
Bakı. Trend:
Bolqarıstan hökumətinin Rusiyanın “Lukoyl” şirkətinə məxsus
aktivləri satın ala biləcəyi ehtimal olunur.
Trend xəbər verir ki, bu
barədə “24 saat” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, hakim koalisiyanın deputatları
Bolqarıstan İnkişaf Bankı (BDB) vasitəsilə dövlət zəmanətlərinin
həcminin 3,8 milyard avrodan 5,8 milyard avroya qədər artırılması
barədə parlamentə təklif təqdim ediblər. Bu təklif yaxın günlərdə
müzakirəyə çıxarılacaq.
Qəzet qeyd edib ki, sözügedən zəmanətlər neft və neft emalı
sahəsində iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi haqqında
qanuna uyğun olaraq səhmlərin və ya payların alınması zərurəti
yaranarsa tətbiq edilə bilər. Məsələ Bolqarıstanda “Lukoyl”
şirkətinin aktivlərinin mümkün alınması ilə bağlıdır.
Məlumata əsasən, təklif qəbul olunarsa, dövlət büdcəsi
zəmanətləri təmin edəcək və Bolqarıstan İnkişaf Bankı şirkətin ölkə
daxilindəki aktivlərinin və ya kapital paylarının satın alınmasını
maliyyələşdirəcək.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”,
“Lukoyl” və onların törəmə şirkətlərini yeni anti-Rusiya
sanksiyaları siyahısına daxil edib. Bu sanksiyalar noyabrın 21-dən
tam qüvvəyə minir.
