162 saylı məktəbin direktoru, direktor müavini və psixoloqu tutduqları vəzifədən azad olundular

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdə aprelin 4-də baş vermiş məlum hadisə ilə bağlı aparılmış xidməti araşdırmanın nəticələrinin açıqlanmasına dair mətbuat konfransı keçirib.

”Rubin.az” xəbər verir ki, nazir çıxışı zamanı araşdırmaların aparıldığını və məsələylə bağlı 4 şəxsin işdən azad olunduğunu bildirib:

“8-ci sinif şagirdinin ölümü ilə nəticələnən faciəvi hadisə baş verib. Nazirlik tərəfindən aparılan xidməti araşdırma və bu barədə məlumatları verməmişdən öncə mən bir məsələni qeyd etmək istəyirəm. Hadisədən sonra nazirlik nümayəndələri Elina Hacıyevanın valideynləri ilə görüşərək onlara baş sağlığı verib və onlarla şərik olduğumuzu bildirib. Hadisədən dərhal sonra xüsusi komitə yaradılıb. İllin araşdırma zamanı məktəbin direktoru araşdırma müddətində vəzifəsindən kənarlaşdırılıb. 11 aprel tarixində xidməti araşdırma yekunlaşıb və komissiyanın materiallarına əsasən əmr imzalandı.

Aparılmış xidməti araşdırma nəticəsinə əsasən məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı), sinif rəhbəri (Mehdiyeva Çimnaz Hacıağa qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarını tam yerinə yetirmədiyi məlum olub.

Bu, onu özündə biruzə verib ki, Elina Hacıyeva və onun valideynləri ilə düzgün ünsiyyət qurulmayıb, müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, belə olan təqdirdə ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb. Təbii ki, araşdırma materiallarında bu məsələlər daha geniş əks olunub”.

C.Bayramov onu da vurğulayıb ki, hadisə baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib.

“Xidməti araşdırmanın məlumatlarını nəzərə alaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil adlığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb.

Məsələnin daha dərindən araşdırılması üçün həm Bakı Şəhər Təhsil İdarəsinə, həm də regionlardakı bütün təhsil idarələrinə və şöbələrinə tapşırıqlar verilib. Mövcud vəziyyətin təhlili və qısa müddət ərzində hesabatların verilməsi ilə bağlı tapşırıqlar verilib”.