Xaçmaz Regional Mədəniyyət İdarəsinin ilin ilk Şura iclası keçirilib

 

Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsinin 2019-cu ilə daha çevik, enerjili və məsuliyyətli başlamaq məqsədilə geniş tərkibdə Şura iclası keçirilib.

Rubin.Az bildirir ki, iclasda Şura üzvləri, regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak ediblər. Əvvəlcə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş Elxan Məhərrəmov iclas iştirakçılarına təqdim edilib.
İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev 2019-cu ilin regionun mədəni mühiti üçün önəmli bir il olacağını bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı verdiyi sərəncam və fərmanlar, bu sahədə aparılan dövlət siyasəti, Mədəniyyət Nazirliyinin əmr və göstərişlərinə uyğun olaraq mədəniyyət müəssisələri öz işini daha yüksək səviyyədə, daha məsuliyyətli, ciddi əmək intizamına riayət etməklə, müasir, beynəlxalq standartlara uyğun qurmalıdır.
İclasda Xaçmaz Regional Mədəniyyət İdarəsinin 2019-cu il üçün Şura tərkibi razılaşdırılıb. Daha sonra İdarənin Qusar rayonu üzrə nümayəndəsi D.İbramxəlilovun, Şabran rayonu üzrə nümayəndəsi Ə.Səmədovun, Siyəzən rayonu üzrə nümayəndəsi Z.Qədirlinin rayonlar üzrə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının Heydər Əliyev mərkəzlərində, Xaçmaz və Quba Tarix Diyarşünaslıq muzeylərində, eləcə də Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində, B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində 2019-cu ildə görüləcək işlər barədə məlumat verilib.