Kəlbəcərin azad edilməsindən sonra qarşıya qoyulan əsas məqsəd “Böyük Qayıdış” proqramının reallaşdırılmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi bu strategiyanın hüquqi və memarlıq əsasını təşkil edir.
Baş Plana uyğun olaraq, şəhərin ərazisi və əhalisinin sayı işğala qədərki son Baş Plandakı rəqəmlərdən (130 ha ərazi, 7500 nəfər əhali) iki dəfədən çox artacaqdır. Yeni konsepsiyaya görə, şəhərin ərazisi 290 hektara yaxın, əhalisi isə 17000 nəfər olacaq. Bu plan Kəlbəcəri XXI əsrin ən müasir və ekoloji təmiz şəhərlərindən birinə çevirməyi hədəfləyir. Şəhərin tikinti üslubu yerli memarlıq ənənələrini və müasir tələbləri birləşdirir. Şəhərin mərkəzi hissəsi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan, ətraf isə fərdi yaşayış evlərindən ibarət olacaq. Ümumi yaşayış fondu 488 min m² təşkil edəcək.
2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub (adambaşına 25 m²). Şəhərdə 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana, 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar və idman meydançaları kimi vacib sosial obyektlərin tikintisi planlaşdırılır. Kəlbəcərin xüsusi diqqət yetirilən cəhəti onun ekoloji imicidir. Baş Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq ki, bu da adambaşına düşən yaşıllıq normasının 33 m² təşkil etməsi deməkdir.
Baş Plana uyğun olaraq, müasir standartlar tətbiq edilməklə yol infrastrukturu qurulacaq. Əhali 27 km-dən artıq avtomobil, 22 km velosiped yollarından rahat istifadə edə biləcək. Bu, Kəlbəcərin turizm potensialının inkişafı üçün də mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və digər təşkilatlar azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcərdə mədəni irsin bərpası, təhsil və səhiyyə infrastrukturunun qurulması sahəsində əhəmiyyətli işlər görür. Bu fəaliyyət Böyük Qayıdışın sosial-mədəni tərəfinin təminatına güclü dəstəkdir.
Kəlbəcər Baş Planı, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın işğaldan azad edilmiş əraziləri tez bir zamanda dirçəltmək və onları ölkənin ən inkişaf etmiş bölgələrinə çevirmək əzminin göstəricisidir.
Leyla Əliyeva
Suraxanı rayonu, 317 №li tam orta məktəbin direktoru
