin ən baxımlı tamaşalarından biri olacaq. Çünki rejissor tərəfində verilən maraqlı mizanlar, səhnənin yaxşı tərtibatı, bəstəkar tərəfindən yazılan musiqilər və aktyorların oynadığı rolları obrazlar səviyyəsinə qaldırması, maraqlı xarakterlər tapması yuxarıdakı fikiri deməyə bizə əsas verir.

Vüsal MƏMMƏDOV,

Jurnalist